backend

SON DƏQİQƏ: BAKI SU ALTINDA QALDI - Video

SON DƏQİQƏ: BAKI SU ALTINDA QALDI - Video

Hər dəfə yağışdan sonra Bakı küçələrində dərin gölməçələrin yaranması, magistral yolların selə qərq olması adi hal alıb. Bugünki yağış da paytaxt küçələrini keçilməz edib. Şəhərin ara küçələrində gölməçələr piyadaları yolda qoyub

musavat.com-un müxbiri paytaxt Bakı küçələrində olub və yollarda yaranan vəziyyəti işıqlandırıb.

Yağış sularının yaratdığı göllər həm piyalarında, həm də nəqliyyatın hərəkətinə problem yaradıb. Ən acınacaqlı vəziyyət isə nəqliyyatın hərəkət etdiyi magistral yollardadır. Yolboyu axan sel sürücülər üçün təhlükə törədib.

Elə yollardan biri Sabunçu rayonu, Qaraçuxur qəsəbəsindəki əsas magistral yoldur. Yağış yağan zamanı bura ən keçilməz yollardan biri sayılır. Yolda çalaların çox olması isə sürücülər üçün vəziyyəti bir qədər də çətinləşdir. Belə ki, həmin çalalara dolan yağış suları bir çox hallarda qəza şəraitinin yaranmasına da səbəb ola bilir. “Bakıxanov” bazarının qarşından başlayaraq “Qartal” adlanan əraziyə qədər yollarda eyni vəziyyət davam edir.

Yağış sularının keçilməz etdiyi küçələrdən biri Sabunçu rayonu, Ceyhun Şərifov küçəsidir. Yağış suları qəsəbənin ortasında göl yaradıb.

Sakinlər təxminən 20 santimetr dərinliyindəki gölün bir tərəfindən o biri tərəfinə keçməyə çətinlik çəkiblər. İnsanlar evlərinə gedə bilmək üçün sürücülrədən yardım istəyiblər.
Bundan əlavə, yol kənarındakı dayancaqların üstü bağlı olmadığından insanları yağışın altında islanaraq marşrut gözləməli olublar.

Musavat.com-un əməkdaşı qəsəbə sakinlərinin gileyini dinləyib.

Sabunçu rayon sakini Rəhimə Əjdərova deyib ki, Sabunçu rayonunda bu problem 3 ildir davam edir: “ Yağış yağan kimi sel suları evimizə qədər gəlir. Bizim küçənin asfalt örtüyü yeni çəkildiyinə baxmayaraq qısa zamanda qəzalı duruma düşdü. Gördüyünüz kimi, bir elə güclü yağmasa da, yağış yolları iflic vəziyyətə salıb. İnsanlar mağazaya belə gedib- gələ bilmir. İşdən gəlirəm, azı 15 dəqiqədir ki, bu gölü necə keçəcəyimi düşünürdüm. Yaxşı ki, siz gəldiniz. Buranı ilə yalnız avtomobillə keçmək mümkündür.Yağış kəsəndən sonra da bu gölməçə günlərlə qalacaq. Əziyyətini də biz çəkəcəyik. Aidiyyatı qurumlar isə yağışdan sonra gəlib qəsəbənin vəziyyəti ilə maraqlanmırlar”.