backend

Paytaxtda kütləvi dava: 25 yaşlı oğlan 3 nəfəri bıçaqladı

Paytaxtda kütləvi dava: 25 yaşlı oğlan 3 nəfəri bıçaqladı

Binəqədi qəsəbəsi Yeni Yaşayış massivi mal bazarının yaxınlığında bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Nərimanov rayon sakini, 25 yaşlı Valeh Həsənov aralarında yaranan mübahisə nəticəsində 23 yaşlı Tural Rüstəmova qol nahiyəsindən, 36 yaşlı Anar Rüstəmova sidik kisəsindən, 34 yaşlı Tacəddin Abbasova isə qarın və kürək nahiyəsindən bıçaq xəsarətləri yetirib. Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlər onların həyatını xilas edə biliblər. Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilən Valeh Həsənov törətdiyi əməli etiraf edib. Məlum olub ki, Montin qəsəbəsində yerləşən kafelərdən biri fərdi sahibkar kimi Valeh Həsənovun adında qeydiyyatda olub. Həmin kafeni isə Anar Rüstəmov işlədib. Valehə evinə kafeyə görə cərimə gəlib. O, Anarın qardaşına borcu ödəmələri üçün zəng edib. Saxlanılan şəxsin sözlərinə görə, bu vaxt qardaşlar onu söyüblər. Nəticədə onlar mübahisə ediblər: "Axşam görüşəndə 6-7 nəfər üstümə düşdü. Ondan sonra mən də özümü müdafiə üçün bıçağı çıxarıb vurdum".

Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, saxlanılan Valeh Həsənov və zərərçəkmiş şəxslər hamısı hadisə vaxtı sərxoş olub. Valeh Həsənov əməlindən peşman olduğunu deyib: "Peşmanam. İndi olsa, heç getməzdim. Amma söydüyünə görə də vurmağıma peşman deyiləm. Atama söymüşdü".

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də məhkum olunub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Valeh Həsənov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.