backend

Valideynlər həyacan siqnalı verirlər : “211 saylı məktəbdə Vaqif Babayev “pullu təhsil” sistemi formalaşdırıb”

Valideynlər həyacan siqnalı verirlər : “211 saylı məktəbdə Vaqif Babayev “pullu təhsil” sistemi formalaşdırıb”
















Məktəbdə "direktor vergisi"

Təhsil sahəsində hökm sürən rüşvətxorluğa qarşı hər zaman sərt mövqe sərgilənsə də təəssüf ki, bu yaranı hələ də tam sağaltmaq mümkün olmayıb. Xüsusilə orta məktəblərdə rüşvətin geniş yayılması Azərbaycan elminin gələcəyini təhlükə altında qoyur. Sirr deyil ki, bu gün əksər məktəblərdə rüşvət gündəlik iş prinsipinə çevrilib. Belə məktəblərin direktorları isə təhsilin keyfiyyətindən daha çox aylıq qazancın məbləğinin yüksəldilməsinin qayğısına qalırlar.

Rubrika.az saytına daxil olan məlumatlara əsasən 211 saylı orta məktəbdə yaranmış gərgin vəziyyət təkcə valideynləri yox, pedaqoji kollektivi belə narazı salıb. Məktəbin direktorunun kollektivə göstərdiyi münasibət onun Azərbaycan təhsilinə olan “sevgi”sinin bariz nümunəsidir.

Xatırladaq ki, 211 nömrəli məktəb 1963-cü ildə istifadəyə verilmişdir. Məktəb şəhid Akif Abdullayevin adını daşıyır. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 200 yerlik əlavə korpus tikilmiş, 2013-cü ildə əsas korpus əsaslı təmir edilmişdir. Məktəbdə 106 müəllim, psixoloq, uşaq birliyi rəhbəri şagirdlərin təlim tərbiyəsi ilə məşğul olur.

Məktəbin direktoru Vaqif Babayev bu təhsil ocağını “pullu məktəbə” çevirib. Verilən məlumatlara görə məktəbə şagird qəbulundan başlanan rüşvət prosesi sonrakı mərhələlərdə də davam etdirilir. Dərs saatlarının müəllimlər arasında bölüşdürülməsinin də xüsusi qiyməti var. Daha çox “görüm-baxım” edən müəllimlərin dərs saatı da çox olur. Həmçinin, müəllimlər hər ay “direktor vergisi” ödəməlidirlər.

Yuxarı siniflərdə dərsə davamiyyət çox zəifdir. Xüsusilə buraxılış siniflərində vəziyyət acınacaqlıdır. XI siniflərdə adı jurnalda qeyd olunub məktəbə gəlməyənlər yetərincədir. Bildirilir ki, bunun müqabilində valideynlər yetərincə məbləğ ödəyirlər. Rubrika.az saytına verilən xəbərə görə hər il Vaqif Babayev bu yolla böyük məbləğdə qazanc əldə edir.

Valideynlər il ərzində dəfələrlə şagirdlərdən müxtəlif adlar altında pul toplanıldığını bildirirlər. Şikayət edən valideynlərin övladları isə məktəbdən qovulmaqla hədələnirlər. “Vaqif Babayev 211 saylı tam orta məktəbi tamamilə rüşvət bataqlığına sürükləyib. Tezliklə tədbir görülməzsə bu təhsil ocağında vəziyyət tamamilə nəzarətdən çıxa bilər”-deyə valideynlər həyacanla bildirirlər.
Mövzu ilə əlaqədar məktəblə əlaqə saxladıq, direktorla əlaqə saxlaya bilməsək də, məktəbdən mövzu ilə bağlı Baş İdarəyə müraciət etməyimizi bildirdilər.
Mövzunu diqqətdə saxlayacağıq.

ARİF