backend

“Qeyri-neft sənayesinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır”

“Qeyri-neft sənayesinin inkişafı üçün ciddi islahatlar aparılmalıdır”

“Sənaye mallarının ÜDM –dəki payı ötən illə müqayisədə 2.6% azalıb”

Dövlət Statistika Komitəsi 2014-cü ilin I rübüylə bağlı məlumatlar açıqlayıb. Həmin məlumatlara görə Azərbaycanda ÜDM-in 61,1 faizi istehsal sahələrinin, o cümlədən 46,0%-i sənayenin, 10,7%-i tikintinin, 4,4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 31,8%-i isə xidmət sahələrinin payına düşür. Bu faktlar Azərbaycanın sənayeləşməsi və neftdən asılılıqdan qurtulması mənasına gəlirmi?
Moderator.az saytının suallarını cavablandıran İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçı eksperti Rəşad Həsənov deyir ki:
“Hazırki vəziyyətdə ölkə iqtisadiyyatının neftdən asılılıqdan xilas olması haqqında danışmaq təbii ki, sadəlöhlük olardı. Çünki, neft-qaz sektorunun payı hələdə iqtisadiyyatımızın 43.7%-ni təşkil edir. Doğrudur ,rəsmi rəqəmlər qeyri-neft sektorunda ötən ilin anoloji dövrü ilə müqayisədə 7%-lik artımın olduğunu göstərir. Lakin, artım daha çox xidmət və tikinti sektorunun hesabına formalaşıb. 2014-cü ildə tikinti sektorunda artım daha çox dövlət layihələrindən qaynaqlanır. Yəni bu artıma əsas səbəb 2015-ci ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan Avropa Yay Olimpia Oyunlarıdır. Ümumiyyətlə son 10 ildə iqtisadi artımın böyük bir qismi dövlət xərcləmələri ilə əlaqədar baş verir. Lakin, bir nüansı da unutmaq lazım deyil ki, 2014-cü ilin birinci yarım illiyində qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının 56.3% olmasının digər bir səbəbi isə son 3 ildə neft –qaz sektorunda yaşanan tənəzzüllə əlaqədardır. Məhz bu sektorda yaradılan əlavə dəyərin sürətlə kiçilməsi son illər ölkə iqtisadiyatında durğunluğa gətirib çıxardı.
Digər maraqlı nüans isə bu ilin sənaye ili olmasına baxmayaraq bu sahənin ÜDM –dəki payının ötən illə müqayisədə 2.6% azalmasıdır. Təbii ki, azalmanı şərtləndirən əsas amil neft sektorundakı azalma ilə bağlıdır. Yəni qeyri-neft sənayesində baş verən artım neft sənayesində baş verən azalmanı kompensasiya edə bilmir.
Bilirsinizmi, ölkədə qeyri-neft sektorunun sürətlə böyüməsini indiki şərtlər daxilində gözləmək doğru deyil. Çünki, hazırda bu sektorun əsas istehlakçısı daxili potensial hesabına formalaşır. Məlum neft amili müstəqillik dönəmində digər sahələri unutdurdu. Xarici bazarlara çıxara biləcəyimiz rəqabəttutumlu markalar yaratmadıq. İndiki halda bizi dünyada təmsil edəcək tək marka SOCAR-dır, təəsssüf ki, bu da neft sektoruna aiddir.
Fikrimi başqa şəkildə ifadə etməli olsam qeyd etməliyəm ki, Azərbaycanda qeyri-neft sektorunun artımı ölkə əhalisinin tələbatı çərçivəsində ola bilər. Yəni xarici bazarlara çıxış kifayət qədər məhduddur və görünən də odur ki, hər yeni açılan müəssisə də əsas alıcını ölkə vətəndaşları arasında axtarır. Əslində hökumət 2020 İnkişaf Konsepsiyasında yaxşı bir hədəf müəyyən edib. Beləki, 2020-ci ilə dək adambaşına düşən qeyri-neft ixracının həcmi 1000 dollara çatdırılmalıdır. Lakin, bu məqsədə nail olmaq daha ciddi islahatlar tələb edir. İndiki halda bu göstərici 200 dollara yaxındır. Yəni təxminən beş dəfə artım baş verməlidr.
Ümumiyyətlə isə hazırda Azərbaycan iqtisadiyyatında neft sindromu davam etməkdədir. Neftdən asılılığın pis tərəfi isə odur ki, bu genişlənən sektor olmamaqla yanaşı tükənən istehsal amilidir.
Hazırki şəraitdə hökumət bu istiqamətdə addımlar atmalı, ixrac məqsədli istehsal vergidən tamami ilə azad edilməli, bürokratik əngəllər isə aradan qaldırılmalıdır.


qaynarxett.az