backend

Müsavat başqanı: “Mehman Cavadoğlu yeni komandada təmsil olunmaq istəmədi”

Müsavat başqanı: “Mehman Cavadoğlu yeni komandada təmsil olunmaq istəmədi”






















“Tənqidi fikirlərə, ictimai diskussiyalarda sərgilənən mövqelərə görə kimsə partiyadan çıxarıla bilməz”

Müsavat Partiyasının başqanı Arif Hacılı rəhbərlik etdiyi siyasi qurum daxilində səngiməyən və qalmaqalla müşayiət olunan proseslərlə bağlı müsahibə verib.

- Siz başqan seçiləndən sonra özünüzə 8 müavin təyin etdiniz. Onlardan üçü –Tofiq Yaqublu, Yadigar Sadıqov və Fərəc Kərimov hazırda həbsdədir. Onlar həbsdə olduqları müddətdə Müsavat Partiyasının fəaliyyətinə hansı töhfə verə bilərlər?

- Biz onları fəaliyyət və siyasi qabiliyyətlərinə görə başqan müavini təyin etmişik. Onlar partiyanın təcrübəli siyasətçiləridir. Əminəm ki, hər üç şəxs yaxın zamanlarda həbsdən azad olunacaq və Müsavatın siyasi fəaliyyətinə ciddi töhfələr verəcəklər.

- Ümumiyyətlə, bir partiya sədrinin 8 müavinin olmağı çox deyilmi? Sizin 8 nəfərin timsalında nəzərdə tutduğunuz perspektiv faydalı iş əmsalını iki-üç şəxslə qazanmaq olmazdımı?

- Nizamnamədə müavinlərin sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Müsavat Partiyasında müxtəlif sahələrdə görüləcək işlər var. Müavinlərin sayının bu qədər olmasının səbəblərindən biri də onlardan üçünün həbsdə olması ilə bağlıdır.

- Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri vəzifəsinə hələ ki heç kim təyin olunmayıb. Məlumdur ki, bu posta başqan layiq bildiyi şəxsi təyin edir. Sizin həmin posta təyin edəcəyiniz namizədiniz varmı?

- Təbii ki, nizamnaməyə görə bu vəzifəyə təyinat Müsavat başqanının səlahiyyətinə daxil olan məsələdir. Amma partiya daxilində biz yenə müzakirələr aparırıq. İş bacarığı, işləmək üçün vaxtı və həvəsi olan Müsavat Partiyasının rəhbərliyində təmsil olunanlardan biri bu vəzifəyə təyin olunacaq. Hələlik isə ad açıqlamaq düzgün olmazdı.

- Partiya daxilində qurultaydan sonra qalmaqal daha da böyüdü və sizin rəqibləriniz başqan olmanıza qarşı açıq müstəvidə fəaliyyətə keçdilər. Partiya içərisindəki bu gərginliyi azaltmaq üçün, ümumiyyətlə, sədr seçildiyinizdən sonrakı fəaliyyət planlarınızın müəyyənləşməsi üçün Müsavatın sabiq başqanı İsa Qəmbərlə müzakirələr aparmısınızmı?

- 20 ildən sonra Müsavat başqanı və partiyanın rəhbər elitası dəyişdiyi üçün gərginliyə normal baxıram. Güman edirəm ki, bunlar yaxın zamanlarda yoluna düşəcək. Mən hər kəslə məsləhətləşməyə meylliyəm. İş görməzdən əvvəl mümkün olan hər kəslə məsləhətləşməyə çalışıram. Təbii ki, İsa Qəmbər kimi təcrübəli bir siyasi xadimlə də bütün məsələləri məsləhətləşmişəm və bu ümumi işin xeyrinədir.

- Belə iddialar var ki, sabiq başqan İsa Qəmbər öz kabinetini sizə vermir. Bu haqda nə deyə bilərsiniz?

- Müsavat Partiyasında belə bir problem mövcud deyil. Hər birimizin normal fəaliyyət göstərməsi üçün şərait var.

- Müsavatın Məclisi qurultayın qərarına etiraz edənlərə qarşı bəyanat verdi. Bəyanatda Müsavatın ali orqanı olan qurultayın nəticələrinə etiraz edənlər partiyaya sayğısızlıqda təqsirləndirildi. Sizin rəqibləriniz Qubad İbadoğlu, Vurğun Əyyub bu qərara etiraz etdilər. Səxavət Əlisoy isə bir az da irəli gedərək, Məclisin bəyanatını heçə saydığını dedi. Onların partiyadan kənarlaşdırılması məsələsi gündəmə gələ bilərmi?

- Müsavatda kiminsə partiyadan kənarlaşdırılması ən ağır cəzadır. Hesab edirəm ki, tənqidi fikirlərə, ictimai diskussiyalarda sərgilənən mövqelərə görə kimsə partiyadan çıxarıla bilməz. Amma Müsavat Partiyasının təməl prinsiplərinə, ideologiyasına qarşı çıxan adamlara bu cəza tətbiq oluna bilər.

- Partiyadakı gərginliyi sakitləşdirmək üçün növbədənkənar qurultay keçirilməsi təkliflərinə necə bazırsınız?

- Müsavat Partiyası daxilində olan gərginlik haqqında süni surətdə şişirdilmiş təsəvvürlər yaradılır. Qurultayın nəticələrinə etiraz edənlər var, bu normaldır. Yəqin ki, partiyanın nizamnaməsinə uyğun olaraq, hər şey tənzimlənəcək.

- Uzun illər Müsavat Partiyasında başqanın mətbuat məsələləri üzrə müavini vəzifəsini daşıyan Mehman Cavadoğlunu sizin komandanızda görmədik. Bunun səbəbi nədir?

- Mehman Cavadoğlu partiyada olan hər hansı seçkili orqanlara öz namizədliyini irəli sürmədi. Ona görə də hazırda Müsavat Partiyasının sıravi üzvüdür.