backend

"Şərurlu" İsfəndiyar Azərbaycanlı balası deyil? - Özbaşınalıq

"Şərurlu" İsfəndiyar Azərbaycanlı balası deyil? - Özbaşınalıq












İstənilən internet axtarış sistemində “Şərur” MTK sözlərini yazarkən, aşkar olunan məlumatları məzmun baxımından sadəcə iki hissəyə ayırmaq olar. Bunlardan bir qismi özündə bu şirkətin inşa etdiyi binalarda mənzil satışına dair elanları, digər bir qismi də MTK-nın fəaliyyəti ilə bağlı müxtəlif qalmaqallar, maxinasiyalar və digər neqativ hallar barədə məlumatları əks etdirəcək. Demək olar ki, “Şərur” MTK ilə bağlı nə sosial şəbəkələrdə, nə də kütləvi informasiya vasitələrində heç bir müsbət, pozitiv informasiya əldə etmək mümkün deyil. Belə də baxanda, pozitiv hardan olsun ki? Bir tərəfdən, müxtəlif vaxtlarda aldadılmış, maddi və mənəvi ziyan vurulmuş müştərilərin şikayətlərinin ardı-arası kəsilmir, digər tərəfdən də “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov öz qanunsuz əməllərindən əl çəkmək istəmir. Gəlin “Şərur” MTK-nın fəaliyyətini daha dolğun şəkildə səciyyələndirən belə məlumatlardan bir neçəsinə nəzər salaq: “...Mənzillərin və blokların dəhlizlərinin ərazi kvadratları azaldılaraq 317 mənzil üçün nəzərdə tutulmuş binada 400 mənzil tikilmiş, sakinlərdən hər kvadrat üçün əlavə ödəniş alınmışdır. Sakinlərin mənzillərlə təmin olunmalarına və ölkə rəhbərliyinin də qəti göstərişinə baxmayaraq, bir ildir ki, bina təhvil verilmir, ev sahibləri mülkiyyət hüququ verən sənədlərlə təmin olunmurlar. Su sayğacları qeydiyyatdan keçmədiyi üçün sakinlərdən istifadə miqdarından qat-qat artıq su pulu yığılır, üstəlik, binanın həyətinə girən avtomobil yolu bərbad olduğu, yük liftlərinin işləmədiyi, binada təhlükəsizlik və təmizlik işləri aparılmadığı halda, sakinlərdən mənzilin hər kvadratı üçün əlavə pul tələb edilir, əks təqdirdə mənzillərə elektrik enerjisinin verilməsinin dayandırılacağı bildirilir. Qaz və su sayğacları və onların istismara təhvil verilməsi üçün hər mənzildən “Şərur” MTK tərəfindən əlavə 350 manat pul tələb edilməsinə və bəzi mənzil sahiblərinin də bu vəsaiti ödəmələrinə baxmayaraq, mənzillərə qazın verilməsi təmin edilməmiş və vətəndaşların külli miqdarda pul vəsaiti mənimsənilmişdir...” Və yaxud da: “...Şərur MTK”-nın öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən qış aylarında biz sakinlərin əziyyəti amansız işgəncəyə çevrilir. Binaya qaz verilmədiyindən, həmin aylarda mənzilləri elektrik enerjisi ilə qızdırmalı oluruq. Nəticədə, ya ciddi maddi sıxıntıya düşür, ya da mənzillərimizi qızdıra bilmədiyimizdən, başqa yerlərdə qalmağa məcbur oluruq. Dəfələrlə “Şərur İnşaat”ın rəhbəri İsfəndiyar Axundova müraciət edib, binanın problemlərinin haçan həll olunacağını soruşmaq istəsək də, o, bina sakinlərini dinləməkdən belə, imtina etmişdir...”

Təbii ki, bütün bu şikayətlərin fonunda İsfəndiyar Axundov tərəfindən yol verilə biləcək istənilən digər bir özbaşınalığa artıq heç təəccüblənməməyin də gərəkdiyini düşünmək olardı. Amma yox, “Şərur” MTK nəinki təəccübləndirməyi, hətta heyrətləndirməyi də bacarır. Necə? Çox sadə, demək istərdik, amma bunu nə söyləməyə adamın dili gəlmir, nə də yazmağa əli qalxmır. Axı paytaxtımızın parklarını, istirahət zonalarını zəbt edib, buradakı yaşıllıqları məhv edərək onların yerində bina tikmək necə sadə ola bilər? Və yaxud da, metro stansiyalarının mühafizə olunan ərazilərində, qanunla qadağan olunmuş zonalarda necə şəxsi kommersiya obyektləri inşa etmək və bununla da on minlərlə insanı hər gün öz həyatlarını riskə atmağa məcbur etmək olar? Bu işləri sadəcə bir adamın istəyi, iradəsi və nəhayət ambisiyaları əsasında necə həyata keçirmək olar? Amma “Şərur” MTK bunları edir. Qəzetimizn ötən saylarından birində biz bu problemlər barədə söz açmışdıq. Dərc etdiyimiz materialda biz göstərmişdik ki, Bakı parklarının əsil qəniminə çevrilmiş İsfəndiyar Axundov artıq hətta Ulu Öndərimizin ömür-gün yoldaşı, görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın adını daşıyan istirahət parkını belə, “alqı-satqı” predmetinə çevrib. Aldığımız məlumata görə, İsfəndiyar Axundov bu parkın bir hissəsi olan aldığı ərazinin müqabilində artıq Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müəyyən məbləğdə pul ödədiyini, indi isə, ondan həmin əraziyə görə əlavə olaraq daha 1 milyon manat tələb olunduğunu bəyan edib. Həmçinin həmin yazıda biz bir daha qeyd etmişdik ki, hazırda metronun “Azadlıq prospekti” stansiyasının üstündə, ilk zamanlar istirahət parkı kimi nəzərdə tutulmuş ərazidə indi İsfəndiyar Axundovun inşa etdiyi çoxsaylı ticarət obyektlərinin bəziləri artıq fəaliyyət göstərməkdə, bəziləri də inşa olunmaqdadır.

Lakin bütün bu açıqlamalara hələ də nə “Şərur” MTK-nın, nə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, nə də aidiyyatı olan dövlət orqanları tərəfindən heç bir münasibət bildirilməmişdir. Deyirəm, bəlkə biz yanılırıq? Bəlkə bu qanunsuzluqları törətmək “Şərur” MTK üçün hər halda doğrudan da sadə bir işdir?