backend

Həkimlərlə bağlı prezidentə müraciət olundu - 5 saylı doğum evinin naşı həkimləri...

Həkimlərlə bağlı prezidentə müraciət olundu - 5 saylı doğum evinin naşı həkimləri...













Dövlətin səhiyyə sisteminə xüsusi diqqət yetirməsinə, ölkə başçısının öz çıxışlarında Azərbaycan səhiyyəsinin dünya standartları səviyyəsinə qaldırılmasının son dərəcə vacib olduğunu vurğulamsına və bu sahədə konkret addımların atılmasına göstərişlər verməsinə baxmayaraq, çox təəssüf ki, bəzən kadrların yerində olmaması müsbət təşəbbüslərin uğursuzluqla nəticələnməsinə gətirib çıxarır.

Belə ki, son vaxtlar ana və uşaq ölümlərinin, xəstə uşaqların doğulmasının sayı artmaqda davam edir. Demək olar ki, ana və uşaq ölümü, xəstə uşaq doğumu artıq adi hala çevrilib. Lakin təəssüf ki, bunların qarşısını almaq müşkül məsələyə çevrilib. İstər ana və uşaq ölümlərinə, istərsə də xəstə uşaqların doğulmasına müxtəlif səbəblər göstərilsə də, əsas səbəb həkim məsuliyyətsizliyi, həkim laqeydliyi və həkim savadsızlığıdır.
Redaksiyamıza daxil olan şikayət məktubunda da Səbail rayonu ərazisində yerləşən 5 saylı Doğum Evində idarəçiliyin aşağı səviyyədə olması, həkimlərin anoloji fəaliyyəti ilə bağlıdır.
Zaqatala şəhər sakini Səxavət Cavadovun redaksiyamıza göndərdiyi ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya ünvanlı müraciətində 5 saylı Doğum Evində doğulan qızının həkim tərəfindən əvvəlcə sağlam olduğu deyilsə də, on gün sonra körpənin ürək qüsurlu olduğunun aşkarlandığı bildirilir: “Həyat yoldaşım Təranə Cavadova hamilə vaxtı Bakının Səbail rayonundakı 5 saylı Doğum Evində həkim Elmira Məmmədovanın nəzarətində idi. Mütəmadi olaraq analiz verərək, həkimin tapşırıqlarına riayət edirdi. Nəhayət, 11 avqust 2015-ci il tarixdə qızım dünyaya gəldi. Həkim E.Məmmədova körpənin sağlam olduğunu söylədi. Lakin on gündən sonra körpənin halı pisləşdi. Onu xəstəxanaya apardıq. Müayinədən sonra qızım Elifin ürək qüsurlu olduğu aşkar olundu. Çox təəssüf ki, körpə ana bətnində ikən onun ürək qüsurlu olması həkim Elmira Məmmədova tərəfindən müəyyən edilməyib və bu barədə bizə heç bir məlumat verilməyib. Görəsən, bu hal həkim E.Məmmədovanın məsuliyyətsizliyindən, laqeydliyindən, yoxsa savadsızlığından irəli gəlib?
Əgər o, bir həkim kimi xəstəsinə düzgün vaxt ayırsaydı, nəzarətsiz buraxmasaydı mövcud problem vaxtında aşkar olunardı və proflaktik tədbirlər görülərdi. Lakin burada həkimlər xəstələrinə maddi vəziyyətinə görə xidmət göstərirlər. Kimin pulu varsa, onu az qalırlar ki, başlarının üstündə saxlasınlar. Ancaq kasıb adamların üzünə belə baxmırlar. Məhz həkim A.Məmmədova kimi. Onun laqeydliyi nəticəsində, ürək qüsurlu doğulan qızımın 1 yaşına qədər bütün müalicəsini etdirdim, lakin növbəti müayinə zamanı onun əməliyyat olunmasının vacibliyini bildirdilər. Mənimsə bu əməliyyata maddi imkanım yoxdur. Bu barədə doğum evinə müraciət etsəm də, baş həkim və həkim E.Məmmədova məsuliyyətdən yayınır, özlərini sudan quru çıxarmağa çalışırlar. Bu səbəbdən də qızımın müalicəsinə xərclədiyim vəsaitin əvəzində, həkim E.Məmmədovanın təzminat ödəməsini tələb edirəm”.
S.Cavadov bir valideyn kimi ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək, Səbail rayonu ərazisində yerləşən 5 saylı Doğum Evinin baş həkimi Xədicə Əhmədova və həkim Elmira Məmmədova barəsində müvafiq tədbir görülməsini xahiş edir.
***
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Doğum Evinin baş həkiminin 491-04-35 nömrəsinə zəng etdik. Zəngimizə cavab verən baş həkimin katibəsi X.Əhmədovanın yerində olmadığını bildirdi. Katibəyə özümüzü təqdim edərək zəngimizin məqsədini izah etdik. Məsələ barədə baş həkimə məlumat verəcəyini deyən katibə Doğum Evində eyni ad və soyadlı (Elmira Məmmədova) iki həkim işlədiyini bildirdi. Biz isə məsələni asanlaşdırmaq üçün katibəyə sözügedən həkim Elmira Məmmədovanı bütün detalları ilə anlatdıq.
Bir neçə gündən sonra Doğum Evi ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışsaq da, zənglərimizə cavab verən tapılmadı.
Ümid edirik ki, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev də bu məsələyə öz münasibətini bildirəcək və 5 saylı Doğum Evi hamilə xanımlara lazımi səviyyədə xidmət göstərəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\"Təzadlar"\\