backend

SOCAR Rumıniyada 30-cu məntəqəsini açır

SOCAR Rumıniyada 30-cu məntəqəsini açır





















Şirkət bu məntəqələrin sayını 100-ə çatdırmaq niyyətindədir.

“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi və “Neftçilər Günü” ərəfəsində SOCAR-ın Rumıniya nümayəndəliyi bu ölkədə sayca 30-cu yanacaqdoldurma məntəqəsini (YDM) istifadəyə verəcək.

qaynarxett.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nümayəndəliyin rəhbəri Həmzə Kərimov məlumat verib.

Direktor bildirib ki, yeni açılacaq YDM Rumıniyanın qərb regionunda SOCAR-ın növbəti investisiyası olacaq:

“Rumıniya ərazisində “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin şəbəkəsi ilbəil genişlənir. SOCAR Rumıniya bazarına 2011-ci ildə daxil olub. Qısa zaman ərzində Rumıniyanın 11 regionunda SOCAR brendi altında 29 yanacaqdoldurma məntəqəsi müştərilərin ixtiyarına verilib və burada 400-ə yaxın insan işlə təmin olunub. Qarşıya qoyulan əsas məqsədlərdən biri də Rumıniyanın bütün regionlarını əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaq və beləliklə, bazarın 10%-nə sahib olmaqdır”.

Xatırladaq ki, artıq Azərbaycanın 3 rəngli bayrağı paytaxt Buxarestdə də dalğalanır. Bu ilin fevralında Buxarestdə “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. YDM-lərdən istifadə edən müştərilərə “Nar” kafedən ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.

Nümayəndəliyin rəhbəri onu da bildirib ki, cari ilin ilk 6 ayı ərzində SOCAR Rumıniyada xarici investorlar arasında ilk sırada qərarlaşıb.

Rumıniya Ticarət Qeydiyyat İdarəsinin məlumatına görə, 2014-cü ilin birinci yarısında Rumıniyaya xarici investorlar tərəfindən 1,5 milyard avro sərmayə yatırılıb. Sevindirici haldır ki, İdarənin yaydığı məlumatda SOCAR-ın Rumıniya nümayəndəliyi 50 böyük xarici investor arasında 3-cü yerdə qərarlaşıb