backend

Nikaha girənlər üçün vacib xəbər - VİDEO

Nikaha girənlər üçün vacib xəbər - VİDEO




















“Bu, həkim sirridir və ona uyğun qərar qəbul edə bilərlər”.

Milli Məclisdə Ailə Məcəlləsinə, İnzibati Xətalar və Cinayət Məcəllələrinə ediləcək dəyişikliklər nikaha girənlərin işini bir az da artıracaq. Amma bu iş artımı elə gənclərin özlərinin də xeyrinə olacaq. Belə ki, ailə qurmaq istəyən hər iki şəxsin sağlamlıq haqqında tibbi arayışı təqdim etməsinin məcburi olması nəzərdə tutulur.

qaynarxett.az xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsindən ANS TV-yə verilən məlumatda bildirilənə görə, nikaha daxil olan şəxslər bir-birlərinin sağlamlıq vəziyyəti barədə məlumat əldə etmək məqsədilə vətəndaşlıq vəziyyəti aktlarının, dövlət qeydiyyatı orqanına, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəliklər üzrə tibbi müayinədən keçmələri haqqında arayış təqdim etməlidirlər.

Bu zaman cütlüklərin saxta arayışlar təqdim etməsi və onların qəbuluna qarşı cəzalar da nəzərdə tutulur. Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri barədə peşə və xidməti fəaliyyəti ilə bağlı məlumata malik olan şəxslər bu məlumatları sirr olaraq saxlamağa borclu sayılırlar.

Millət vəkili Musa Quliyevin sözlərinə görə, tibbi müayinələrin nəticələri barədə onlar yalnız bir-birinə məlumat verə bilərlər:

“Bu, həkim sirridir və ona uyğun qərar qəbul edə bilərlər. Ailə qursunlar, ya yox. Yaxud ailə qursalar hansı fəsadlar ola bilər. Hansı xəstəliklər cinsi, irsi yolla keçir. Bunların da siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən ediləcək. Artıq nikaha girənlər gələn ildən icbari tibbi müayinədən keçəcəklər”.

Həkimlərin fikrincə, Azərbaycan bir çox xəstəliklər üçün endemik zona olduğundan, talasemiya və digər irsi xəstəliklərin qarşısının alınmasında müayinələrin xüsusi rolu ola bilər. Ona görə də cütlüklərin bir sıra tibbi analizlərdən keçməsi vacibdir.

Həkim-ekspert Adil Qeybullanın sözlərinə görə, bu müayinələrdə mütləq şərtlərdən biri anonimliyin saxlanılmasıdır. Amma bu müayinələr cütlüklərin sağlamlığının necə qeydinə qalmalı olduğunu və gələcəkdə ailə planlaşdırılması zamanı diqqətli olmalı məqamları müəyyən edəcək. Yəni nikaha daxil olmaq üçün alınacaq tibbi arayış sevənləri ayırmayacaq. Sadəcə onların və dünyaya gətirəcəkləri övladlarının sağlamlığının qarantı olacaq ki, bu da hər kəsin arzusudur.