backend

At əti satdığına görə tutulan şəxs azadlıqda – YENƏ LEŞ ƏT SATIR

At əti satdığına görə tutulan şəxs azadlıqda – YENƏ LEŞ ƏT SATIR

“Leş ət” mafiyasının Bakının bazar və dükanlarında piştaxtalara murdar ət tədarük etməsi yeni söhbət deyil. İllərdir ki, ölkənin dörd bir tərəfindən murdar ətlər paytaxta daşınır, konkret ünvanlarda qablaşdırılaraq, satışa hazır vəziyyətə gətirilərək satılır. “Leş ət” mafiyasına qarşı hüquq mühafizə orqanlarının hərəkətliyi yetərli deyil. Bu gün murdar ət satan tutulur, sabah isə yenə də işini davam etdirir.

Qaynarxett.az musavat.com-a istinadla xəbər verir ki, Facebook istifadəçisi Teymur Həsənov murdar ət satan birinin fotosunu paylaşayaq yazıb: “2-3 ay bundan öncə at əti satdığına görə bu adamı tutmuşdular. Əsgər yoldaşımdı. Keçən həftə gördüm təsadüfən. Dedi yenə həmin işdəyəm, pis deyil qazancım. İstəsən, gəl birlikdə işləyək. At ətini dönərxanalara satır. Mənə maraqlı olan bunun nə satması, hara satması deyil. Cəhənnəmə satsın. Bəs yaxşı, bu adamı necə azadlığa buraxdılar? Belə adamlara həbs düşmürmü? Adam fakt at əti satdığına görə tutulmuşdu, amma indi azadlıqdadır”.

Bu statusa yazılan şərhlər də maraqlıdır. Məsələn Şakir Məmmədov adlı istifadəçi yazır: “Biz hamımız, bilmədən o qədər at əti yemişik ki. Kolbasanın 70 faizi at ətidir. Kolbasa ona görə ucuzdur”.

Hər kəsi narahat edən bu mövzunun mətbuatda uzun illərdir ki, dartışılmasına baxmayaraq, “leş ət” mafiyasını dayandırmaq mümkün olmur. Ölkənin dörd bir tərəfindən paytaxta at-eşşək, ölmüş mal-qaranın ətini daşıyıb gətirirlər. Tutuldular, cərimələrini ödəyib işlərinə davam edirlər. Kənardan baxanda belə görünür ki, sanki hüquq-mühafizə orqanları, müvafiq qurumlar “leş ət” mafiyası”nın qarşısında acizdirlər. Doğrudanmı belədir?

Leş ətlərin və onlardan hazırlanan kolbasa məhsullarının əhaliyə satılması ilə bağlı məsələ də diqqət mərkəzindədir. Leş ətlərdən istifadə edən şirkətlər cərimələnmir. O səbəbdən ki, qanunda həmin əti alanın cəzalanması nəzərdə tutulmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov leş ətlərlə bağlı 15 ildən yuxarıdır ki, mübarizə aparıldığını, lakin istənilən nəticənin ortada olmadığını deyir.

At əti satdığına görə tutulan şəxs azadlıqda – YENƏ LEŞ ƏT SATIR
Onun sözlərinə görə bu məsələ ilə bağlı dövlət orqanlarına illərdir ki, məlumat verirlər: “Mən istəyirəm ki, dövlət orqanları bu cinayətləri ifşa etsinlər. Lakin çox vaxt bu mümkün olmur. Son zamanlar Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu məsələ ilə bağlı yaxşı işlər görür. Yerlərdə leş alverinə göz yumulur. Hamı bilir ki, leş alveri insanların gözü qarşısında baş verir. Ölmüş heyvanın ətini alıb gətirib kolbasa istehsalçılarına verirlər. Gözqamaşdıran qablaşdırmada həmin ölmüş heyvanın ətini də əhali bəh-bəhlə yeyir. Leş ət əsasən ölmüş heyvan ətidir. Heyvan dayanan yerdə ölmür, xəstələnir, virus, mikrob daşıyıcısına çevrilir, ölür. Həmin heyvanın ətindən hazırlanan qida insan orqanizminə virus, mikrobları keçirə bilər. İnsan həmin ətdən hazırlanan qidadan ən təhlükəli xəstəliklərə yoluxa bilər. Mədə-bağırsaq, sağalmaz və əlacı olmayan viruslar o ətlərdən yoluxur. Müvafiq dövlət orqanları da işlərini formal addımlar atmaqla bitmiş hesab edirlər. Söhbət əhalinin qida təhlükəsizliyindən gedirsə, belə bir mövqe yolverilməzdir. Leş əti daşıyıb gətirəni cərimələyirlər, amma həmin ətin sifarişçisi kənarda qalır. O da bir başqasına həmin o əti sifariş verir. Yəni sifarişçilər cəzalandırılmır, ona görə də tələbin qarşılığını ödəmək istəyənlər də ortaya çıxır. Əsas sifarişçilərdir, onların yaxasından yapışıb cəzalandırmalı və bunu ictimaiyyətin gözü qarşısında etməlidirlər ki, bir daha həmin şirkətlərin məhsullarını alan olmasın”.

qaynarxett.az