backend

Rektor dəhşətli qəzada ölən 5 tələbənin təhsil haqqını qaytarmır - İttihamlar

Rektor dəhşətli qəzada ölən 5 tələbənin təhsil haqqını qaytarmır - İttihamlar












Bakı-Sumqayıt yolunda tələbələrin avtoqəzada həlak olmasından qırx gün keçdi

Vəkil Aslan İsmayılov həlak olmuş tələbələrdən birinin atası ilə görüşüb.

“Çox ağır söhbətimiz oldu. Birinci günlər həlak olmuş tələbələrin ailələrinə verilən vədlər yerinə yetirilməyib. Bu vədlər ailələrin faciələrini heç cür əvəz edə bilməsə də, təsəlli olardı.

Hadisənin günahkarları hələ də tam müəyyən olunmayıb. Ən əsası tələbələrin Sumqayıta getməyi yenə köhnə qaydada davam edir. Hər gün minə yaxın tələbənin Bakıdan Sumqayıta getməsi üçün universitet rəhbərliyi heç bir tədbir görməyib”.

Vəkilin sözlərinə görə, həlak olmuş tələbələrin ilin sonuna qədər ödədikləri təhsil haqları da ailələrinə qaytarılmayıb:

“Baş vermiş faciəyə bu cür səthi yanaşma, biganəlik yeni faciələrə səbəb olacağı şübhəsizdir. Bir daha həlak olan tələbələrin ailələrinə başsağlığı verib onlara səbr, səlahiyyət sahiblərinə isə vicdan diləyirəm”.

Ulus.Az-ın xəbərinə görə, həmin qəzada 5 tələbə dünyasını dəyişib. Martın 9-u səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır avtoqəza baş verib.

“Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yük maşınına çırpılıb. Nəticədə 5 nəfər ölüb, xeyli yaralı var. Məlumata görə, ölənlərin hamısı tələbədir.

Mikroavtobus Bakıdan Sumqayıta gedirmiş və sərnişinlərin çoxu tələbə olub. 2 tələbə hadisə yerində, 3-ü isə sonradan dünyasını dəyişib.

Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli “Ford”ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. O, digər “Ford”u ötməyə çalışır. Özü də sağdan.

Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl “ZİL” markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb.

“ZİL”in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. “Ford” ötmə əməliyyatı edəndən sonra sol zolağa qayıtmağa çalışır.

Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldakı mişar daşlarına dəyən “Ford” daha sonra sol tərəfdən “ZİL”ə çırpılıb.

Ulus.Az xatırladır ki, Namiq Hüseynov uzun illərdir “Ford” sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib.

Ölənlər Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı və 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızıdır.

Lakin BDU rektoru Abel Məhərrəmov biganəlik nümayiş etdirir və mərhum tələbələrin ailələrinə təsəlli üçün vəd olunan problemləri də həll etmir. Ən azından onların təhsil haqlarını qaytarmaq lazımdır.