backend

"Bu gün Azərbaycan kinosunun tənəzzül dövrüdür" - Xalq artisti RASİM BALAYEV

"Bu gün Azərbaycan kinosunun tənəzzül dövrüdür" - Xalq artisti RASİM BALAYEV

Kino ciddi sənət olduğu qədər də istedad və yaradıcılıq ruhu tələb edən sahədir. Bu gün Azərbaycanda az qala hamı kino çəkir, rejissor olub. Azərbaycan kinosunun isə elə filmləri, kino inciləri var ki, onları bu gün də həvəslə izləyir, yeri gələndə gündəlik həyatımızda bu filmlərdə olan sözlərdən deyim olaraq istifadə edirik. Kinomuzun bu günü hər bir yaradıcılığa həssas yanaşan insanı narahat edir. Amma kino sahəsinin peşəkarlarını, karifey hesab edilən aktyorları isə kinomuzun bugünki xaos vəziyyəti daha çox narahat etmiş olur . Elə bu səbəbdən də kinomuzun bu günü barədə xalq artisti, Azərbaycan kino salnaməsinə onlarla möhtəşəm obrazları ilə izini qoyan Rasim Balayevlə həmsöhbət olduq.


- Hər vaxtınız xeyir, Rasim müəllim. Özünüzü necə hiss edirsiz. Müalicələrinizin təsiri oldumu?

- Şükür. İndi çox yaxşıyam. Müalicələrdən sonra özümü xeyli yaxşı hiss etməyə başlamışam.

- Yay mövsümüdü. Necə istirahət edirsiz?

- İstilər başladı. Axşamlar gedib dostlarla, ailə üzvlərimlə dəniz kənarında otururuq.

- Sənət dostlarınızla necə, görüşürsüz?

- Sənət adamı var ki? Sənət adamı qalmayıb ki, onunla oturub, söhbət edib, vaxt keçirəsən, dərdləşəsən. Kim var ki? İndi sənət yerini özfəaliyyətə verib. Hamı özfəailiyyətlə məşğul olur.

- Bu sizi narahat edir...

- Təbii ki, bu məni bir aktyor kimi, illərini sənətə qurban verən insan kimi narahat edir. Amma mən kiməm ki, nəyisə dəyişmək imkanım olsun. Mənim elə bir səlahiyyətim yoxdu ki, kinoya tarakan kimi daraşan, Azərbaycan kinosunu məhvə aparan mikrobların qarşısını alım. Buna ciddi nəzarət olmalıdır. Amma təəssüf ki, bu gün az qala bənna da film çəkməyə başlayıb, riyaziyyatçı da iş tapmayanda aktyor olur. Yəni kinoya təsadüflər elə axın etdi ki, bir-iki nəfər sənət adamı var idisə, onlar da utanıb çəkildilər kənara ki, ayıbdı, bir yerdə görünməyək.

- Səbəb nədir? Sizcə niyə kino sahəsində bu qədər xaos hökm sürür?

- Səbəb bir deyil ki, o barədə nəsə deyib, onu aradan qaldırmağa cəhd edəsən. Səbəblər çoxdu.

- Sizcə, aktyora yaş məhdudiyyəti qoymaq nə qədər doğrudur. Axı rolun cavanı olduğu kimi yaşlısı da mütləq olmalıdır. Türkiyədə, başqa ölkələrdə sizin yaşınızda olan aktyorların potensialından maksimum istifadə edilir.

- Aktyorda yaş söhbəti, yaş məhdudiyyəti olmamalıdı. Bəli, rolun cavanı-qocası da olur. Hər yaşa uyğun obraz olur. Ona görə də aktyora yaş məhdudiyyəti qoymaq ədalətsizlik qədər həm də məntiqsiz səslənir. Bizdə film çəkilir ki? Film çəkilər, aktyor da 5 filmdən birinə dəvət alar. Film çəkən var?

- Bəs çəkilənlərin adı nədir?

- Onlar film deyil axı. Çəkilənlər sabun köpüyüdür. İndi film çəkilmir. Mən son illər çəkilən ciddi film görməmişəm.

- Seriallar çəkilir. Dəvət gəlsə necə, çəkilərsiz?

