backend

CAMAATA DAHA BİR BƏD XƏBƏR - Bunu da gördük!

CAMAATA DAHA BİR BƏD XƏBƏR - Bunu da gördük!Metroda gediş haqlarının artırılmasına hazırlıq prosesi gedir

Politika.Az-a daxil olan məlumata görə, Bakı Metropoliten QSC Tarif Şurasına müraciət etməyi planlaşdırır.

Qurum sərnişindaşınmada zərərlə işlədiyi üçün gediş haqlarının qaldırılmasına hazırlaşır. Elektrik enerjisinin bahalaşması Metropoliten rəhbərliyinə bu addımı atmaq üçün ikiqat fürsət qazandırıb.

Amma hələlik ictimai rəy testdən keçirilir və cəmiyyətin reaksiyası öyrənilir. Bu məqsədlə mətbuatda Bakı Metropoliten QSC-nin zərərlə işləməsi haqda statistik məlumatlar yayılır.

Belə ki, ötən ilin 9 ayında sərnişin daşınmasından zərər 52.4 milyon manatdan çox olub. İlin 3 rübündə ödənilən gediş haqlarının məbləği 30 milyon 643.5 min manat, metropolitenin xərcləri isə 83 milyon 118.1 min manat olub. Buraya metroda reklam və ticarət yerlərinin icarəsindən əldə olunan vəsait daxil deyil.

«Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev demişdi ki, sərnişinlərin bir hissəsi xidmətlərdən güzəştlə istifadə edir və gediş haqqından azaddır.

Xərclərin artımı, eləcə də ödəniş edən sərnişin sayının azalması sərnişindaşımanın maya dəyərinə də təsir göstərib. Ötən ilin birinci yarısında bir nəfərin daşınması 52.4 qəpiyə başa gəlirdisə, 9 ayda bu göstərici 52.7 qəpiyə yüksəlib və bu, son hədd deyil.

Nəsimi Paşayev müsahibəsində 2016-cı ildə tikilən obyektlərin balansa götürülməsi, kommunal xidmətlərin (su təchizatı və tullantı suları, elektrik enerjisi) qiymətlərinin artmasının metropolitendə xərclərin çoxalmasına gətirib çıxaracağını söyləmişdi.

Məlumata görə, bu faktorlar metroda gediş haqlarının qaldırılmasına zəmin yaradır.

Əldə etdiyimiz bilgilərə görə, QSC rəhbərliyinin Tarif Şurasına müraciəti gözlənilir. Artıq elektrik enerjisinin bahalaşması məcbur edir ki, tariflər yenilənsin.

Bu isə ölkədə aztəminatlı ailələrə, tələbələrə, fəhlə sinfinə, bütövlükdə kasıb təbəqəyə zərbə olacaq. Çünki metrodan əhalinin imkansız təbəqəsi istifadə edir.

Bir neçə dəfə gediş haqlarının artırılacağı haqda xəbərlər yayılıb. Amma N.Paşayev təkzib edib. Bu il isə vəziyyət fərqlidir, itkilər və xərclər çoxalıb, istər-istəməz qiymət artımına gedilə bilər.


Qaynarxett.az