backend

"Sınıq Körpü"-də dəhşətli maxinasiya

"Sınıq Körpü"-də dəhşətli maxinasiya






















Gürcüstandan mal gətirilməsində hər 6 dollardan yalnız 1 dolları rəsmiləşdirilir

Puça çıxan ümüdlər və ya yenə də Məzahir Məşiyev

Artıq uzun müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Qazax rayonu ərazisində yerləşən “Sınıq Körpü” (“Qırmızı körpü”) keçid məntəqəsinin fəaliyyətindəki problemlərdən bəhs olunurdu. Həmin məlumatlar xüsusi olaraq qeyd edilirdi ki, burada yaşanan problemlər əsas etibarı ilə birbaşa məntəqənin keçmiş rəhbərliyinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Buna görə də ötən ilin sonlarında “Qırmızı körpü” keçid məntəqəsinin rəhbərliyində, bir qədər sonra isə bu idarənin tabe olduğu Tovuz Gömrük İdarəsinin rəhbərliyində baş vermiş dəyişikliklər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı və bu sahədə nəhayət ki, qayda-qanunun yaradılacağına yeni ümidlər verdi. Məlum olduğu kimi “Sınıq Körpü” Sərhəd Gömrük Keçid Məntəqəsinə Kənan Məmmədov, Tovuz Gömrük İdarəsinə isə Mehman Sadıqov rəis təyin olunublar. Lakin bu təyinatlardan az bir müddət keçdikdən sonra artıq “Sınıq Körpü” keçid məntəqəsinin fəaliyyətində müsbətə doğru hər hansı dəyişikliklərin olacağına dair gözləntilər “əriməyə” başladı.
Bu ümidlərin puç olmasına gətirən səbəblərdən biri isə məntəqənin köhnə əməkdaşlarından birinin, 20 ildən artıq müddət ərzində müfəttiş işləmiş Məzahir Məşiyevin yenilənmiş heyətdə də öz yerini alması oldu. Məsələ bundadır ki, mənbələr məntəqənin keçmiş rəhbərliyi tərəfindən həyata keçirilən bütün qanunsuz əməllərin əsas təşkilatçı və icraçısının məhz bu şəxsin olduğunu bildirirlər. Məlumatlarda qeyd olunur ki, indi də Kənan Məmmədovu ələ ala bilmiş M.Məşiyev məntəqədə öz mövqeylərini bir qədər də möhkəmlətməyə nail olmuşdur. İndi M.Məşiyevin özündən başqa digər ailə üzvləri də məntəqədə işlə təmin olunmuşlar. Belə ki, onun oğlu hazırda Kənan Məmmədovun köməkçisi, qızı isə katibə vəzifəsində işləyirlər. Məzahir Məşiyevin özü isə əvvəllər də olduğu kimi əsasən “pulyığan” vəzifəsini icra edir. Bununla yanaşı isə bəzi məmulatların qaçaqmal kimi ölkəyə idxalı məsələsini də M.Məşiyev öz nəzarətinə götürmüşdür.
Yeri gəlmişkən, bəzi mənbələr həmin bu məmulatların məhz nədən ibarət olduqlarına dair bəzi mülahizələr də irəli sürürlər. Bu xüsusda bildirilir ki, Məzahir Məşiyevin qaynanası olan Raya xanım bir neçə müddət bundan əvvəl narkotik vasitələrin ticarətində şübhəli bilindiyinə görə həbs olunub. Həmin olayın nə ilə nəticələndiyinə dair əlimizdə dəqiq məlumat yoxdur. Lakin bəzi mənbələr həmin narkotik maddələrin ölkəmizə məhz “Sınıq Körpü” keçid məntəqəsindən keçirildiyini iddia edirlər...
Digər tərəfdən isə bir müddət əvvəl ölkə mətbuatında Tovuz Gömrük İdarəsinə və “Sınıq Körpü” Sərhəd Gömrük Keçid Məntəqəsinə yeni təyin olunmuş rəislər arasında artıq ciddi qarşıdurmanın yarandığına dair məlumatlar da yayımlanmışdı. Belə məlumatlardan birində isə tərəflər arasında münasibətlərin hətta son dərəcə gərgin olduğu da vurğulanmışdı: “... Tovuz Gömrük İdarəsinə təzə təyin olunmuş rəis Mehman Sadıqovu, həmin idarənin tabeçiliyində olan “Sınıq Körpü” Sərhəd Gömrük Keçid Məntəqəsinin rəisi Kənan Məmmədov hesaba almır. Yəni onun verdiyi tapşırıqlara əməl etmir...” Təbii ki, belə münasibətlər həm məntəqənin, həm də idarənin fəaliyyətinə öz neqativ təsirini göstərməyə bilməz.
“Sınıq Körpü” keçid məntəqəsinin fəaliyyətindən narazılıq doğuran daha bir məqam isə burada ölkəyə bəzi kənd təsərrüfatı məhsullarının, xüsusən kartofun gətirilməsində süni şəkildə yaradılan çətinliklərlə bağlıdır. Mənbələr iddia edirlər ki, məntəqənin rəhbərliyi məhz monopolistlərin maraqlarından çıxış edərək bu addımı atır...

"Sınıq Körpü"-də ciblərə axan milyonlar

Azərbaycanda Gürcüstandan idxal olunan hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir. Bu barədə iqtisadçı Zöhrab İsmayıl özünün facebook səhifəsində məlumat paylaşıb. İqtisadçı bunu Gürcüstan və Azərbaycan gömrük komitələrinin açıqladığı rəsmi statistikaları incəliyərək üzə çıxarıb. O, yazır:
"Gürcüstanının statistika komitəsi məlumat yayıb ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində bu ölkədən Azərbaycana 425.8 milyon dollarlıq mal ixrac olunub. Həmin ixracın 207.2 mln. dollarını avtomobil ixracı təşkil edib.
Azərbaycan Gömrük Komitəsi isə məlumat verir ki, 2014-cü ilin 9 ayı (yanvar-sentyabr) ərzində Gürcüstandan Azərbaycana 79.2 milyon dollarlıq mal gətirilib. Gürcü tərəfin məlumatından belə aydın olur ki, bu ölkədən Azərbaycana gətirilən hər 6 dollarlıq malın yalnız 1 dolları rəsmiləşdirilir".

Ardı var
Vasif