backend

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır

Bərdə Suvarma Sistemləri İdarəsinin müdiri kəndlinin, fermerin belini qırır
Bildiyiniz kimi, son illər əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, habelə əhalinin içməli suya tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir. Əhalinin maddi rifahının, sosial vəziyyətinin yaxşılaşdırılması torpaqlara və onların suvarılmasına diqqətin artırılmasına səbəb olub. Qeyd edək ki, dövlət tərəfindən bu sahədə müxtəlif layihələrin həyata keçirilməsi məqsədilə "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə hər il külli miqdarda vəsait ayrılır. Təəssüflə qeyd etməliyik ki, dövlət qayğısının olmasına baxmayaraq, bəzi rayonlarımızda suvarma suyu sektorunda inkişaf meylləri nəzərə çarpmır. Həmin rayonlardan biri də
Bərdədir. Rayonunda əhali suvarma suyunun olmaması səbəbindən ciddi əziyyət çəkir.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Sərdar Əhmədov qurumun balansında olan texnikanı yerli, eləcə də qonşu rayonlardakı sahibkarlara, fermerlərə icarəyə verir və bunun nəticəsində rayonda böyük problemlər yaradır: "Əvvəla onu demək istəyirəm ki, Bərdənin əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, həmçinin onun üzərində olan elektrik nasos stansiyaları, 2 su anbarı, Tərtər kanalı və subartezian quyularıdır. İdarə ümumilikdə 53949 hektar sahəyə xidmət edir. Rayondakı suvarma kompleksi, kanal və drenaj şəbəkələri, nəhəng qurğuların əsas hissəsi bərbad vəziyyətdədir. Hidrotexniki qurğuların və beton kanalların cari və əsaslı təmiri aşağı səviyyədə aparılır. Sərdar müəllim təmir-bərpa, yenidənqurma tədbirləri adı altında büdcə vəsaitlərini göyə sovurur. İdarə rəhbərliyi su istifadəçiləri arasında imkanına, cəmiyyətdəki mövqeyinə, qohumluq əlaqələrinə görə ayrı-seçkilik salır ki, bu da öz növbəsində haqlı narazılıqların yaranmasına səbəb olur".

Mənbəmizin bildirdiyinə görə, Bərdənin kəndlərində fəaliyyət göstərən drenlərin təmizlənməsi, yenidən istifadəyə verilməsi məqsədilə dövlət büdcəsindən hər il külli miqdarda vəsait ayrılır: "Həmin vəsaitlər təyinatı üzrə xərclənmir. Melioratorlar tərəfindən mütəmadi olaraq bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. İdarənin işçiləri əvvəllər olduğu kimi, yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşınalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bərdə rayon Suvarma Sistemləri İdarəsində maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitlərinin məqsədəuyğun istifadə olunmaması hallarına geniş yer verilir.

Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Bütün bunlar Bərdənin kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinlərini, yerli fermerləri narahat edir. Təsərrüfatların vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilməməsi məhsuldarlığa mənfi təsir göstərir, əhalinin ərzaq təhlükəsizliyinin etibarlı təmini məqsədinə nail olmaq işini ləngidir. Bundan başqa, idarənin hesabat sənədlərində, "forma-2" aktlarında kanalların, hidroqurğuların təmizlənməsi, təmiri, idarəyə texniki avadanlıqların alınması zamanı da ciddi nöqsanlara yol verilir. Sərf olunan məbləğin kağız üzərində şişirdilməsi nəticəsində dövlət büdcəsinə külli miqdarda ziyan vurulur". İddialara görə, Sərdar Əhmədov bütün bu işləri Bərdənin icra başçısı Vidadi İsayevə arxayın olaraq həyata keçirir. Bu haqda gələn saylarımızda araşdırma yazısı dərc edəcəyik. İnanmaq istərdik ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyi idarə rəisinin fəaliyyətini araşdırıb zəruri tədbirlər görəcəklər.


Qaynarxett.az