backend

Cəmiyyətə zidd əməllərə qarşı vuruşan adam

  Cəmiyyətə zidd əməllərə qarşı vuruşan adam

Qazaxda Zöhrab İsmayılov barəsində kimdən soruşdumsa xoş sözlər eşitdim. Həm də həmkarlarımın da fikirləri sakinlərin rəyi ilə üst-üstə düşdü. Doğurdan da Zöhrab müəllimin olduğu tədbirlərdə jurnalistlərlə bağlı hər hansı problemin yaşandığını kimsə iddia edə bilməz...

Zöhrab İsmayılov 2010-cu ildə Qazaxa rəis təyin olunub. Ondan əvvəl isə o Beyləqan rayon polis şöbəsinin rəisi işləyib. Kimlərin necə qiymətləndirməsindən asılı olmayaraq, Zöhrab müəllim polis zabiti kimi hər iki rayonda həm zabit şərəfini, həm də öz adını çox-çox ucalara qaldırıb. Qazax sakinləri isə nəhayət, onun şəxsində arzuladıqları ədalətli polis rəisinə rast gəldiklərinə görə indinin özündə də məmnunluq hissləri keçirirlər. Çünki, Zöhrab müəllim Beyləqanda olduğu kimi mədəni davranışı, ədalətli qərarlarıyla qazaxlıların da rəğbət və hörmətini qazanmağı, onların sevimlisinə çevrilmiyi ləyaqətlə bacara bildi. Bütün bu uğurların qazanılmasında başlıca göstərici əlbəttə ki, Zöhrab müəllimin həddən artıq ədalətli olması, hər şeyə qanunun aliliyi prizmasından baxması olub. İbn Sina da vaxtilə məhz belə demişdi: “Ədalət hər bir davranışın yaraşığıdır”.
Zöhrab müəllimlə şəxsi tanışlığımıza gəlincə, onu bir ilə yaxındır ki, tanıyıram. Etiraf edim ki, ilk dəfə təzə rəisi görəndə çox təəccüblənmişdim, boyunun “potoloka” çatdığını, üz-gözündən zərimar töküldüyünü təsəvvür etdiyim ənənəvi rəis əvəzinə, qarşımda əynində səliqəli polis mundiri olan yaraşıqlı polkovnik dayanmışdı...
Adətən, uşaqlar xatirələrində daha çox qəhrəmanlara - yaddaşlarında dərin iz buraxmış cəsarətli insanlara oxşamağa çalışırlar. Bəlkə də bu səbəbdəndir ki, uşaqlıq illərini yada salanda, ilk növbədə, gözləri önündə özünün qaynar təbiəti, cəsarətli darvanışları canlanır, Zöhrab müəllimin. Bir də böyüyəndə qəhrəman olmaq kimi uşaqlıq arzuları. Çünki mən Zöhrab müəllimlə sonrakı təmaslarımdan biləcəkdim ki, onun uşaqlıq arzularından biri məhz polis rəisi olmaqmış. Halbuki uşaqlıqda əlçatmaz hesab elədiyi bu arzusuna çatanda inanmağı gəlməyib, təəccüblənib: “Mən bu vəzifənin öhdəsindən gələ bilərəmmi?” .
Zöhrab müəllim bəlkə də, belə deməklə, bir qədər təvözökarlıq edib, vəzifənin məsuliyyətini dərk edib, amma əslində, Qazaxda işlədiyi ötən illər ərzində sübut edib ki, hətta nümunəvi rəis olmağı bacarıb.
Bu yerdə yazıçı Anardan iqtibas gətirmək istəyirəm: “Üç obrazı əsas götürmüşdülər – pəncərə, qapı, güzgü...bəzi adamlar otaqlarında pəncərələri, qapıları güzgülərlə əvəz eləyir, yəni hara baxır özünü görür. Belə adamçün yalnız tək bir özü mövcuddur. Onun üçün nə pəncərədən görünən mənzərə var, nə də ki, qapının dalındakı həyat. Ancaq güzgü. İkinci qisim adamlar pəncərədən baxır. Pəncərədən həyatı seyr edirlər, seyrçidirlər... Və nəhayət, üçüncü qisim adamlar, onlar qapını açıb həyata, insanların yanına çıxanlardır”.
Bu mənada Zöhrab müəllim də polis rəisi kimi üçüncülərdən oldu, yəni, həyata, insanların yanına çıxanlardan. Ona görə də, öz xarakteri, fərdi keyfiyyətləri və həyat tərzi ilə nümunə göstəriləcək şəxsiyyətlərdən biridir. Mənim nəzərimdə Zöhrab müəllimi xarakterizə edən ən ümdə meyar cəsurluğu, cəsarəti, igidliyi, necə deyərlər, hünəri və qeyrətidir. Onun bu keyfiyyətləri bütün fəaliyyətində, xüsusilə də Qazaxda polis rəisi işlədiyi dövrlərdə daha qabarıq nəzərə çarpmaqdadır.
