backend

Kooperasiya Universitetində Eyyub Qarayev “kabusu”

Kooperasiya Universitetində Eyyub Qarayev “kabusu”







Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi bu məşhur maxinatoru hələ də himayə edir

Qəzetimizin ötən saylarında dərc olunmuş yazılardan birində Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Dərbənd filialına daxili imtahanlar əsasında həyata keçirilən tələbə qəbulu ilə bağlı törədilən maxinasiyalardan bəhs olunmuşdu. Məlum olduğu kimi, bu qəbul imtahanları əslində yalnız Rusiya vətəndaşları üçün nəzərdə tutulub. Amma ADİU-nun bəzi işbazları Azərbaycanda keçirilən ali məktəblərə qəbul imtahanlarından keçid balı toplaya bilməyən gənclərimizin də Dərbənd filialına qəbulunu “təşkil edirlər”. Elə dərc etdiyimiz yazıda da bu işbazlardan biri, ADİU-nun keçmiş müəllimi olan Eyyub Qarayevin maxinasiyalarından söz açmışdıq. Məqalədə biz həmçinin göstərmişdik ki, hal-hazırda Eyyub Qarayev Azərbaycan Kooperasiya Universitetinin “Mühasibat uçotu və audit” kafedrasında baş müəllim vəzifəsində çalışır. Əldə etdiyimiz məlumata görə, bir neçə il bundan öncə həm də Azərbaycan Dövlət İqtisad Universitetində müəllim işləyən Eyyub Qarayevin ADİU-dan qovulmasına da səbəb məhz elə Dərbənd filialı ilə bağlı maxinasiyalar olmuşdur. Amma bu barədə açıqlama verən mənbələr bildirirlər ki, məsələ heç də Eyyub müəllimin qanunsuz qəbullar həyata keçirməsilə bağlı olmayıb. İstənilən halda, universitet rəhbərliyindən nə xəbərsiz, nə də icazəsiz heç kim bu işləri görə bilməz. Sadəcə olaraq, bu məqsədlə alınan rüşvətin bölünməsi prosesində Eyyub Qarayevin bir neçə dəfə rektoratın “haqqına girdiyi” məlum olub. Bu isə, aydındır ki, bağışlanmaz bir günahdır. Bu səbəbdən də, Eyyub müəllim artıq bir neçə müddətdir ki, sadəcə Kooperasiya Universitetinin müəllimi kimi çalışmaqdadır. Lakin aradan bir müddət keçəndən sonra ADİU-nun rəhbərliyi görünür Eyyub müəllimin “işgüzarlığı” üçün darıxıb. Nəticədə, Eyyub Qarayev bu universitetdəki iş yerinə bərpa olunmasa da, hər halda Dərbənd filialı ilə bağlı müəyyən “imtiyazları” özünə qaytarılıb. Beləcə, Eyyub müəllim bu gün ADİU-nun Dərbənd filialına tələbə qəbulunu ortalama 20 min ABŞ dolları müqabilində həyata keçirir.

Artıq qeyd etdiyimiz kimi, bütün bu məlumatlar dərc etdiyimiz ötən yazıda öz əksini tapmışdı. Lakin maraqlıdır ki, nə Kooperasiya Universitetinin, nə də Eyyub Qarayevin bilavasitə çalışdığı “Mühasibat uçotu və audit” kafedrasının rəhbərliyi tərəfindən hələ də təqdim olunan faktlara münasibət bildirilməmişdir. Belə qənaətə gəlmək olur ki, Kooperasiya Universitetində olan mənbələrin Eyyub Qarayevin bütün bu əməllərindən kafedra müdiri Şəhla xanım Cəfərovanın və hətta rektoratın belə xəbərdar olduğu barədə dedikləri həqiqətə uyğundur. Bu barədə aldığımız açıqlamada vurğulanırdı ki, həm kafedranın, həm də universitetin rəhbərliyi Eyyub müəllimin bu “vasitəçilik” fəaliyyətinə heç də təmannasız göz yummurlar. Məsələ bundadır ki, iddiaya görə, bu şəxslərin özləri də ara-sıra Eyyub Qarayevin imkanlarından yararlanırlar. Həm də belə hallarda Eyyub müəllim “özününkülər” üçün qiymətdə kifayət qədər əhəmiyyətli endirimlər də edir. Aydındır ki, bütün bunların müqabilində Eyyub Qarayevin Kooperasiya Universitetində “toxunulmazlığı” da avtomatik təmin olunmalıdır...

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənə bilərik.