backend

229 saylı məktəbin direktoru Fəridə Bağırovanın "pulyıgma sezonu"

229 saylı məktəbin direktoru Fəridə Bağırovanın "pulyıgma sezonu"

Paytaxtın Nizami rayonu, İmadəddin Nəsimi küçəsi 34 ünvanında yerləşən, 1952-1953-cü illərdən fəaliyyətə başlayan Milli qəhrəman Yuri Kovalyov adına 229 saylı orta məktəbdə son zamanlar bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, Fəridə İzzət qızı Bağırovanın direktoru olduğu təhsil müəssisəsində problemlərin baş qaldırdığını iddia edən məlumatlı şəxsin paylaşdığı informasiyada deyilir ki, adıçəkilən orta məktəbdə tətbiq olunan idarəçilik üsulu, o cümlədən yol verilən nöqsanlar nəticədə təlim-tərbiyə prosesində qüsurların formalaşmasına səbəb olur.

229 saylı orta məktəbdə hələ də «fond pulu», «təmir pulu», «məktəbin təsərrüfatına könüllü yardım» və digər adlar altında şagirdlərin, onların valideynlərinin əlavə xərcə düşdüklərini vurğulayan mənbənin sözlərinə görə, Fəridə Bağırova mütəmadi olaraq belə kampaniyalar təşkil edir: «Deyilənlərə görə, direktor təkcə şagirdlərdən deyil, elə müəllimlərdən də pul yığmağın optimal yollarını tapıb. Məsələn, dərs saatlarının bölgüsü və təyinatı, habelə qrup və dərnək rəhbərlərinin təyin olunması kimi işlər hamısı qazanc mənbələri hesab olunur. Üstəlik, əlavə dərs saatlarının təyin olunması da bir ayrı gəlir sahəsidir. Məsələn, yuxarı siniflərə rəhbərlik müqabilində müəllim 500 manat ödəməlidir. Əlavə dərs saatlarının təyinatı və digər bu kimi bəhanələrlə il ərzində hər bir müəllimin ödədiyi məbləğ isə bir neçə min manata çatır. Bildirilir ki, 229 saylı orta məktəbdə Fəridə Bağırovanın yol verdiyi nöqsanlar və problemli idarəçilik üsullarına göz yumulmasının əsas səbəbi direktorun təhsil nazirinin müavini Ceyhun Bayramov tərəfindən ciddi şəkildə müdafiə olunmasıdır.

Deyilənlərə görə, nazir müavini direktora kimsədən çəkinmədən işlərini görməyi tapşırıb. Çünki onun arxasında özü dayanıb və lazım gələrsə, gələcəkdə üzləşəcəyi problemləri dərhal yoluna qoya bilər». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz digər məlumatlarda isə qeyd olunur ki, 229 saylı orta məktəbin direktoru Fəridə Bağırova tutduğu vəzifəsindən sui-istifadə edərək qanunsuz işlərə imza atır: «Deyilənlərə görə, bu məktəb Nizami rayonunda ən çox qanun pozuntularının qeydə alındığı təhsil ocağı kimi tanınır. Belə ki, məktəbdə yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti aşağı səviyyədədir. Bildirilir ki, ali məktəblərə repetitor yanında hazırlaşan 10 və 11-ci sinif şagirdləri direktorla «anlaşıb» aylığa çıxırlar. Şagirdlər və onların valideynləri də təsdiqləyə bilərlər ki, Fəridə Bağırova fəaliyyətində ciddi nöqsanlara yol verir. Məsələn, ara-sıra 229 saylı orta məktəbdə çalışan müəllimlərin əməkhaqlarından heç bir tutarlı səbəb göstərilmədən müəyyən qədər tutulur və həmin vəsaitlərin hara xərclənməsi, kimin cibinə getməsilə bağlı heç kəsə məlumat verilmir. Bundan başqa, imtahanlar zamanı şagirdlər gözümçıxdıya salınır, müxtəlif yollarla onlardan pul toplanılır. Lakin bütün bunlara rəğmən, Təhsil Nazirliyi, eyni zamanda digər müvafiq qurumlar 229 saylı orta məktəbdə olub-bitənlərə seyirci mövqe sərgiləyir. Deyilənlərə görə, bu, təhsil nazirinin müavini Ceyhun Bayramovun müdaxiləsilə baş verir».

MÖVZUNU DAVAM ETDİRƏCƏYİK.