backend

İqtisad Universitetinin müəllimi Saatlı sakininin mülkünü saxta yolla əlindən alıb-VİDEO

İqtisad Universitetinin müəllimi Saatlı sakininin mülkünü saxta yolla əlindən alıb-VİDEO


Mehmanxanası əlindən getmiş Malik Süleymanov Mübariz Məmmədli tərəfindən ölümlə hədələndiyini deyir

Saatlı rayonunda vətəndaşın mülkü əlindən alınıb. JAM.AZ xəbər verir ki, rayon sakini Malik Süleymanovun redaksiyamıza ünvanladığı şikayət məktubunda İqtisad Universitetinin professoru, “Azərmülk” MMC-nin direktoru Mübariz Məmmədlinin Saatlı rayon sakininə məxsus mülkün- “Saatlı-Mehmanxana” ASC-ni saxta sənədlərlə ələ keçirdiyi barədə bəhs olunur.

Malik Süleymanov yazır ki, 1999-cu ildə Saatlı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Saatl-Mehmanxana” ASC-nin 30% səhmlərini, 2006-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən isə qalan 70% səhmlərini alıb, mehmanxananın tam hüquqlu mülkiyyətçisi olub. O qeyd edib ki, mehmanxana keçmiş SSRİ dövründə inşa olunduğuna görə, uzun müddət baxımsız qalıb. «Binanın fasad hissəsi, dam örtüyü, tavan və döşəməsi tamamilə köhnəldiyi və bu səbəbdən binanın təmir olunmasına ehtiyac yaranmışdı. Mehmanxana Saatlı rayon İcra Hakimiyyətinin binası ilə üz-üzə idi və mehmanxananın görünüşü ətrafdakı yenicə təmir olunmuş inzibati binaların ahəngini pozurdu. Buna görə də Saatlı RİH-nin keçmiş başçısı cənab Vaqif Hüseynov mənimlə görüşərək, mehmanxananı təmir etdirməyi tapşırıb».

Şikayətçi vurğulayır ki, mehmanxananın təmir olunmasına böyük məbləğdə vəsait lazım olduğundan o, Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 2 ünvanında yerləşən “Azərmülk” MMC-nin rəhbəri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, əvvəlcədən tanıdığı Mübariz Məmmədli ilə görüşüb mehmanxananı təmir etdirmək üçün kredit almaqda ona köməklik göstərməsini xahiş edib. M.Məmmədli ilə razılaşdıqdan sonra Malik Süleymanovu “Azərmülk” MMC-nin hüquqşünasının adına vəkalətnamə verməyinin vacib olduğuna inandıra bilib. «Şərt də belə kəsildi ki, onun tanıdığı Bakı şəhəri 5 saylı Dövlət Notarial kontorunda “Azərmülk” MMC-nin hüquqşünasının adına vəkalət verim. Bundan sonra mən 5 saylı notarial kontorunda “Azərmülk” MMC-nin hüquqşünasının adına vəkalətnamə verdim. Amma mənə bəlli olmayan səbəblərdən kreditin alınması ləngidi və 2009-cu ildə Mübariz Məmmədli məndən yenə də əlavə vəkalətnamə aldı ki, bu dəfə krediti alıb ona verəcək».

Amma bu məsələdən iki il keçdikdən sonra, yəni 2011-ci ildə Malik Süleymanov bəzi sənədləri götürmək üçün Azərbaycan Dövlət Reyester Xidmətinə sorğu göndərir və işin də üstü burada açılır. Məlum olur ki, Mübariz Məmmədli onun adına olan mülkü, yəni “Saatl-Mehmanxana” ASC-ni saxta yolla, etibardan sui-istifadə edilməklə özününküləşdirib.

JAM.AZ-a göndərdiyi məktubunda M.Süleymanov qeyd edir ki, M.Məmmədli və onun əlbir olduğu şəxslər saxta imzalarla alqı-satqı edərək, guya, məxaric orderi ilə 20 000 manat pulun ona verildiyini göstəriblər. «Mənim mülkiyyət hüququma həyat yoldaşım da malikdir. Çünki ər-arvadın birgə nigahda olduğu dövründə əldə etdikləri əmlak onların ümumi əmlakıdır. Belə olan halda, M.Məmmədli və onunla bu işdə əlbir olan cinayətkar dəstə üzvləri, mənim əvəzimə imza etməklə saxtakarlığa yol veriblər. Bu isə ciddi qanun pozuntusudur. Bu cür qanunsuz əməllər nəticəsində 1999-cu ildən başlayaraq 2009-cu ilə kimi “Azərmülk” MMC-i tərəfindən 100-ə yaxın obyekt Saatlı rayonunda və başqa rayonlarda aldatma yolu ilə alqı-satqı olunub və mənimsənilib».

Şikayətçi sonda bildirir ki, o, Mübariz Məmmədli və onun adamları tərəfindən ölümlə hədələnir. Və Baş Prokurorluqdan bu məsələnin araşdırılmasını istəyir.