backend

Qarabağ əlili başçıdan giley edir - Naftalanda

Qarabağ əlili başçıdan giley edir - Naftalanda
















Naftalan rayon icra başçısının göstərişini öz idarə etdiyi ərazidə belə hesaba qoyan yoxdur

Hər halda Qarabağ müharibəsi əlili Qarayev Seyfəddin Xamoy oğlunun Ovqat.com-a göndərdiyi məktubdan belə anlaşılır.

S. Qarayev şikayət məktubunda bildirir ki, Azərbaycan hakimiyyətinin müharibə əlillərinə göstərdiyi qayğıya rayonlarda, o cümlədən Naftalanda kölgə salmaq istəyən məmurlar var. Belə ki, 2009-cu ildə ölkə başçısı İlham Əliyev S. Qarayevin vətən uğrunda fədakarlığını və ağır şəkildə yaralanmasını nəzərə alıb ona maşın hədiyyə edib. Bundan sonra əlilə rayonda da diqqət artıb. 2011-ci ildə Seyfəddini böyük təmtəraqla qəbul edən icra başçısı Natiq Aslanov ailəsini dolandıra bilməsi üçün ona ictimai iaşə obyekti tikməsinə icazə verib. Hətta rayonun bir çox idarəetmə strukturlarına da zəng edib, əlilin bu istəyini yerinə yetirmək üçün tələb olunan bütün sənədlərin hazırlanmasını tapşırıb. Di gəl ki, göstəriş şifahi olduğundan havadan asılı vəziyyətdə qalıb. Seyfəddin Qarayevin düz 6 ildir rayonda döymədiyi qapı qalmayıb. Amma açmaq istədiyi həmin obyektin sənədlərini hazırlamaq mümkün olmayıb.

Əlilin bildirdiyinə görə, ona doğulub boya-başa çatdığı rayonda göstərilən bu yad münasibət istər-istəməz gənclərin vətənpərvərlik hislərinə də mənfi təsir göstərir. Həqiqətən də, II qrup Qarabağ əlilinin öz ailəsini dolandırmaq və müalicəsini təmin etmək istəyinin bu cür süründürməçiliyə məruz qalması başa düşülən deyil.

Naftalanın Qaşaltı Qaraqoyunlu kəndində 1969-cu ildə anadan olan Seyfəddin bəy Qarabağ döyüşlərinə könüllü gedən vətəndaşlarımızdandır. Müharibə zamanı Yevlax texnikumunda mühasibat uçotu bölümündə oxuyan şikayətçi həm də Naftalan musiqi məktəbinin yetirməsidir. 1991-ci ildə Qarabağdan gələn qara xəbərlər bir çox vətənpərvər oğullarımız kimi onu da təhsilini yarımçıq buraxıb silaha sarılmağa vadar edib. 1991-ci ildə könüllü cəbhəyə yollanan Seyfəddin bəy, bir vaxtlar Milli qəhrəman kimi adı dillər əzbəri olan Rasim Əkbərovun rəhbərlik etdiyi Goranboy-Naftalan könüllülər batalyonunda döyüşüb. Bir ildən sonra həmin silahlı dəstə dağıldığından, o, Şəmkir batalyonuna qoşulub və rayonun Seyfəli kəndində bir ay təlim keçdikdən sonra müxtəlif bölgələrdə döyüş yolu keçib.

S. Qarayev 1993-cü ildə Ağdamın müdafiəsi zamanı ağır yaralanıb. Onun öldüyünü düşünüb morqa aparıblar. 3 gün morqda qaldıqdan sonra qardaşı tərəfindən tapılıb və hələ sağ olduğu müəyyənləşdirilib. Bundan sonra onu təcili Goranboy xəstəxanasına aparıblar. 15 gün həmin xəstəxanada həyata tutunaraq yaşayan Seyfəddin bəy daha sonra Bakıdakı hərbi qospitala göndərilib. Bakı qospitalında tam reabilitasiyası isə 1 il 4 ay çəkib. Hazırda çətinliklə də olsa, hərəkət edə bilir, ayağının birində çıxarıla bilməyən qəlpə indiyə qədər əlilə əziyyət verir.

Seyfədddin Qarayev ölkənin indiki ağır zamanında ailəsini ümid bağladığı ictimai-iaşə obyektilə dolandırmaq arzusundadır. Çünki onun sağlamlıq vəziyyəti başqa cür həyatda qalmasına da imkan vermir. Nə yazıq ki, canını vətən torpağı üçün fəda etməkdən çəkinməyən Seyfəddinə indi boya-başa çatdığı rayonunda bir ovuc torpaq belə, çox görülür. Hər halda Seyfəddin bəyin özü get-gələ salınmasını ancaq bu cür qiymətləndirə bilir.Məsələ ilə bağlı münasibət öyrənmək üçün Naftalan ŞİH ilə əlaqə saxlamaq istədik, ancaq dəstəyi qaldıran olmadı.
Bolgexeber.com