backend

Xətai rayonunda növbəti “ağac soyqırımı”

Xətai rayonunda növbəti “ağac soyqırımı”













"Ulu öndərin gözəl kəlamı var. O deyirdi ki, bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər. İndi bunlar gözümüzün önündə ağacları məhv edirlər, deyirlər gedin hara istəyirsiniz şikayət edin, heç kimdən qorxmuruq”.

Bunu virtualaz.org saytına Xətai rayonunun Xudu Məmmədov küçəsindəki 25, 27 və 29 saylı binalarda (metronun "Həzi Aslanov” stansiyasının yaxınlığı) yaşayan sakinlər deyirlər. Onların sözlərinə görə, yaşadıqları ərazidəki ağaclar yerli icra orqanları tərəfindən qanunsuz olaraq kəsilir.

Sakinlərin sözlərinə görə, qeyd edilən ərazi 1970-ci ildən abadlaşdırılmış uşaq meydançası, yaşıllığı ilə seçilən bir yer olub. Sonradan kimlərinsə "sayəsində” bu cür ərazi məhv edilib, hazırda da məhv edilməkdədir.

Bina sakini Cəmilə Ağayeva deyir ki, təxminən üç il bundan əvvələ kimi ərazidəki meydançada həm uşaqlar, həm də yaşlılar istirahət ediblər. Günlərin birində isə meydança dağıdılıb, ərazidə yeni bina inşa olunub: "Əlli ilə yaxındır ki, beşmərtəbəli binalarda yaşayırıq. Həyətimizdə gözəl uşaq meydançamız var idi. Gəldilər, sındırdılar, ağacları kəsib apardılar, yerində bina tikdilər”.

C.Ağayevanın sözlərinə görə, sakinlərə ətrafda təmir-bərpa işləri aparılacağına, yenidən oturacaqlar qoyulacağına söz verilib: "Nə uşaqların oynamağa, tərpənməyə, nə də yaşlıların oturmağa yeri qalmışdı. Bina tikildi, amma hələ də xeyli yer var. Bizə narahat olmamağı məsləhət gördülər, hər şeyin yenidən bərpa olunacağına inandırdılar. Ona görə də səsimizi çıxarmadıq”.

Bina sakinləri deyirlər ki, martın 9-da həyətdə ağacların növbəti dəfə kəsildiyini görüncə etiraz ediblər. Sakinlərin səs-küy qaldırmasından sonra iş dayandırılıb. Amma cəmisi iki gün sonra – 11 martda nəhəng və orta həmişəyaşıl ağaclar kökündən kəsilib, tələm-tələsik üstüörtülü yük maşınına yüklənib və ərazidən kənara daşınıb: "Gözümüzün qabağında şam ağaclarını kəsdilər, maşınlara yüklədilər. Gözəl ağaclardı, qoyardılar qalardı. Onu kəsənlər heç "uf” da elmədilər, elə bil bunlar əkmişdilər. Ağaclar kəsilən zaman sahə müvəkkili, Mənzil-istismar sahəsinin işçiləri də orda idi. İndi də deyirlər ki, bizim beşmərtəbəli binaların arasında 10 mərtəbəli bina inşa olunacaq. Deyirlər ki, gedin hara istəyirsiniz şikayət edin, buranı pulla almışıq, heç kimdən qorxmuruq”.

Sakinlər bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etdiklərini də deyiblər: "Bu gün nazirliyin iki əməkdaşı gəldi, məsələnin ciddi şəkildə araşdırılacağına söz verdilər”.


Xətai rayonunda növbəti “ağac soyqırımı”
Xətai rayonunda növbəti “ağac soyqırımı”

Xətai rayonunda növbəti “ağac soyqırımı”