backend

"Əli Həsənovun nəvəsi bilərəkdən qəza törətməyib" — Şeyxin qudası

"Əli Həsənovun nəvəsi bilərəkdən qəza törətməyib" — Şeyxin qudası















"Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin cəzasının yüngülləşdirilməsi xəbərini eşidəndə çox sevindim. Çünki Nail Allahverdiyev də bir azərbaycanlı balasıdır. O cavan oğlandır, bu yaşında həyatını həbsxanada keçirməsi heç kəsin ürəyincə deyil".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Milli Məclisin keçmiş deputatı, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə bildirib.

Q.Salahzadə deyib ki, Nail Allahverdiyev istəmədən faciə ilə üzləşib:

"Yol qəzası hər kəsin başına gələ bilər. Kim istəyərək ki, qəza törədib özünü əzab-əziyyətə salsın? O, bilərəkdən qəza törətməmişdi. Bu qəzadır və heç kəs bundan sığortalanmayıb. Yenə Allaha şükürlər olsun ki, Nail balamızın cəzası yüngülləşdirilib. Hazırda mənim də oğlum həbsxanadadır. Oğlum da daxil olmaqla Allah bütün dustaqların qapısını açıq etsin".

Sabiq deputat qeyd edib ki, hər hansı faciə və ya qəza zamanı insanların sağ qalıb-qalmaması Allahdan asılıdır:
"1991-ci ildə mənə 6 güllə vurulmuşdu, ancaq sağ qaldım. 1992-ci ildə isə daxili işlər naziri olmuş İsgəndər Həmidov "Subtropik" əməliyyatı keçirib günahsız yerə məni və digər 2 nəfər iş adamını həbs etmişdi. Təqribən 7 ay günahsız yerə həbsxanada qaldım. Mənə deyirdilər ki, səni güllələyəndə nə üçün ölməmişdin? Bilirsiz, mən həyatın çox üzünü görmüşəm. Əgər vaxtilə mənə 6 güllə dəyən zaman Allah istəsəydi, ölərdim. Deməli, istəməyib. İndi Nail Allahverdiyevin də azadlığa buraxılması xəbəri çox sevindirici hadisədir. Allah bütün dustaqlara azadlıq qismət etsin".

Xatırladaq ki, Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev müdafiə etdiyi şəxsin azadlığa buraxılması xəbərini təkzib edib.

Vəkil deyib ki, məhkəmənin qərarı ilə Nail Allahverdiyevin cəzası 5 il azadlıqdan məhrumetməyə qədər azaldılıb və bu müddətin yerdə qalan hissəsini o, məntəqə tipli islah müəssisəsində keçirəcək. N.Allahverdiyevin həbsindən artıq bir il keçir.