backend

Azərbaycan mafiyası kriminal müharibəyə hazırlaşır — Rusiya xüsusi xidmət orqanları

Azərbaycan mafiyası kriminal müharibəyə hazırlaşır — Rusiya xüsusi xidmət orqanları













Rusiyanın Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi paytaxt Moskva və ətraf rayonlarda Azərbaycan mütəşəkkil cinayət şəbəkəsinin görünməmiş aktivliyindən narahatdırlar.

Bu haqda "Rosbalt" agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbə informasiya verib.

Məlumata görə, Moskva şəhəri və Moskva vilayətinin şəhər və rayonlarında azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplar aktivləşiblər. Hazırda iki nüfuzlu azərbaycanlı kriminal avtoritetin birləşməsindən sonra Rusiyada digər cinayətkar dəstələr paytaxtdan sıxışdırılmağa başlayıb.

Xüsusi xidmət orqanlarındakı mənbənin məlumatına görə, hazırda Azərbaycanda həbsdə olan Lotu Quli ləqəbli Nadir Səlifovla Rusiyada yaşayan nüfuzlu azərbaycanlı "oğru" Vaqif Süleymanov və digər "oğru" Rəşad İsmayılov qüvvələrini birləşdiriblər.

Moskva polisinin məlumatına görə, hazırda Rusiyada ən çoxsaylı və mütəşəkkil cinayətkar qruplaşmaya çevrilən bu şəbəkə digərlərini Moskva başda olmaqla böyük şəhərlərdən sıxışdırıb çıxarmağa başlayıb. Qüvvələrini birlədirmiş azərbaycanlı avtoritetlərin öz cinayətkar briqadalarını Moskvaya topladıqları haqda operativ məlumatın olduğunu deyən mənbə kriminal müharibənin başlayacağı ehtimalının çox yüksək olduğunu qeyd edib.

"Rusiya xüsusi xidmət orqanları yaxınlarda ölkənin bir çox şəhərlərində qanlı kriminal qarşıdurmaların olacağından narahatdır", - deyə mənbə bildirib.