backend

Rasim Musabəyov: “Cəbhə xəttində gərginlik qaçılmazdır” - MÜSAHİBƏ

Rasim Musabəyov: “Cəbhə xəttində gərginlik qaçılmazdır” - MÜSAHİBƏ

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb:

- Rasim müəllim, Azərbaycan prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftəki toplantısında bildirdi ki, bağlı qapılar arxasında Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməsi üçün təzyiqlər edilir. Ölkə başçısının bu bəyanatını necə şərh edərdiniz?
- Əslində Azərbaycana heç kəs təzyiq edə bilməz. Azərbaycana təzyiq etmək üçün əllərində nə imkan, nə də hüquqi əsas var. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri işğalçı ilə işğala məruz olan tərəfi bərabər tuturlar. Bəyan edirlər ki, status-kvonun dəyişilməsi qaçılmazdır, eyni zamanda ermənilərə təzyiq etmək istəmirlər. Deyirlər ki, müharibə aparmaq olmaz, siz yazıq ermənilərin istəklərinə uyğun addım atın, onlar işğal olunmuş ərazilərin bir hissəsindən çıxsın. Ermənilərin istəklərinə cavab vermirsinizsə, münaqişə olduğu kimi qalsın, atəşkəsə əməl edin. Status-kvonun dəyişilməsinin zəruri olduğunu deyirlərsə, bunun üçün gərək işğalçı ilə işğala məruz qalan tərəfi ayırsınlar. Ya Ermənistanı özləri ağıllandırmalıdırlar ki, iddialarından əl çəksin, ya da Azərbaycanın əlini-qolunu bağlamasınlar. Təəssüflər olsun ki, cənab prezidentin dediyi kimi dolayı yolla Azərbaycana Dağlıq Qarabağla bağlı iddialarına müsbət cavab vermək üçün təzyiq etməyə çalışırlar. Onlar Qarabağın Ermənistana birləşməsinə razılıq verməyimizi istəyirlər. Ancaq bunu görməyəcəklər.

- Təzyiqlər əsasən, hansı tərəfdən gəlir?
- Təəssüflər olsun ki, üç həmsədr dövlətin hamısından gəlir. Ən böyük erməni lobbisi məhz Rusiya, ABŞ və Fransada fəaliyyət göstərir. Onlar istəyirlər ki, məsələ sülh yolu ilə həll edilsin. Əslində işğalçıya tənbeh, cəza verməlidirlər. Həmsədrlər isə istəyirlər ki, Ermənistan münaqişədən qələbə ilə çıxsın. Bu üç dövlətin üçünün də ürəyi Ermənistanladır, qarınları isə Azərbaycana bağlıdır. Ermənistan heç kəsə heç nə verə bilmir, yeganə işi zarıyıb hamıdan nə isə ummaqdır. Əsas imkanlar – maliyyə, energetika Azərbaycandadır. Ermənistanın cəmi 2 milyonluq, Azərbaycanın isə artan imkanlarla olan 10 milyonluq bazarı var. Çalışmalıyıq ki, öz imkanlarımız hesabına ermənilərə olan meyli tarazlaşdıraq. Bu, səbr, ardıcıl siyasət tələb edir. Cənab prezidentin çıxışı o deməkdir ki, biz vəziyyətin çətinliyini anlayaq, nəinki geri çəkilməli, əksinə səfərbər olmalı, bütün imkanları düşməni yerində oturtmaq üçün istifadə etməliyik.

