backend

4 milyona yaxın azərbaycanlını maraqlandıracaq xəbər

4 milyona yaxın azərbaycanlını maraqlandıracaq xəbər




















Baş nazirin müavini yeniliklərdən danışıb.

Azərbaycanda 3-3,5 milyon insan icbari tibbi sığorta ödəmələrindən azad olacaq.

qaynarxett.az-un məlumatına görə, bunu baş nazirin müavini Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib. O bildirib ki, uşaqlar, pensiyaçılar, əlillər icbari tibbi sığorta ödəmələrindən tam azaddırlar.

“Etiraf etmək lazımdır ki, istənilən layihə maliyyələşməsi yetərli olduğu halda uğurlu alınır. Azərbaycanda səhiyyə dövlət tərəfindən maliyyələşir. Dövlətin maliyyə imkanları arqtıqca səhiyyəyə ayrılan büdcə vəsatinin həcmi də artırılır. Son illərdə səhiyyəyə ayrılan büdcə vəsaitinin artım tempi kifayət qədər yüksək olub.

Bu tempin gələcəkdə də saxlanacağına ümid edirəm. İndi özəl tibb müəssisələri şəbəkəsi yaranıb sürətlə inkişaf edir və bu kanal vasitəsi ilə əhali səhiyyə xidmətlərinə ödəmələr edir. Səhiyyənin maliyyələşməsində bu yeni forma öz mövqelərini getdikcə gücləndirir.

İcbari tibbi sığorta zamanı səhiyyənin maliyyələşməsinin ağırlığı, bu dəfə sığorta sistemi vasitəsi ilə, yenə də əsasən büdcənin üzərinə düşəcək. Bu, hər şeydən əvvəl, dövlətin sosial öhdəlikləri ilə əlaqədardır. Lakin səhiyyə xidmətlərinin keyfiyyətlərinin yaxşılaşdırılması zərurəti maliyyələşmənin yeni mənbələrinin axtarılıb tapılmasını tələb edir”.

Baş nazirin müavinin sözlərinə görə, vətəndaşların icbari tibbi sığortalanması bu mənada mühüm əlavə maliyyə mənbəyi kimi nəzərdən keçirilə bilər:

“Eynilə işəgötürənlərin də öz işçiləri üçün tibbi sığorta ödəmələrini həyata keçirməsi kimi vacib mənbə nəzərə alınmalıdır.

İcbari tibbi sığorta bütövlükdə sosial sığortanın bir növüdür və burada münasibətlər həmrəylik prinsipi əsasında qurulub. Qeyd etdiyim kimi, maliyyələşmənin əsas ağırlığı büdcənin üzərinə düşəcək. Başqa sözlə, bu gün səhiyyəyə ayrılan büdcə vəsaitinin müvafiq hissəsi icbari tibbi sığorta fonduna istiqamətlənəcək. Bununla yanaşı, vətəndaşların və işəgötürənlərin də icbari tibbi sığorta fondunun formalaşmasında rolu təmin edilməlidir.

İşəgötürənlərin icbari tibbi sığorta fondunun formalaşmasında iştirakı belə bir həqiqətin dərk edilməsinə əsaslanır ki, işçinin xəstələnməsi və işə çıxmaması müəssisəyə onun müalicəsinə çəkilən xərcdən baha başa gəlir. Bü gün öz işçilərinin müalicə xərclərini ödəyən iri işəgötürənlərin sayı getdikcə artmaqdadır.

Mütəşəkkil formada icbari tibbi sığortalanmanın həyata keçirilməsi konkret işəgötürənin öz işçilərinin müalicəsi ilə əlaqədar xərclərini xeyli azaldır. Hesab edirəm ki, işəgötürənlər əməkhaqqının 2 - 2,5 faizi miqdarında icbari tibbi sığorta ödəmələrini həyata keçirməklə işçilərinin sağlamlığına və dolayısı ilə öz müəssisəsinin daha çox itkilərdən qorunmasına nail olunduğuna anlaşma ilə yanaşacaqlar”.

Əli Əhmədov həmçinin qeyd edir ki, vətəndaşların həmrəylik prinsipinin əhəmiyyətini lazımınca qiymətləndirəcəyinə inanıram.

“Hər kəs, cüzi də olsa, icbari tibbi sığorta ödəmələrində iştirak etməyə hazır olmalıdır. Əgər dövlət vətəndaşın sağlamlığının qorunması üçün böyük vəsaitlər xərcləyirsə, imkanı olan vətəndaşın icbari sığorta ödəmələrindən boyun qaçırması ən azından, başa düşülməz.

Əvvəla, insan özü öz sağlamlığının qayğısına qalmalıdır və bu qayğının bir ifadəsi də icbari tibbi sığorta fondunun formalaşmasında iştirak etməkdir. Etiraf edək ki, əməkhaqqının 1-2 faizinin icbari tibbi sığorta fonduna köçürülməsi ailə büdcəsinə elə də böyük yük olmaz.

İkinci tərəfdən, bununla hər bir vətəndaş böyük xərclər çəkmədən özünün və ailəsinin daha etibarlı tibbi xidmətlər almasını təmin etmiş olur. Hamıya aydın olmalıdır ki, icbari tibbi sığorta haqlarını intizamla ödəməklə insan sağlamlığı ilə əlaqədar ortaya çıxan problemləri aradan qaldırmaq üçün daha artıq xərclərdən sığortalanmış olur.

İcbari tibbi sığortanın mahiyyəti elə bundan ibarətdir. Bunu cavan da, yaşlı da dərk etmək zorundadır. Əgər cavan bir insan illərlə həkimə müraciət etmirsə, bu onu icbari sığorta ödəməsindən boyun qaçırmağa sövq etməməlidir.

O, bu gün daha çox müalicəyə ehtiyacı olan insanlara yardım edir ki, özü yaşlananda həkimə zəruri çoxsaylı müraciətlərinin cavan və səhiyyə müəssisələrinə müraciət etməyən əhalinin icbari sığorta ödəmələri vasitəsi ilə qarşılanmasına mənəvi haqqı çatsın".

Baş nazirinin müavini bildirir ki, səhiyyədə müşahidə olunan ümumi meylin biri ondan ibarətdir ki, tibbi xidmətlər bahalaşır.

“Müasir avadanlıqlar, dərman vasitələri və s. tibbi ləvazimatlar və ya alətlər təkcə keyfiyyəti ilə yox, həm də qiymətinin baha olması ilə fərqlənir. Deməli, müalicənin bahalaşması qaçılmazdır. Dünyanın bütün ölkələrinin qarşılaşdığı bu problem Azərbaycanda özünü göstərməyə bilməz.

Çalışmaq lazımdır ki, səhiyyə maliyyə qıtlığı hiss etməsin və ya həddən artıq çox hiss etməsin. İcbari tibbi sığortaya dövlətlə yanaşı, insanlar və bütünlükdə cəmiyyət nə qədər həssas yanaşsalar, keyfiyyətli tibbi xidmətin maliyyə əsası da o qədər etibarlı olar”.