backend

Efir tozanağı, yoxsa milli mənliyə təhqir dolu parodiya?

Efir  tozanağı, yoxsa milli mənliyə təhqir dolu parodiya?


Efir məkanımızın neqativ durumu barədə söylənilən tənqidi fikirlər əksər hallarda nədənsə bəzi televiziyalar tərəfindən narazılıqla qarşılanır. Məsələ ilə bağlı fərqli düşüncəni dilə gətirməyinə bəndsən. Səni elə borclu çıxarırlar ki, günahkar qismində ittiham obyektinə çevirib istintaq da çəkə bilərlər. Nəticədə rəhmətlik Karl Marksın "Kapital"ını yazdığını boynuna götürməli olarsan. Lakin bu yarımçıq telefizyonçular düşünmür ki, hər bir azərbaycanlını efirdən evəcən qarabaqara izləyən mənəvi aşınma təhlükələrini yayan elə özləridir ki, var. Bə görəsən öz nöqsanlarından danışmağı niyə sevmirlər bunlar? Obyektiv tənqiddən belə üşənən, qurdalayıb içində hansısa gizli tapşırıq və ya təpki axtaran kanal rəhbərləri əslində gülünc vəziyyətdə düşmüş olur.

Elektron KİV-lər üzərində formal da olsa ictimai nəzarətin gerçəkləşməsi əlbəttə ki, vacib olduğu qədər zəruri bir addım isayılmalıdır. Bu addım teleməkana cəmiyyətin marağını artırmaqla yanaşı, televiziyaların da üzərinə böyük məsuliyyət qoyur. Digər tərəfdən, etiraf etmək lazımdır ki, vətəndaş cəmiyyətində dövlətin teleməkana təsir rıçaqlarından ən önəmlisi də elə ictimai nəzarətin özüdür. Təəsüf ki, Milli Televiziya və Radio Şurası (MTRŞ), bu məsələdə maraqlı olan digər ictimai qurumlar gərəkli səlahiyyətlərə malik olmadığından dilimizin normlarına uyğun gəlməyən, efir mədəniyyətimizə zərər gətirən səbatsız proqramlara yalnız tövsiyə xarakterli münasibət bildirmək imkanındadır. Fikir verin, ictimaiyyət telemanipulyasiya yolu ilə ona təlqin edilən bəsit, millilikdən uzaq və yad bir düşüncə tərzinin əsirinə çevrilib. Şou proqramların böyük bir qismi tamaşaçını düzgün olmayan ovqata kökləyir. "Azmış" adamların efirə asanlıqla yol tapması telekanalların reytinq "derbi"sinə əslində mənfi təsir göstərir. Bu arzuolunmaz proses davam etdikcə milli ideologiya konsepsiyasının hələ də ciddi şəkildə formalaşmadığı Azərbaycanda ağır metastazlar verə bilər. Son zamanlar televiziyaların fəaliyyəti ilə bağlı ən yüksək səviyyələrdə səslənən narahatlıq dolu fikirlər də məhz bu məsələdən narahatlıqdan irəli gəlir. Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda tezliklə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üzrə bədii şuraların yaradıla biləcəyi xəbərlərini yalnız alqışlamaq lazımdır.

Efir məkanında gedən mənfi proseslərin hansı fazada olduğunu göstərməyə ehtiyac yoxdur. Dünyada heç bir analoqu olmayan milli-mənəvi dəyərlərə malik bir ölkənin sabahını düşünən hər bir ziyalı bunu görür və narahatlıq keçirir. Primitiv şoumənzərələrdən və şok biabırçılıqların bir-birini təkrarlayan uğursuz ekran variantından bezənlər əksər hallarda kanalı dəyişmək məcburiyyətində qalır. Olsa-olsa yalnız "kütləvi mədəniyyət"ə bab şit və düşük televersiyalar məhz elə milli-mədənii düşüncələri yetərincə qavramayan auditoriyaya hesablanıb. Belə auditoriyalarda aparıcı başbilənin öyrətmənliyi milli mənliyə təhqir dolu parodiyadan savayı bir şey deyil.

...Telekanalları bir-bir dəyişdikcə adları fərqli basmaqəlib "əkiz" şouların tanış aparıcı simalarına diqqətlə baxın. O güzgüdə kimlər görünmür! Adlarını çəkmirik. Siz onların uzun siyahısını onsuz da əzbər bilirsiniz. Bu şou qəhrəmanlarının ekran versiyası pula həris „mədəni“ dilənçiliyin daha təhlükəli mədəniyyətsiz variantıdır. Soruşmaq istəyirsən ki, oğru məmurun doğru variantını efirə buraxmaq yaradıcılığı ilə yaddaşlar fəth etdiyini düşünən ən baxımlı kanalların "suyu" təmizlənmədən niyə sadə insanlara içirdilir?

Dərd ondadı ki, reytinq axtaran televiziyalar obyektiv və sərt tənqidlərdən hələ də nəticə çıxarmayıblar. Çünki, bu tənqidləri eşitməyə belə hazır deyillər. Efir məkanımızı yabançı mənəvi işğallara məruz qoyan telekanallara qarşı sərt tədbirlər görməyin vaxtı onsuz da çoxdan keçib. Olsun ki, bu dəfə də keçənə güzəşt deyiləcək. Tamaşaçı bəsit və uğursuz teleekran variantlarının şüuraltı təsir dairəsinə düşməyində davam edəcək. Bu mənfi prosesin qarşısını ala biləcək tədbirlərin kecikməməsi gərəkdir. Ən azı sadə bir seyrçi kimi buna ümidliyik. Efir məkanında düşündürücü, paritet gözləyən ciddi verilişlərə böyük ehtiyac olduğu ekspert səviyyəsində dəfələrlə qeyd edilib. Xarici telekanalların verilişlərindən qaynaqlanan mədəni oğurluq gec-tez milli televiziyaları tamaşaçı gözündən salacaq. Belə "kopirovkalar"a, plagiatlığa son qoyulmayınca, efir məkanında müsbət nəticədən danışmaq mümkünsüz olacaq.