backend

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı kimə xidmət edir?

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı kimə xidmət edir?














Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Mehbalıyevin sədri olduğu Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin fəaliyyəti ilə bağlı mətbautda çoxsaylı tənqidlər, ittihamlar səslənib. Qeyd edək ki, faktiki olaraq dövlət nəzarətindən kənarda olan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqında nələrin baş verdiyi tam məlum deyil. Məlum olan odur ki, hər ay yüz min minlərlə təhsil işçisinin əmək haqqından Həmkarlar İttifaqına ödənişlər tutulur. Həddindən artıq böyük miqdarda olan bu pulların hara xərcləndiyi haqqında şəffaf məlumatlar yoxdur. Həmkarlar İttifaqının əməkdaşları bu pulların bir hissəsinin təhsil işçilərinin sosial vəziyyətinin yaxşlaşdırılmasına xərcləndiyini iddia edir. Ancaq bir çox hallarda sosial vəziyyəti ilə əlaqədar yardım alan təhsl işçilərinin bu yardımdan ümumiyyətlə xəbəri olmur. Əgər, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev bu iddialarla razı deyilsə, rəhbərlik etdiyi İttifaqın yerli idarələrindən birinin, məsələn Əzizbəyov rayon Komitəsi tərəfindən maddi yardım edilən təhsil işçilərinin siyahısını açıqlasınlar. Əgər bunu etsələr, maddi yardım edilən şəxslərin bu yardımdan xəbərləri olub-olmadığı məlum olacaq.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının hesabına hər ay faktiki məcburi olaraq təhsil işçilərindən tutulan üzvülük haqqının bir hissəsi konfranslar, müsabiqələr, seminarlar və treninqlərin keçirilməsinə, bir hissəsi təhsil işçilərinin istirahətinin təşkil olunmasına sərf edilir. Məlumata görə, bu əməliyyatın da şəffaflığı təmin edilmir. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi və yerli komitələri tərəfindən istirahət mərkəzlərinə verilən "putyovka”ların çox kiçik bir hissəsi əsl sahiblərinə çatır. Əgər son bir neçə ilin məlumatları açıqlansa məlum olacaq ki, eyni şəxslər hər il istirahət mərkəzlərinə "putyovka”lar qazanıb. "Putyovka”larla bağlı digər bir iddia isə ondan ibarətdir ki, təhsil işçilərinə verilməli olan həmin "putyovka”lar sadəcə olaraq müəyyən imtiyazlı adamlara satılır. Əlbəttə, onların arasında təhsil işçiləri də var. Ancaq sıravi təhsil işçiləri belə imtiyazlara malik deyil. Əgər, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi bu iddialarla razı deyilsə, buyurub son iki ayda istirahət mərkəzlərinə "putyovka” qazanan təhsil işçilərinin siyahısını açıqlasınlar. O zaman bütün söz-söhbətlərə son qoyulacaq. Hələlik isə həmin söz-söhbətlər gündəmdən düşməyəcək. Hansı ki, bütün bu prosesdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədri Səttar Mehbalıyevlə yanaşı, onun birinci müavini Hümbət Nağıyevin və Mübariz Yusifov adlı şəxsin adı hallanır. İddialara görə, Mübariz müəllim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində maliyyə şöbəsinin müdiri eyni zamnda katib vəzifəsini tutur. Bütün əməliyyatlar, o cümlədən də "putyovka”ların verilməsi məhz onun nəzarətindədir. Mübariz müəllim Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Mehbalıyevin ən yaxın adamı və sağ əli hesab olunur. Ona görə də bu şəxsin nəzarəti altında aparılan maliyyə əməliyyatlarından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Mehbalıyevin xəbərinin olmaması inandırıcı görünmür. Çox güman ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Mehbalıyev "putyovka”ların imtyiyazlı şəxslərə 370-400 manata satılmasından xəbərdardır. Məlumata görə, Nabranda yerləşən "Təhsil İstirahət Mərkəzinə” 1100 manatlıq "putyovka”ların 15 faizni ödəyən təhsil işçisi onu qazana bilər. 1100 manatın 15 faizi təxminən 165 manat edir. Belə görünür ki, Mübariz müəllim Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının hesabına özünə və himayədarlarına çox uğurlu biznes qurub. Bütün bu məsələlərə eyni zamanda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Respublika Komitəsi ilə "Təhsil İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti arasındakı işbirliyinə həsr olunmuş araşdırmamızda bütün sualara aydınlıq gətirməyə çalışacağıq.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı kimə xidmət edir?














Təhsil İstirahət Mərkəzi” MMC-ni kim himayə edir?


Azərbaycandakı istirahət mərkəzlərindəki yüksək qiymət ölkə vətəndaşlarının gəlirlərinə uyğun olmadığı üçün cəlbedici deyil. Məsələn, "Təhsil İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xaçmaz rayonu, Nabran istirahət zonasındakı istirahət mərkəzinin 10 günü iki nəfər üçün 1100 manatdır. 1100 manata Gürcüstanda daha artıq və daha yüksək səviyyəli istirahət mərkəzlərində dincəlmək olar. Buna görə Azərbaycandakı istirahət mərkəzləri fəaliyyətlrini davam etdirə bilmək üçün imtiyazlar əldə etməyə üstünlük verirlər. Əks halda onların əksəriyyəti bağlanmaq təhlükəsi ilə üzləşər. 2013-cü ildə yaradılan, hüquqi ünvünı Xaçmaz rayon Xuray kəndi olan "Təhsil İstirahət Mərkəzi” MMC-nin də gəliri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının hesabına bu istirahət mərkəzinə gələn imtiyazlı turistlərdir.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbərliyi və yerli komitələri tərəfindən bu istirahət mərkəzinə verilən "putyovka”ların kimlərə və hansı şərtlərlə verilməsi başqa bir mövzunun söhbətidir. Hələlik isə qeyd edək ki, "Təhsil İstirahət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru İlham Yusifov həm də turislərdən pul qazanmağa imkan tapır. Belə ki, bu istirahət mərkəzində kiçik yaşlı övladı ilə gedən cütlük əlavə olaraq 10 gün üçün 82 manat ödəməlidir. Bundan başqa istirahət mərkəzi ərazisindəki bir çox əyləncələrə görə turistlər pul ödəyirlər. Bütün bu ödəmələr isə heç bir rəsmiləşdirmə olmadan həyata keçirilir. Yəni İlham Yusifovun rəhbərlik etdiyi "Təhsil İstirahət Mərkəzi” MMC-i bununla həm də vergidən yayınır. Bütün bunlar isə yüksək himayə olmadan mümkün deyil. Bu himayəni isə ancaq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədri, deputat Səttar Mehbalıyev kimi mövqe sahibi həyata keçirə bilər. Bu işbirliyindən isə hər iki tərəf qazanır. Əks halda bu əməkdaşlıq mümkün olmazdı. Bütün bu iddialara "Təhsil İstirahət Mərkəzi” MMC-nin rəhbəri İlham Yusifovun münasibətini öyrənməyə çalışacağıq.

Məqalədə adı keçən şəxslərin mövqeyini hər zaman dinləməyə hazırıq. Əlbəttə, əgər deyəcək sözləri varsa...

A.Nəbiyev,

"Yeni Sözçü” qəzeti