backend

DAHA CİDDİ: İlham Əliyevlə Ramil Usubovun mesajları - BAKDA MƏKRLİ QIRGIN

DAHA CİDDİ:  İlham Əliyevlə Ramil Usubovun mesajları - BAKDA MƏKRLİ QIRGIN

Sentyabrın 1-də daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfər etdi. DİN rəhbəri ilə türkiyəli həmkarı arasında Fətullah Gülən terror təşkilatı müzakirə olundu.
Oktyabrın 7-də isə prezident İlham Əliyev Nazirlər Kabinetini iclasında mühüm bəyanat verdi.
Dövlət başçısı qeyd etdi ki, alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər

Politika.Az xəbər verir ki, bu iki hadisə arasında kifayət qədər siyasi bağlılıq var.

Təsadüfi deyil ki, Türkiyədə 15 iyulda gerçəkləşən çevriliş cəhdində polisin böyük şücaəti oldu.

Məhz polisin qəhrəmanlığı sayəsində Türkiyə böyük bir təhlükədən qurtuldu. Bu hərbi çevriliş cəhdində üç qüvvə meydana çıxdı - xalq, polis və prezident Tayyib Ərdoğan.

Azərbaycanı qarışdırmaq istəyən, ölkədə iğtişaşlar yaratmaqda maraqlı olan qüvvələr də buna cəhd etdikdə eyni uğursuzluqla qarşılaşacaq.

Çünki Azərbaycan xalqının davamlı sabitlik və təhlükəsizlik nöqteyi-nəzərdən güvəndiyi iki istiqamət var - prezident və hər zaman keşiyimizdə duran rəşadətli polis.

Ölkəni qırğın meydanına çevirmək istəyənlər prezident və polisi xalqla çiyin-çiyinə görəcək. Hər zaman xalq dövlət rəhbərinə və təhlükəsizliyimizin keşiyində duran polisinə etibar edib.

Azərbaycan polisi həmişə dövlətə və xalqa sadiq olub. Qarabağ müharibəsində də polisimiz fədakarlıq nümayiş etdirib.

Lakin bu gün ölkəmizdəki sabitlik, əmin-amanlıq və xalqla hakimiyyətin həmrəyliyi bəzi xain, məkrli planlar quran beynəlxalq dairələri narahat edir.

Onlar Liviyanı, Tunisi, Misiri qan gölünə çevirəndən sonra Suriya və Türkiyədə terroru maliyyələşdirməyə, ölkələrin sakit həyatını pozmağa başladılar.

Xalqların güzəranını məhv etdilər, minlərlə insanın tələf olmasına, körpələrin ölümünə, milyonlara qaçqının Avropaya axışmasına səbəb oldular.

İndi eyni planları Azərbaycan xəritəsində çizmək istəyən geoqüvvələrin neoimperialist maraqları xalqların sakit həyatından üstün tutulur.

Prezidentin çıxışı da məhz ölkədə iğtişaşlar yaratmağı arzulayanlara mesaj idi.

Eyni zamanda R.Usubovun Türkiyə səfəri də göstərdi ki, qardaş ölkədə olduğu kimi bizdə də polis və prezident xalqla vahiddir.

Azərbaycana hardan təhdid yoxdur ki?! - Qarabağ danışıqlarında Qərb dairələri tərəfindən təhdid, təzyiqlər var, ərəb ölkələrindən vəhhabi-ekstremist dini cərəyanların üzvlərinin şəbəkələri təbliğat işi aparır, digər tərəfdən də FƏTÖ təhlükəsi Azərbaycanı təqib etməkdədir.

Məlum olduğu kimi, Türkiyə Azərbaycanın Baş prokurorluğua siyahı təqdim edib və TANAP-ı ələ keçirmək istəyən gülənçiləri zərərsizləşdirmək istiqamətində əməliyyatlar gözlənilir.

Habelə, İran agenturasının Nardaran hadisələrindəki fəaliyyəti ölkənin qonşusu tərəfindən də təhdid olunduğunu nümayiş etdirdi.

Elə oktyabrın 8-də Daxili işlər orqanları tərəfindən Sabunçu rayonu Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətməsi müəyyən edilib.

Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ.Ağarızayevin həyətində basdırdığı “Kalaşnikov” markalı avtomat, 90 ədəd patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Nardaran qəsəbə sakini Alim Zəkiyev də saxlanılıb. Onun qəsəbə ərazisində yeni tikilidə olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı “Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 ədəd patron və avtomat darağı aşkar edilərək götürülüb.

Prezidentin çıxışında “5-ci kolon”a da eyham vurub. Ölkə başçısının sözlərindən aydın olur ki boz divarlar arxasında anti-Azərbaycan planları quranlar var.

Zaman-zaman aktivləşən və hakimiyyətin özünü təhdid, şantaj edən “5-ci kolon”çular referendumda da müəyyən hədələrlə yadda qalırdı. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin bir neçə gün qabaq verdiyi açıqlama ciddi bir mesaj idi.

Təsadüfi deyil ki, bu ismarıc Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevlə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun çıxışlarından az sonra ünvanlandı.

Şeyx Azərbaycana gələn ərəb turistlərin arasında dini ekstremizmi təbliğ edənlərin olduğuna eyham vurmuşdu. QMİ sədri dolayısı ilə nişan vermişdi ki, Bakıya gələn ərəblərin içində missionerlər var və vəhabiliyin gücləndirilməsinə təkan verilir.

Lakin FƏTÖ və İŞİD təhlükəsinə eyni ərəfədə həyəcan təbili çalınması Azərbaycanda hansısa dini-ideoloji proseslərin getdiyindən xəbər verirdi.

Hər halda hər iki xətt üzrə gedən təbliğat işi Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqət mərkəzindən kənarda deyil. Çünki milli dövlətçiliyin təhlükəsizliyi ən prioritet məsələdir.

Qaynarxett.az