- Aprel döyüşlərindən sonra Ermənistanla aparılan danışıqlar nəticəsiz qaldı. Hazırda bu münaqişənin həllinin sürətlənməsi üçün hansı variantı daha məqbul hesab edirsiniz?
- 4 variant var. Birincisi odur ki, ermənilərin iddialarına müsbət cavab verək, Dağlıq Qarabağı dəhliz adı ilə qoparıb öz istəklərinə nail olsunlar. Cənab prezidentin dediyi kimi, Azərbaycan buna heç zaman razı olmayacaq. İkinci variant müharibədir. Dünyada ikimiz üz-üzə qalsaydıq, biz müharibəni çoxdan başlayıb Ermənistanı öz torpaqlarımızdan silib kənara atmışdıq. Ancaq təəssüflər olsun ki, Rusiya açıq şəkildə hərbi cəhətdən Ermənistanı himayə edir. Ermənistanla böyük müharibəyə başlayacağımız halda anlamalıyıq ki, təkcə bir cəbhədə vuruşmayacağıq. Üçüncü variant bundan ibarətdir ki, ABŞ-la Rusiyanın istədiyi kimi müharibəni donduraq, cəbhə xəttində müşahidəni gücləndirmək istəyirlər ki, heç bir insident olmasın. Daha bir variant da var, düşünürəm ki, Azərbaycan məhz bu variantı həyata keçirəcək. Biz əlimizi Ermənistanın boğazından çəkməməliyik. Harada işğalçıya zərər vermək üçün imkanımız çatsa, bunu etməliyik. Ermənistanı bütün layihələrdən təcrid etməli, iqtisadi durumunun zərrə qədər də olsa, yaxşılaşdırmasına imkan verməməliyik. Cəbhədə böyük müharibəni başlamaq mümkün deyilsə, məhdud səviyyədə münaqişə aparmalıyıq, hər ay ermənilər 30 meyit daşımalıdır. Belə şəraitdə kimin davamlı olub-olmayacağı bilinəcək. İstisna etmirəm ki, sülh danışıqları nəticə vermədiyi halda cəbhə xəttində gərginlik addımbaaddım artacaq. Ciddi hərbi toqquşma başlamadığı halda böyük dövlətlərin diqqəti ayrı problemə yönələcək və bizə deyəcəklər ki, bir az da gözləyin. Azərbaycan nə qədər gözləyə bilər?! Bu münaqişənin dondurulmuş olmadığına diqqət çəkmək imkanındayıq və buna tamamilə haqqımız çatır.

- Yəni cəbhə xəttində aprel ayında olduğu kimi analoji döyüşləri istisna etmirsiniz...
- Əlbəttə, belə döyüşlər yenə ola bilər. Sülh danışıqları real şəkildə həyata keçmirsə, belə döyüşlər qaçılmazdır. Deyə bilmərəm ki, cəbhə xəttində gərginlik noyabrda, yaxud yazda başlanacaq, amma bu, qaçılmazdır.

- ABŞ dövlət katibi Con Kerrinin “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hələlik şərait yaranmayıb” bəyanatı nəyə xidmət edir?
- Con Kerrinin səlahiyyət müddətinin başa çatmasına 3 ay vaxt qalıb. O öncədən deyir ki, münaqişənin həlli üçün heç bir irəliləyiş yoxdur, o, öz dövlət katibi kimi fəaliyyətinə aid danışıb. Gələn ilin yanvarında Dövlət Departamentində inaqurasiya olacaq və Con Kerri “xudahafiz” deyəcək. O, nəinki dövlət katibi kimi öz postundan, yaşına görə siyasətdən də çıxıb gedəcək. Mənim düşüncəmə görə, o, ermənilər qarşısında üzrxahlıq edirdi ki, azərbaycanlıları sizin maraqlarınıza cəlb edib sülhə çəkə bilmədim. Nə də məcbur edə bilmədim ki, Azərbaycan mövcud vəziyyətlə barışsın, siz işğal etdiyiniz torpaqlarda arxayın oturasınız. Onun bəyanatını bu cür izah etmək mümkündür.

- Yeri gəlmişkən ABŞ-da maraqlı və qeyri-adi seçki kampaniyası gedir...
- Bir məqam yaxşıdır ki, seçki kampaniyasında erməni məsələsi nəinki kənarda qalıb, heç ümumiyyətlə, dilə gətirilmir. Bu, o deməkdir ki, ermənilərin zarımağından hamı təngə gəlib. Ona görə də ermənilər haqda nə Tramp, nə də Klinton bir kəlmə dilə gətirir. Ancaq bu, bizi arxayın salmamalıdır. Bizim konkret məsələlərimiz var, onları gündəmə gətirməyə məcburuq və bunu edəcəyik. ABŞ administrasiyasından yaxın 6 ay üçün heç nə gözləməyə dəyməz. Kerrini axsaq ördək adlandırırlar, sadəcə cari işlər görür, cəmi 3 ay vaxtı qalıb. Yeni fəaliyyət üçün növbəti administrasiyanı gözləyirlər. Fransaya gəlincə, Olland olduqca aşağı reytinqə malikdir, orada da prezident seçkilərinə hazırlıq gedir. Kiməsə təzyiq etmək üçün ciddi səy gözlənilmir. Deyir gəlin, Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil edim, bunu öz reytinqini qaldırmaq, təbliğat üçün edir. Reallıq budur ki, Rusiya Ermənistanı hərbi cəhətdən təmin edir. Biz Rusiya ilə qarşı-qarşıya oturub onunla bu məsələnin çözülməsi üçün kompromisə gəlməliyik.