- Yox, çəkilmərəm. Bundan sonra qətiyyən çəkilmərəm. Çünki mən bir-iki dəfə dəvət aldım, çəkildim. Gördüm ki, bu, sənət deyil. Mən onların çəkiliş meydançalırındakı durum, iş prinsipini gördüm, inanın, kinoya yazığım gəldi. Başdan-ayağa çəkilən filmlər, seriallar xalturadır. Orda bir dənə professional adam yox idi. Çəkən insan bilmir ki, sabah çəkilişdə nə olacaq, çəkilən ssenari nədən ibarətdir. Gəlir çəkiliş meydançasında söz yazır. Ssenari hazırlayır. Belə film çəkilər? Kinonu iflic etdilər.

- Amma Azərbaycan kinosunun tarixi olub, bir zəngin kino ənənənəsi, təcrübəsi var idi.

- Bizə vaxtilə baxıb həsəd aparan ölkələrə biz bu gün həsəd aparırıq. 90-cı illərə qədər Türkiyədə ciddi film çəkilmirdi. Türkiyədə 95-ci illərdən sonra kino sahəsi inkişaf etməyə başladı.

- Ömrünün yarısını çəkiliş meydançalarında keçirən bir insansız. Bu gün yaradıcılıq aləmindən bu qədər uzaq qalmaq, çəkiliş meydançalarından uzaq düşmək sizi ağrıtmır? Darıxmırsız?

- Niyə darıxmıram ki? Təbii ki, çox darıxıram. Bu, bir aktyoru diri-diri öldürmək deməkdir. Aktyor balığa bənzəyir. Səhnədən, çəkiliş meydançasından uzaq düşdüsə, əriyir, məhv olur. Balıq susuz yaşaya bilmədiyi kimi, aktyor da sənətdən uzaqda çox ömür sürə bilmir. Amerika, Hollivud aktyorlarına, kino sahəsində tanınan yaşlı aktyorlara diqqət etsəniz, görərsiniz ki, onları o yaşda saxlayan elə sənətlərində olmalarıdır. Mən özümü indi mənən kasıb hiss etməyə başlayıram. Sanki, lazımsız birisən, amma potensialıma da arxayınam axı, bilirəm ki, hələ rol oynaya bilərəm. Amma o imkanlarımı məhdud ediblərsə, təbii ki, balıq kimi çırpınıb, öləcəm. Aktyor hər yaşda maraqlı, yadda-qalan obraz yarada bilər. Teatr aktyorları adətən hansısa rol arzusunda olurlar ki, kaş hamleti oynayım. Yəni klassik əsərlər var ki, o obrazları yaratmaq hər bir teatr aktyorunun arzusu ola bilər. Kino aktyoru isə teatr aktyorundan fərqli olaraq hansısa rol arzusunda olmur. Biz sadəcə maraqlı ssenari əsasında çəkilən filmlərdə xarakterik obraz yaratmaq istəyi ilə yaşayırıq. Kino sənətini isə bu gün o qədər ucuzlaşdırıblar ki, hər yerindən duran kino çəkir. Rasim Ocaqov kimi insan rejissor olmaq üçün illərini verib. Rejissorluq fakültəsini bitirənə qədər ona film çəkməyə imkan verməyiblər ki, kino çəkmək istəyirsənsə, rejissorluq sahəsində təhsil almalısan. Halbuki, ona qədər kino sahəsində operator kimi illərlə çalışırdı. Amma illər sonra rejissor kimi film çəkə bildi. Bu gün isə rejissor olmaq istəsən, sənə kimsə qadağa qoymur, gəl çək.

- Bu, Azərbaycan kinosunun məhvinə aparmır?

- Əslində Azərbaycan kinosu iflic olub. İndi bəlkə onu hiss etmirlər. 10 il sonra bunun acısını çəkərik. Amma tarixən tənəzzül və inkişaf dövrü olub. Bu gün Azərbaycan kinosunun tənəzzül dövrüdür. Yəqin ki, bu dönəm də keçər. Ümid edək ki, Azərbaycan kinosu bu gün tutulan xəstəlikdən sağalıb ciddi kinosunu çəkər.