Pensiyalar artıb

2 104

Pensiyalar artıb














Bu gün - oktyabrın 1-də Beynəlxalq Ahıllar Günü qeyd edilir. "Sosial xidmət haqqında" qanuna əsasən, yaşı 70-ə çatmış şəxs ahıl hesab olunur. Hazırda Azərbaycanda 400 min nəfərdən çox ahıl insan yaşayır.

Milli.Az bildirir kİ, bu barədə virtualaz.org-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, bu il pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 8,1 faiz artıb. "Prezidentin 19 yanvar, 2016-cı il tarixli fərmanı ilə digər müharibə əlilləri kimi, İkinci Dünya müharibəsi əlillərinə verilən Azərbaycan Respubikası prezidentinin təqaüdləri də artırılıb. Nazirlik tərəfindən 1104 nəfər İkinci Dünya müharibəsi əlili və iştirakçısı olan ahıl vətəndaş minik avtomobili, həmin təbəqədən olan 117 nəfər şəxs isə mənzillə təmin edilib", - E.Babayev deyib.

Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir. Bu il 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1000 manat, digərlərinə isə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən-ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq 800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb. Azərbaycan MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verilən ölkədir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri tərəfindən respublika üzrə 11,9 min nəfərdən çox tənha ahıl və əlil şəxsə evlərində sosial-məişət xidməti göstərilir. Onlardan 9555 nəfərini ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, digərlərini I və II qrup əlillər təşkil edir. Onlar üçün müxtəlif ictimai-iaşə, ticarət, kommunal xidmətlərlə yanaşı, hüquqi məsləhət yardımları da təşkil olunur.

Ahıl şəxslərin dövlət hesabına bərpa-müalicə xidməti, reabilitasiya avadanlıqları, sanatoriya-kurort yollayışları ilə təminatı sahəsində də tədbirlər görülür.