Zöhrab müəllim nümunəvi polis rəisi kimi cinayətkarlığa, narkomaniyaya qarşı daim amansız döyüşdədir: bu döyüşdə silahdan başqa hətta o, sərt sözlərini, ifadələrini də zəhərli gülləyə çevirərək cəmiyyətə zidd əməllərə qarşı “vuruşur”. Peşəsinin tələblərinə uyğun olaraq, rəhbərlik etdiyi şöbənin işini canlandırmaqla ictimai-asayişin pozulmasında maraqlı olanların yuxusuna əməlli-başlı haram qatır. Əldə olunan bu nailiyyətlərin hansı əzab-əziyyətin bahasına başa gəldiyini DİN rəhbərliyi də yaxşı başa düşür və qiymətləndirir. Məhz həmin qiymətin nəticəsidir ki, kollegiya iclaslarında Qazaxın adı nazir Ramil Usubov tərəfindən nümunəvi rayonlar sırasında dəfələrlə çəkilib. Əlbəttə ki, Zöhrab müəllimi belə alnıaçıq və basılmaz edən bir tərəfdən cəsarəti, hünəridirsə, o biri tərəfdən də tamahsızlığı, ləyaqətidir. Onda ləyaqət hissi o dərəcədə güclüdür ki, nə tamahkarlıq edər, nə də kimdənsə nəsə umar. Fikrimcə, insanın böyüklüyü, azadlığı da öz hissləri, tələbatları ilə mübarizədə üzə çıxır.
Bəli, Zöhrab müəllim məhz belə - öz hissləri üzərində ağalıq edən azad, sözün əsl mənasında, böyük bir insandır! Onda xoşladığım və özümə də təlqin etməyə çalışdığım daha bir xüsusiyyəti mübarizliyi, doğru bildiyi üzərində inadkarlığı, axıradək getmək bacarığı və haqsızlığa qarşı dözümsüzlüyüdür. Deyə bilmərəm, bəlkə də, ötən illər ərzində bu keyfiyyətləri ona müəyyən problemlər yaşadıb, amma həqiqət budur ki, mübarizliyindən dönməyib, sanki, özünün daxili rahatlığını bunda tapıb. Zöhrab müəllim nadir şəxsiyyətlərdəndir ki, haqqa, ədalətə söykənməyi, dostluğa sədaqəti, xəyanətə nifrəti öz şəxsiyyətində və fəaliyyətində həmişə nümayiş etdirir.
Zöhrab müəllimi təkcə mənə yox, bütövlükdə Qazax camaatına sevdirən daha bir xüsusiyyəti isə onun el təəssübü çəkən, Qazaxın dərdini doğma el-obasının və özünün dərdi, sevincini öz sevinci bilən qeyrətli bir insan olmasıdır. Bəlkə də, doğma el-obasına sevgisindəndir ki, Qazaxa da sıx tellərlə bağlana bilib, özünü doğma ocağındakı kimi hiss edir. Qazaxlıların xeyir-şərində yaxından iştirak edir. Bir də görürsən, günün birində Zöhrab müəllim yolunu sərhəd yaxınlığında qərar tutmuş kəndlərə salar, kənd ağsaqqallarını bir yerə toplayıb onların maraqlı söhbətlərini saatlarla dinləməkdən doymaq bilməz. Bu mənada, Zöhrab müəllim, təkcə öz nəslinə və el-obasına deyil, azad və ləyaqətlə yaşamağı qarşısına məqsəd qoymuş hər kəsə nümunə olacaq bütöv və kamil bir şəxsiyyətdir   
Zöhrab müəllimi tanıyanlar yaxşı bilirlər ki, onun polis sisteminə gəlişi ciddi sınaqlardan, çətinliklərdən keçib, bəzən təsadüflər bu yolda taleyinə silinməz çalarlar əlavə edib. Ancaq yoruldum deməyib, bütün çətinliklərə sinə gərərək addım-addım irəliləyib. Hər dəfə qanunu pozanlara qarşı keçirilən əməliyyatlar zamanı əldə olunan kiçik qələbələrin nəticəsi olaraq nümunəvi polis zabiti adını şərəflə daşımaqdadır. Onun leksikonunda həm də, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək,  “belə asaram”, “belə kəsərəm”  demək yoxdur, hətta qarşısındakı qatı cinayətkar olsa da. “Heç kəs anadan cinayətkar doğulmur” prinsipinə söykənərək qanun pozucularını tərbiyələndirmək, bu yoldan çəkindirmək naminə gərəkən nə varsa, onu etməkdən çəkinmir. 
Çexovun sözüdür: “İnsanın hər şeyi gözəl olmalıdır: üzü də, paltarı da, qəlbi də, fikirləri də”. Yüksək daxili mədəniyyətə malik, mülayim təbiətli və təvazökar, aydın fikirli, işgüzar və məsuliyyətli, eyni zamanda, məqamında qaya kimi sərt bir insan kimi tanınan Zöhrab müəllimə Allah hər şeyi öz yerində, öz vədəsində verib. Zöhrab müəllim özünün nümunəvi əxlaqı, ədalətli davranışı ilə Qazaxlıların “fəxri vətəndaşı” titulunu bu rayona gəldiyi ilk günlərdə qazanıb, qazaxlılar da böyük fəxrlə onu özlərinə doğma övlad biliblər. Və mənə elə gəlir ki, Zöhrab İsmayılov bütün zamanlarda sadə qazaxlıların yaddaşında elə “Qazaxın Zöhrabı ” olaraq qalacaq...

P.S Bu günlərdə öyrəndim ki, "Azərinform" və Respublika İnformasiya Mərkəzi Qazaxda keçirdiyi rəy sorğusuna əsasən Zöhrab İsmayılovu "İlin nümunəvi dövlət məmuru" adına layiq görmüşdür. Bu münasibətlə Zöhrab müəllimi səmimi qəlbdən təbrik edir, ona işlərində müvəffəqiyyətlər, həyatda isə can sağlıqı arzulayırıq.

Fəridə Abdulfathi