backend

Prezident QHT-lərə böyük imkan yaratdı – FƏRMANIN ŞƏRHİ

Prezident QHT-lərə böyük imkan yaratdı – FƏRMANIN ŞƏRHİ
















Prezident İlham Əliyev Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına xarici donorlar tərəfindən qrantların verilməsini asanlaşdıran Fərman imzalayıb . Fərmana əsasən, 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda "bir pəncərə” prinsipi tətbiq ediləcək.
Dövlət başçısının imzaladığı bu Fərman ölkədə "3-cü sektor”un işlərinin xeyli asanlaşmasına, istər inzibati, istərsə də hüquqi problemlərin aradan qalxmasına səbəb olmaqla, vətəndaş cəmiyyəti institutlarının inkişafı üçün böyük imkanlar açacaq. Çünki Qeyri-Hökumət Təşkilatlarının qrant almaları asanlaşacaq, bu isə onların öz layihələrini həyata keçirmək üçün maliyyə ilə daha rahat təmin olunacaqları deməkdir.
Ümumiyyətlə, Azərbaycan hökuməti davamlı olaraq QHT-lərlə əməkdaşlıq edir və onların qaldırdıqları məsələlərin həlli istiqamətində ciddi addımlar atır. Sonuncu Fərman da bu addımlardan biridir. Bu addım həm də göstərdi ki, dövlət ilə QHT-lər arasında dialoq var. Yada salaq ki, Açıq Hökumət Tərəfdaşlığı vətəndaş cəmiyyəti platformasının 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı Hökumətə təkliflər paketi təqdim edilmişdi. Həmin təkliflərə baxılıb və qəbul olunub.
QHT-ləri və xarici donorları çətinə salan məsələlərdən biri də ayrılan qrantların maliyyə-iqtisadi baxımdan məqsədyönlü xərclənməsinə dair rəyin əldə edilməsi prosedurunun çətinliyi idi. İndi həmin prosedur da sadələşdirilir, o cümlədən, onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsinin mümkünlüyü müzakirə edilir.
Mədən Sənayesində Şəffaflıq Artırılması Təşəbbüsü Koalisiyasına (MSŞA) 17 üzv təşkilatlarının dövlət qeydiyyatına alınması və onların müvafiq sənədlərinin qeydiyyatdan keçirilməsi məsələləri də həll edilib. Eyni zamanda, Koalisiyaya daxil olan 5 QHT-nin xarici donorlardan alınmış qrant müqavilələri dövlət qeydiyyatından keçirilib və onlara bununla bağlı müvafiq bildirişlər verilib.
Güzəştlər və həll olunan problemlər bununla da bitmir. Bəzi Koalisiya üzvlərinin vergi və bank problemləri, o cümlədən, hesabları üzərindəki məhdudiyyətlər tam aradan qaldırılıb, barələrində açılmış cinayət işlərinə xitam verilib. Yəni praktik olaraq, daha heç bir problem qalımayıb.
Bu addımları ataraq, QHT-lərə dəstək olmaqla hökumət göstərir ki, vətəndaş cəmiyyəti institutlarının inkişafında maraqlıdır. Buna görə də onların keçirdikləri tədbirlərə sistemli olaraq təşkilati və maddi dəstək verir. Dəstək iki istiqamətlidir: Azərbaycanın özünün ixtisaslaşmış dövlət təşkilatları vasitəsilə də QHT-lərə yardım edilir, üstəlik, xaricdən gəlməsi də asanlaşdırılır.