backend

Rusiyalı turistlər Dağlıq Qarabağa gətirilirlər

Rusiyalı turistlər Dağlıq Qarabağa gətirilirlər

Yürüşlər 6-8 nəfərlik qruplar halında təşkil olunur.

Rusiyada qeydiyyatdan keçən “Kavkaz Explorer” şirkəti Cənubi Qafqaz ölkələrinə, o cümlədən Dağlıq Qarabağa qanunsuz turist səfərləri təşkil edir.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, bu səfərlər turistik xarakter daşıyır və Qafqaz təbiəti ilə sıx təmasda olmaq, maddi-mədəni abidələri tanımaq məqsədilə həyata keçirilir.

Layihənin meneceri Dmitri Lemeşev, kulturoloq Dmitri Yeqorovdur. İdman turizmi üzrə təlimatçı heyətə Nadejda Kupriyançik və bir neçə bələdçi daxildir.

Adətən, Dağlıq Qarabağla bağlı səfərlərin təşkilatçısı Dmitri Yeqorov olur. Turistik yürüşlər 6-8 nəfərlik qruplar halında təşkil olunur. Turistlər Laçın, Kəlbəcər, Xankəndi, Şuşa və Ağdərə rayonları ilə tanış olur.

Şirkətin rəsmi səhifəsində təqdim olunan cədvələ əsasən, mayın 1-9-u və 23-31-i tarixlərində Dağlıq Qarabağa turist səfərləri təşkil olunub. Bundan başqa, iyunun 11-15-i tarixlərində layihə yaradıcıları işğal olunmuş torpaqlarımıza “Tanımadığımız Karvaçar (Kəlbəcər)” adlı turistik səfər də təşkil ediblər.

Rusiya vətəndaşları bu səfərlərdə iştirak etmək üçün 12 mindən 59 min rubla qədər vəsait ödəməlidirlər.

Şirkət səfər təşkil edilən ölkələr arasında Abxaziya, Cənubi Osetiya, Gürcüstan və Ermənistanın adını qeyd etsə də, Azərbaycan bu siyahıya salınmayıb.

Qeyd edək ki, Azərbaycanın ən səfalı guşələri məhz işğal altındakı Qarabağ bölgəsində yerləşir ki, orada da turistlərin gəzib, istirahət etmələri üçün çox münbit şərait var.