backend

Qazax rayon poliklnikasında özbaşınalıq

Qazax rayon poliklnikasında özbaşınalıq















İcra başçısı poliklinika ilə bağlı şikayətlərə əhəmiyyət vermir

Qazax rayon poliklinikasında xəstələrə lazımi tibbi xidmət göstərilmir. Bununla bağlı əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxs qeyd edir ki, poliklinikanın baş həkimi Sevda Məmmədova sağlamlıq kağızından bir xeyli gəlir əldə edib. Poliklinikada neqativ halların Sevda Məmmədovanın bu müəssisəyə baş həkim gəlməsindən sonra çiçəklənməyə, daha geniş vüsət almağa başladığını deyən məlumatlı şəxsin sözlərinə görə, hazırda adıçəkilən tibb ocağında vəziyyət həddindən artıq acınacaqlıdır: "Son zamanlar poliklinikada olduqca qəribə vəziyyət yaranıb. Belə ki, dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlər pulsuz olunmalı olduğu halda, Qazax rayon poliklinikasında baş həkimindən tutmuş, tibb bacılarına qədər hamı xəstələrdən nəsə umur.
Tibb personalının maraqlarını təmin etməyən xəstələr nə əməlli-başlı müayinədən keçə bilir, nə də onlara doğru-dürüst müalicə təyin olunur. Halbuki Sevda Məmmədova baş həkim vəzifəsinə gələnə qədər həmin poliklinika nəyinki Qazax rayonunda eləcə də bölgədə nümunəvi tibb müəssisələrindən biri kimi tanınırdı. Lakin Sevda Məmmədovanın poliklinikanın rəhbəri vəzifəsinə gəlişi əldə olunmuş bütün uğurları yerlə-yeksan etdi. Belə ki, o, yarıtmaz fəaliyyətilə poliklinikanı rayon sakinlərinin gözündən salmağa nail oldu".
Uzun müddətdir ki, rayon poliklinikasında arayışların müəyyən maraq qarşılığında verildiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, poliklinikada xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi əsl kommersiya fəaliyyətinə çevrilib: “Nəzərinizə çatdırım ki, bu tibbi arayışlar vətəndaşa ciddi müainədən sonra verilməli olduğu halda, rayon poliklinikasında heç yoxlanılmadan belə istənilən şəxs sağlamlıq haqqında arayış ala bilər. Həm də bu arayışların standart müəyyən edilmiş qiyməti vardır ki, bu da 40 manat təşkil edir. Bu arayışlar daha çox dövlət qurumlarında texniki işçi vəzifəsində çalışmaq istəyənlərə lazım olur".
Qazax rayon poliklinikasının baş həkimi Sevda Məmmədova Qazax Rayon İcra Hakimiyyətinin başçısının yaxın adamlarından olduğunu qeyd edən məlumatlı şəxsin bildirdiyinə görə, baş həkim icra başçısına arxalandığı üçün rəhbərlik etdiyi tibb müəssisəsini gəlir obyektinə çevirib: "Rayon sakinləri bir neçə dəfə bu poliklinika ilə bağlı, orda baş verən qanunsuzluqlarla əlaqədar icra hakimiyyətinə müraciət ediblər. Lakin icra hakimiyyətindən hələ bir dəfə də olsun Sevda Məmmədovaya irad tutulmayıb. Çünki baş həkim Qazax Rayon İcra Hakimiyyəti tərəfindən ciddi şəkildə müdafiə olunur. Məhz elə bu səbəbdən də Sevda Məmmədova ilə bağlı bütün şikayətlər araşdırılmamış qalır".

Mövzunu davam etdirəcəyik

Sadiq