backend

Politoloq Lavrovun Qarabağla bağlı sözlərini şərh etdi: “Qərbi bizə “xoxan” kimi sırımasınlar...”

Politoloq Lavrovun Qarabağla bağlı sözlərini şərh etdi: “Qərbi bizə “xoxan” kimi sırımasınlar...”

“Lavrov yəqin demək istəyib ki, NATO Şərqə doğru genişlənməsəydi, Avropa İttifaqı Şərq Tərəfdaşlıq Proqramını irəli sürməsəydi və ya ABŞ Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirməsəydi, Dağlıq Qarabağ münaqişəsi həll olunacaqdı”.

Moderator.az bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvadakı universitetlərin birində çıxışı zamanı dediyi “Qərb bizim təklifləri qəbul etsəydi, Dağlıq Qarabağ və Dnestryanı münaqişələr çoxdan həll olunardı” sözlərini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yuxarıda sadalanan mövzulara heç bir dəxli yoxdur: “Nə Ermənistan, nə də Azərbaycan NATO-ya üzvlüyə can atır, ərazilərində Qərbin hərbi bazaları da yoxdur. Qərb Cənubi Qafqazda yalnız Gürcüstanda varlığını qoruyur. Rusiya istəsə Dağlıq Qarabağ münaqişəsinin həllini bir günün içində sürətləndirə bilər. Vassalı olan Ermənistan hakimiyyətinə deməlidir ki, ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldın. Kreml bunu İrəvana demək istəmir və münaqişənin uzanmasına görə topu Qərbə atır”.

Onun fikrincə, Qərb Ukraynanı və Gürcüstanı Rusiyadan uzaqlaşdırıb, eyni sözləri Azərbaycana və Ermənistana şamil etmək mümkün deyil. Politoloq vurğulayıb ki, Qərb Rusiyanın bütün təkliflərini qəbul etsəydi belə Moskva Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyəcəkdi: “Qərblilər özləri deyirlər ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyadan asılıdır. Ona görə də Qərbi bizə “xoxan” kimi sırımasınlar. Azərbaycanda buna yalnız rusiyapərəst “5-ci kolon” inanar və başqalarını da bu mifə inandırmağa çalışar”.