backend

Xaçmazın Suvarma Sistemləri İdarəsi maxinasiyalar ünvanıdır

Xaçmazın Suvarma Sistemləri İdarəsi maxinasiyalar ünvanıdır













Rəhbərlik etdiyi qurumda özünü mütləqi-hakim hesab edən Vaqif müəllim, görəsən səbəb nədir ki, var-dövlət toplamaq üçün SSİ-də minbir hoqqalara qol qoyur?

Xeyli müddət bundan əvvəl redaksiyamızı məlumatlandıran mənbə bildirdi ki, “arabir Xaçmazın Suvarma Sistemləri idarəsinə baş çəkməyiniz kifayət edər ki, idarənin müdiri Vaqif müəllimin əksəriyyəti şoka salacaq əməllərindən xəbər tutmaq mümkün olsun”. Və məlumatlı mənbə onu da vurğuladı ki, Vaqif müəllim stajlı müdirlərdən olduğuna görə, hər cür fırıldaq əməllərinə qol qoymaqda da lap mahirdir. Yəni, istər idarədaxili mənimsəmələrin, istərsə də idarədənxaric mənimsəmələrin həzmi-rabedən keçirilməsi üçün, o, minbir oyun qaydalarını məharətlə yerinə yetirir. Günün hansı saatlarında isə idarəyə baş çəksən, dərhal bildirəcəklər ki, “Vaqif müəllim işdə yoxdur və onun işə gəlib-gəlməyəcəyi haqda da bir söz deyə bilmərik” deyirlər. Ünvanlanan suallardan yayınmağı bacaran və idarədə söz sahibi olan bəzi vəzifə sahiblərinin belə bir danışıq qaydaları nümayiş etdirmələrinin kökündə, Vaqif müəllimin verdiyi “təlimatı”lar əsas rol oynayır. Məsələn, yerli mənbənin verdiyi məlumatlarda o da bildirilir ki, idarədə çalışan işçilərin tam əksəriyyəti iş saatları başa çatmamış idarəni tərk edirlər. Sözsüz ki, onlara belə bir ixtiyarı Vaqif müəllim verir və hər ayın sonunda işçilərin aldıqları maaşların müəyyən hissəsinə, onun göz dikməsi də səbəbsiz olmur.
Xaçmaz rayon Suvarma Sistemləri İdarəsi müdirinin qanunsuzluğa söykənən əməlləri barədə məlumatları redaksiyamıza təqdim edən mənbə onu da vurğulayır ki, Vaqif müəllim iştahasını cilovlamağı bacara bilməyən vəzifə sahiblərindəndir. Elə bu səbəbdən də o, tabeçiliyində olan vəzifə sahiblərinə hər zaman lazımi tapşırıqlar da verir ki, “nəyi bacarırsınızsa onu da elə edin və mənə verəcəyiniz haqqı ayın sonunadək çatdırın” deyir. Və hər kəsi minbir qanunsuzluq əməllərinə qol qoymağa sövq edir. Bu zaman rəhbərliyin xeyr-duasını alan səlahiyyət sahibləri, “kor atı” minib həm sağa, həm də sola çapırlar. Məsələn, idarənin balansında olan hansısa texnika xarab olarkən, onun təmiri üçün şişirdilmiş sənəd hazırlanır və bu yolla külli miqdarda vəsait, Vaqif müəllimin xeyr-duası əsasında silinir. İdarəyə texnika, lazımi avadanlıq, nəqliyyat vasitələri üçün müəyyən detallar və digər ləvazimatlar alınarkən, qol qoyulan maxinasiyaların, nə həddi, nə də ki, hüdudu bilinir. Dövlətdən idarəyə ayrılmış yanacağın, sürtkü yağlarının satışından, bir neçə “ölü can”ların əmək haqlarının mənimsənilməsindən və.s söhbət açsaq isə, bu fakt tamam başqa olaylarla nəticələnə bilər.
Yerli sakinlərdən bir kimsənin suvarma suyuna ehtiyacı yarandıqda, o halda Vaqif müəllimin bəxti “gül” açır. Çünki, həmin şəxs tələbatını ödənmək üçün, mütləq rəhbərliyin Xaçmaza “şölə” saçan “bığı”nın altından həm sağa, həm də sola keçməlidir ki, arzusunu “çin” edə bilsin. Elə ki, belə bir addım atılmadı, həmin şəxsin gözü yolda, ümidi isə Allaha qalacaq ki, bəlkə dərdinə dərman tapıldı.
Fakt budur ki, mənbəmizin Vaqif müəllimin həyata keçirdiyi idarəçiliyin görünən tərəfi barədə söylədikləri ilə bərabər, SSİ-də çalışan vəzifə sahibinin də danışdıqlarını eşitdikcə dəhşətə gəlirik. Əməkdaşımızla söhbət zamanı həmin vəzifə sahibi qeyd edib ki, yaxın günlərdə sizə elə bir hesabat sənədinin surətini təqdim edəcəyəm ki, həmin sənədlə tanışlıqdan sonra, siz Vaqif müəllimin mənimsəmələri haqda məlumatlarla tanış olacaqsınız. O zaman o da bəlli olacaq ki, Xaçmaz Suvarma Sistemləri idarəsinin rəhbərliyi, tabe olduğu qurumu hansı yollarla aldadır və təqribən ayda nə qədər mənimsəmələrə qol qoyur.
Diqqəti cəlb edən digər məqam da ondan ibarətdir ki, Vaqif müəllimin səhhətində ciddi problemləri var. Əvvəla, səhhətində əmələ gələn problemlərlə əlaqədar ona sağlamlıq və şəfa tapmasını arzulayırıq. Qaldı ki, məsələnin digər tərfinə, o halda sual oluna bilər ki, səhhətində ciddi problemi olan bir şəxs, nə üçün daşıdığı vəzifəsindən ikiəlli yapışmalıdır? Və onun bu gün belə bir strateji sahəyə rəhbərlik etməsində, rəhbərlik hansı əsaslarla maraqlı olur? Axı, həftələrlə, hətta ongünlərlə işə çıxmayan bir idarə rəhbərinin daşıdığı vəzifədə saxlanmasına nə ehtiyac var? Bu haqda da məlumatlı mənbə onu vurğulayır ki, hələ bir müddət bundan əvvəl cənab Vaqif müəllimin tabe olduğu qurumun rəhbərliyi ilə “anlaşması”, onun hələlik daşıdığı vəzifəsində qalmasına səbəb olan amildir.
Hörmətli oxucular! Növbəti açıqlamamız 2014-cü ilin 1-ci, 2-ci və 3-cü rübündə, büdcədən idarəyə ayrılan vəsaitin məbləğindən və həmin vəsaitlərdən nə qədərinin mənimsənilməsindən, Vaqif müəllimin iş başında olmadığı vaxtlarda, baş mühasibin qol qoyduğu maxinasiyalardan, idarənin balansında olan ağır texikalardan daha çox hansı işlərin görülməsində istifadə olunmasından və digər olaylardan bəhs edəcəyik.