backend

2 saylı Bakı Peşə Məktəbində biabırçılıq

2 saylı Bakı Peşə Məktəbində biabırçılıq

Firudin Paşayevin qanuna sığmayan əməlləri


Ölkənin təhsil sistemində cərəyan edən hadisələr Təhsil Nazirliyinin məhz kadr məsələlərində ciddi nöqsanlara yol verdiyinə dəlalət edir. Bu nöqsanlar isə son nəticədə təhsil sahəsində həyata keçirilən əsaslı dövlət islahatlarının reallaşmasını əngəlləyir. Məlum olduğu kimi, bu gün ölkə rəhbərliyi Azərbaycanda təhsilin qabaqcıl dünya standartları səviyyəsinə çıxarılmasını prioritet məsələ kimi xüsusi diqqət mərkəzində saxlayır.

Digər tərəfdən isə bu məsələnin müsbət həlli də, bir çox hallarda olduğu kimi, konkret müəssisə və təşkilatlara rəhbərlik edən kadrların həm şəxsi, həm də professional keyfiyyətləri ilə müəyyənləşir. Etiraf etmək lazımdır ki, məhz bu baxımdan respublikada fəaliyyət göstərən bir çox tədris müəssisələrinə rəhbərlik hələ də irəli sürülən tələblərə qətiyyən cavab verməyən kadrlar tərəfindən həyata keçirilir. Elə bunun nəticəsidir ki, bəzi tədris müəssisələrinə rəhbərlik edən şəxslərin adı qalmaqallı məsələlərdə hallanır. Məsələn, qəzetimizin ötən sayında 2 saylı Bakı Peşə Məktəbində baş verənlər və peşə məktəbinin direktoru Firudin Paşayev barədə yazı dərc etmişdik. Məlumat üçün qeyd edək ki, 2 saylı Bakı Peşə Məktəbi Nərimanov rayonu, Əhməd Rəcəbli, 5V ünvanında yerləşir. Onu da qeyd edək ki, Firudin Paşayev vaxtilə 9 saylı liseydə direktor vəzifəsində çalışmış və deyilənə görə, orada böyük bir rüsvayçılığa yol vermişdir. İndi isə eynilə həmin əməllərini 2 saylı Bakı Peşə Məktəbində davam etdirmək niyyətindədir. Deyilənə görə, məktəbdə hər bir şey Firudin Paşayevin “nəzarəti” altındadır. Necə deyərlər, 2 saylı Bakı Peşə Məktəbində ondan xəbərsiz quş belə, uçmur. Əldə etdiyimiz məlumatlara görə, Firudin Paşayev müəllimləri məcbur edib ki, tələbələrin təqaüd kartlarını yığsın. Məsələn, elə tələbələr var ki, dərslərə gəlmir, amma işləyirlər. Məhz həmin tələbələrin təqaüd kartı əllərindən alınır və yalnız bu şəkildə onların dərsə gəlməməsinə göz yumulur. Firudin Paşayev illərdir ki, direktor vəzifəsində çalışır və o kürsüdə əyləşir. Necə deyərlər, sanki artıq yerini möhkəmləndirib. Çox güman ki, bu kimi əməllərin arxasında bir növ arxayınçılıq var. Çünki belə olmasa idi, Firudin Paşayev rəhbəri olduğu peşə məktəbində istədiyi əməli törətməz, istədiyi kimi qanunlar qoymazdı. Elə bu səbəbdəndir ki, pəşə məktəbinin müəllim kollektivi artıq cana yığılıb. Sadəcə olaraq, işlərindən olmamaq üçün tədris müəssisəsindəki haqsız durumlara göz yumurlar. Tələbələr öz etirazlarını müəllimlərə bildirsələr də, müəllimlər açıq-aşkar etiraf edirlər ki, məsələ onlarlıq deyil. Onlar sadəcə, əmr ediləni həyata keçirirlər. Bildirirlər ki, onlara deyiləni etməsələr, işlərindən ola bilərlər.

Göründüyü kimi, 2 saylı Bakı Peşə Məktəbində vəziyyət heç də qənaətbəxş deyil. Tədris müəssisəsinə rəhbərlik edən Firudin Paşayev yalnız öz şəxsi mənafeyi üçün addımlar atır, qanunları heçə sayır. Ümid edək ki, tez bir zamanda məsələ araşdırılaraq, öz həllini tapacaq. Biz, sadəcə olaraq, bu kimi durumların təhsilimizdə yaşanmamasının tərəfdarıyıq. Və hər bir vətəndaş kimi, gələcəyimizin savadlı olmasını istəyirik. Elə bu səbəbdən də, məsələni işıqlandırmağı özümüzə borc bildik.

Ardı var