backend

Biləsuvarda təhlükəli məktəb – VİDEO

Biləsuvarda təhlükəli məktəb – VİDEO



















Hər hansı bədbəxt hadisənin baş verməyəcəyinə isə heç kim zəmanət verə bilməz.

Qarşıdan gələn yeni tədris ilində Biləsuvar rayonunun Əsgərabad kəndində 500-ə yaxın məktəbli bu il dərsə illərdir qəzalı vəziyyətdə olan məktəbdə davam edəcəklər.

Qaynarxətt.info ANS PRESS-ə istinadən xəbər verir ki, məktəbin dam örtüyü yararsız haldadır. Müəllimlər deyirlər ki, payız və qış aylarında suya qərq olan sinif otaqlarında nəinki dərs keçmək, heç sinfə belə keçmək mümkün olmur.

Tikilinin tavan hissəsindəki beton atmaların yağış və qar sularının təsirinə məruz qalması burada təhlükə saçan çatların yaranmasına səbəb olub. Bu isə məktəbin tavanını hər an uçma təhlükəsilə üz-üzə qoyub.

Bundan başqa məktəbin kanalizasiya sistemi olmadığından, yağış suları axaraq məktəbin dəhlizinə dolur. Burada yaranmış bataqlıq isə tikilinin təməlinin müxtəlif hissələrinin çökməsinə şərait yaradıb. İsti havada sinif otaqlarında xoşagəlməz qoxu yaranır. Təhsil müəssisəsindəki istilik sistemindən isə heç söz açmağa dəyməz. Sinif otaqlarındakı əksər pəncərələrin şüşəsi qırıldığından qışda buranın isidilməsi mümkünsüz olur.

Məktəbin müəllimi Faiq Rzayev bildirib ki, vəziyyətlə bağlı dəfələrlə şikayət etsələr də, heç bir nəticə olmayıb. Problemlə bağlı Biləsuvar rayon Təhsil Şöbəsindən isə açıqlama verilməyib.

Qurum rəhbəri Balaqardaş Kazımov ümumiyyətlə, problemi işıqlandırmağımızı məsləhət görmədi. Biləsuvar rayon İcra Hakimiyyətindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, Əsgərabad kənd orta məktəbinə baxış keçirilib. Təhsil ocağının əsaslı təmir olunması artıq plana salınıb. Təmir işlərinin isə növbəti ildə reallaşacağı gözlənilir. O vaxta kimi isə bu bərbad məktəbdə hər hansı bədbəxt hadisənin baş verməyəcəyinə isə heç kim zəmanət verə bilməz.