backend

Mərkəzi Bank və manat üçün ən ağır ay gəlir…

Mərkəzi Bank və manat üçün ən ağır ay gəlir…










"Son günlər manatın dollara nisbətən möhkəmlənməsi ən çox müzakirə edilən məsələdir. Apardığımız monitorinqlər də göstərir ki, yanvar ayının sonundan başlayaraq dollara tələb azalıb. Hətta dollar təklifində də artımlar var”

Bu sözləri açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, yanvar və fevral aylarında dollara tələbin azalması gözlənilən idi: "Dekabr ayında idxal, borc öhdəliklərinin ödənilməsi və eləcə də səfərlərin sayında artımlar baş verir. Nəticədə ilin son ayında dollara olan artım növbəti ilin ilk ayında azalma ilə müşahidə edilir. Dövlət Neft Fondunun yanvar ayında cəmi 285 milyon dollar satması da həmçinin tələbin azalması ilə bağlı idi. Dollara tələbi artıq əsasən 3 faktor yaradır: idxalın həcmi, xarici borc öhdəlikləri və ölkədən xaricə pul transferi. Dollarlaşma səviyyəsi yüksək olduğu üçün artıq əhalinin yığımlarının strukturu manatın məzənnəsinə əvvəllər ciddi təsir etsə də, indi təsir xeyli dərəcədə azalıb. Çünki 2014-cü ildən sonrakı müddətdə nəinki əhali, hətta biznesin böyük əksəriyyəti yığımlarını xarici valyutaya çevirdilər. Bununla yanaşı, cari xərclər üçün yenə də manata ehtiyac var. Əslində, əks-dollarlaşma prosesinə başlaya bilərlərsə, Mərkəzi Bank həmin dollarların bir hissəsinin manata çevrilib sərmayəyə yönəlməsinə nail ola bilər”.

Dollara olan tələbin necə dəyişəcəyinə gəlincə, Vüqar Bayramov bildirib ki, əvvəlki illərin təcrübəsinə və eləcə də idxalın dövrü struktruna nəzər salsaq fevral ayının birinci yarısında dollara tələbin aşağı olması ənənəvi xarakter daşıyır: "Mərkəzi Bank üçün ən çətin aylar mart, avqust və dekabr ayları hesab edilir. Çünki bu aylar idxalın atması, bir sıra inkişaf etmiş ölkələrin də maliyyə ili martın 31-də başa çatdığı üçün xarici borc öhdəlikləri və xarici səfərlərin çoxluğu baxımdan dollara tələb yenidən yüksəlir”.

İqtisadçı qeyd edib ki, məhz bu səbəblərdən dollara tələb mart ayında yenidən yüksələcək: "Əgər Mərkəzi Bank Neft Fondunun bu ilki 7.5 milyard manatlıq transferinin bir hissəsini mart ayında hərraclara yönəldərsə, o zaman gələn ay tələbi optimallaşdıra bilər. O baxımdan, mart ayında Mərkəzi Bankın mövqeyi çox önəmli olacaq. Əslində 2017-ci ildə Neft Fondunun 14.5 milyard manatlıq büdcəsi fonunda Mərkəzi Bank bazarda aparıcı mövqeyini qoruyub saxlaya bilər. Neftin dünya bazar qiymətinin stabilləşməsi və Trampın dolları dünya bazarında zəiflətmək istəyi də valyuta bazarına psixoloji təzyiqi müəyyən qədər azaldır.

Bu isə o deməkdir ki, hərraclara xarici valyutanın çıxarılmasını təmin edən Mərkəzi Bank manatın məzənnəsinə təsir imkanlarını qoruyub saxlamaqdadır”. (BakiPost.az)