- Belə yanaşmalar var ki, prezidentliyə namizədlərdən Hillari Klinton Cənubi Qafqazı daha yaxşı tanıyır və Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Digər tərəfdən belə fikirlər səslənir ki, o, erməni lobbsinin təsiri altında olacaq. Sizcə, Donald Tramp, yoxsa Hillari Klinton Qarabağ münaqişəsinin həlli üçün daha aktiv fəaliyyət sərgiləyə bilər?
- Tramp heç bir vəzifədə olmayıb, onun nəyə nail ola biləcəyi açıq məsələdir. Ənənəvi olaraq ermənilərin mövqeyi Dövlət Departamentində, Konqresdə həmişə Azərbaycan və Türkiyənin mövqeyindən güclü olub. Azərbaycana dəstək verən qüvvələr isə Pentaqon, ABŞ-in Mərkəzi Kəşfiyyat İdarəsi və Energetika Nazirliyi olub. İstər-istəməz Ağ Evin Təhlükəsizlik Şurasında ayrı-ayrı mövqelər götür-qoy edilir və ABŞ siyasəti formalaşır. Dövlət Departamentinin, Konqresin mövqeyi ictimaidir. Adətən, Azərbaycana dəstək verən qüvvələr mətbuata çıxıb bəyanat verməyi sevmirlər, ancaq onların marağı Azərbaycana bağlıdır. Zaman-zaman Pentaqon, ABŞ-in Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərləri Azərbaycana gəlir. Energetika Nazirliyinin rəhbərliyi bilavasitə Xəzərə bağlıdır. Klinton Konqresdə və Dövlət Departamentində çalışıb. İstər-istəməz orada erməni təsiri güclü idi. Klinton prezident seçiləcəyi halda ayrı yanaşmalarla üzləşəcək və mövqeyi daha balanslaşmış olacaq. O, Trampdan fərqli olaraq Cənubi Qafqazdakı vəziyyəti daha yaxşı bilir, şimaldan, cənubdan olan təzyiqlərdən xəbərdardır. Klinton eyni zamanda Azərbaycanın əhəmiyyətini yaxşı anlayır. Dövlət katibinin kimliyi və Konqresdə seçkilərin nəticəsi əhəmiyyətli rol oynayacaq. Respublikaçılar Azərbaycana daha çox meylli olurlar. Hillari Klinton qələbə qazansa, ancaq həm Senatda, həm də Nümayəndələr Palatasında respublikaçılar çox olarsa, onlar ABŞ-ın milli maraqlarından çıxış edəcəklər, Azərbaycanı daha yaxşı eşidəcəklər. Bütün hallarda son sözü nəticə deyəcək.

- Reytinqlər Klintonun şansının böyük olduğunu göstərir...
- Respublikaçıların namizədi Tramp yox, başqası olsaydı, istənilən respublikaçı Klintonu udacaqdı. Bununla Konqresdə də respublikaçıların çoxluğu təmin ediləcəkdi.Ancaq Tramp özü çox müəmmalı respublikaçıdır, bütün nüfuzlu respublikaçılar ona qarşıdır. Seçkidir, hər şey ola bilər. Düzdür, reytinqlər Klintonun səs faizini yuxarı göstərir. Seçkiqabağı başı gicəllənib yıxılsa, hər şey bitə bilər, halbuki heç kəs bunu istəmir. Allah Klintona şəfa versin.

Nərgiz Ehlamqızı