backend

Prezident bu məmurlarla vidalaşır

Prezident bu məmurlarla vidalaşır









Ciddi islahat dalğası başlayır

Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendum mühüm və qaçılmaz bir reallığı ortaya qoydu: yeni iqtisadi, sosial və siyasi gerçəklik dəyişiklik tələb edir. Öncə komandada, idarəetmədə və bunlarla paralel olaraq cəmiyyətdə ictimai nəzarət funksiyasını yerinə yetirən media və müxalifətdə yenilənmə qaşılmazdır.

Bu gün hamı mümkün böhrandan danışır. Hətta ekspertlər manatın yeni devalvasiyasını proqnozlaşdırırlar. Neftin qiymətinin hələ uzun müddət dövlət büdcəsinə arzuedilən gəlir gətirməyəcəyi də gözləniləndir.

Faktiki ölkə iqtisadiyyatı neftin qiymətinin tənəzzülü ilə yeni mərhələyə adlayıb. Bu mərhələdə hakimiyyət artıq əvvəlki rahatlıqla dövlət büdcəsini yönləndirə və xərcləyə bilməyəcək. İndi daha rasional iqtisadi komanda formalaşdırılmalı, qeyri-neft sektorunun inkişafını sürətləndirə biləcək islahatlar aparmalı və bu islahatlara cavabdehlik “neft iyinə bulaşmamış” kadrlara həvalə edilməlidir.

Avropa.info-nun əldə etdiyi məlumatlara görə, dövlət başçısı iqtisadi komandasını tam yenidən formalaşdırmaq niyyətindədir və bunun üçün ən radikal addımlara qərarlıdır. Belə məlumatlar var ki, referendumun nəticələri Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdudlaşdırılması üzrə təkliflər paketi hazırlanır.

Görünən budur ki, vaxtilə bir örnək kimi götürülən Rusiyanın federativ idarəetmə strukturlarına uyğun yaradılan qurumların ləğvi məsələsi yenidən gündəmə gəlib. Belə ki, Nazirlər Kabineti çoxsaylı nazirlik, komitələri özündə birləşdirir. Mərkəzi icra hakimiyyəti orqanı statusunda olan 40-dan çox quruma qənaət rejimində ehtiyac qalmır. Gürcüstanda, Ukraynada, Polşada və digər ölkələrdə Nazirlər Kabineti orta hesabla 18-20 nəfərdən ibarətdir. Bu ölkələrdə baş nazirin 2 müavini var, onlar da paralel olaraq həm də nazirlərdir. Azərbaycanda isə baş nazirin 6 müavini var. Dövlət büdcəsinə qənaət ilində onların sayının azadılacağı ehtimal edilir. Dünya bazarlarında xam neftin qiymətinin kəskin enməsi nəticəsində xarici valyutada daxilolmaların azalması, ölkənin tədiyyə bazarında keyfiyyətcə yeni vəziyyət yaratmış və manatın məzənnəsinin əhəmiyyətli enməsini qaçılmaz edib.

Qlobal iqtisadi proseslərin Azərbaycanın inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı addımlar yaranmış makroiqtisadi duruma adekvat idarəetmə sisteminin təkmiləşdirilməsinə yönəlib. Dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması nəzərdə tutlur. Dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinə əlavə təkan verilməsi, bank sisteminin köklü şəkildə konsolidasiyası və ona olan etimadın artırılması kimi məsələlər islahat zərfinə daxil edilib. Bütün bunları, xüsusilə də «çevik və operativ idarəetmə mexanizmi», barədə deyilənləri nəzərə aldıqda, ehtimal etmək olar ki, Azərbaycanda son illər ərzində ilk dəfə olaraq regional formatda struktur dəyişiklikləri də aparılacaq. Mətbuatın verdiyi məlumata görə, rayonların birləşdirilməsinə də ehtiyac yaranıb. Qeyd edək ki, hazırda Azərbaycanda 66 rayon mövcuddur. Bu rayonların demək olar ki, hamısında çoxsaylı dövlət strukturları mövcuddur. Bəzi rayonlar həm iqtisadiyyatının və təsərrüfatının quruluşuna, həm də əhalinin həyat tərzi və tərkibinə görə, bir-birinə çox yaxındır. Bu mənada idarəetməni daha da təkmilləşdirmək, rayonların təsərrüfatının daha effektli idarə edilməsi və iqtisadi faydalılığının artırılması üçünonların birləşdirilməsi mümkündür. Avropa.info saytının ekspert qrupu bu istiqamətdə bələdiyyələrin səlahiyyətlərinin artırılmasını da məqbul hesab edir. Bəzi amilləri nəzərə aldıqda – Salyan və Neftçala rayonlarının bir mərkəzdə birləşdirilməsi, Samux və Göygöl rayonlarının bir mərkəzdə birləşdirilməsi, eləcə də Qazax və Ağstafa rayonlarının bir mərkəzdə birləşdirilməsi səmərəli addım sayıla bilər. Qeyd edək ki, eyni metod Bakı rayonları üçün də keçərlidir. Proseslər onu göstərir ki, regional idarəetmənin təkmilləşdirilməsi qarşıdakı illərdə ölkəmiz üçün daha aktual olacaq.

Onu da qeyd edək ki, xərclərin ixtisarı dövlət aparatının saxlanılması üçün büdcədə nəzərdə tutulan xərclərin azaldılmasını da əhatə edəcək.

Avropa.info-nun əldə etdiyi məlumata görə, bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib. Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır. Məlumatlara görə, hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır. Gözlənilir ki, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək.

Saytımızın araşdırmaçıları yerlərdəki maneələr aradan qaldırılmaq üçün icra hakimiyyəti orqanlarının funksiyalarının yerli bələdiyyələrə verilməsini də təklif edib. Bölgələrdə son günlər müşahidə edilən etiraz aksiyalarının əsas tələbi dövlət başçısına dəstək və yerli məmurların cəzalandırılmasından ibarət olub. Bir sözlə, hakimiyyət yuxarıda sadalanan islahatları həyata keçirməklə sosial bazasını daha da genişləndirə, hansı reformaların aparılmasının məqsədə uyğunluğu ilə bağlı sadə vətəndaşlarla müzakirələrə başlaya bilər. Artıq indidən qəti şəkildə ehtimal edə bilərik ki, vətəndaşların problemlərini yerindəcə həll etmək istəməyən məmurlar ən ciddi şəkildə cəzalandırılacaq. Unutmaq olmaz ki, yerlərdə keçirilən heç bir aksiyada ölkə rəhbərindən narazılıq ifadə edilmir. Prezidentin qərarlarını sabotajı edənlər kiçik və böyük məmurlardır. Onlarla vidalaşmaq zamanı artıq çatıb. Bu məsələdə vətəndaş cəmiyyəti də eyni düşüncəyə malikdir. Bir sözlə, Azərbaycanda gözlənilən ciddi islahat dalğasına sosial sifariş yaranıb…