backend

Rövnəq Abullayevdən dünya "rekordu" - 1 kvadrat metr 32 min dollara

Rövnəq Abullayevdən dünya "rekordu" - 1 kvadrat metr 32 min dollara











İqtisadçı ekspert Samir Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni inzibati binası ilə facebook səhifəsində maraqlı status paylaşıb

Qeyd edək ki, ARDNŞ-in yeni binasının inşasına 2010-cu ildə başlanılıb. 42 mərtəbəli binanın hündürlüyü 209 metrdir.
Layihələndirmə işləri Cənubi Koreyanın “Heerim Arshitests & Planners So.Ltd” şirkətinin ideyası əsasında aparılan binanın ümumi sahəsi 59102 kvadrat metrdir.
209 metr hündürlüyündə olan ofis binasının 40 mərtəbəsi yerüstü, 2 mərtəbəsi isə yeraltı olmaqla, ümumilikdə 5 hektar sahəni əhatə edir. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək.
Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. İkinci mərtəbə fitnes mərkəzi, 3-6-cı və 18-37-ci mərtəbələr şirkətin struktur bölmələrinin ofisləri üçün nəzərdə tutulub. Binanın fasadının ümumi sahəsi 27 min kvadrat metr, zirzəminin sahəsi təxminən 52 min kvadrat metr, ofis hissəsinin sahəsi isə 40,5 min kvadrat metrdir. Layihənin sahəsi 100 min kvadrat metrdən artıqdır. Bina Azərbaycan dövlətinə 1.5 milyard manata başa gəlib.
Samir Əliyev yazıb ki, layihəyə 1.5 milyard manat xərclənməsi şübhəlidir: "Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) üçün tikilən yeni 42 mərtəbəli ofis binası 1,5 milyard manata (təxminən $1,9 milyard) başa gəlib. Açığı məlumat mənə inandırıcı gəlmədi. Onu dəqiqləşdirməyə ehtiyac var. Hətta məlumat rəsmi təsdiqini tapsa təəccüblənmərəm. Çünki Azərbaycanda tikinti xərclərinin şişirdilməsi adi haldır.
Əgər məlumat təsdiqlənsə, deməli SOCAR-ın inzibati binasının hər kvadrat metri 32 min dollara başa gələcək. Sanki bina qızıldan tikilir.
İkicə müqayisəni diqqətinizə çatdırmaq istəyirəm:
Burj Khalifa (Xəlifə Qalası). Dubayda yerləşir və dünyanın ən hündür tikilisidir. Binanın hündürlüyü təxminən 830 metrə yaxındır. 2010-cu ildə istifadəyə verilən tikilinin sahəsi 344 min kv.metrdir. Bina ümumilikdə 1,5 milyard ABŞ dollarına tikilib. Tikintisi 6 il (2004-2010) çəkib. Binanın 1 kv.metri təxminən 4361 dollara başa gəlib.
Shard Bridge. Londonda tikilən bu göydələn Avropada ən hündür binadır. Hündürlüyü 310 metr, binanın daxili sahəsi 128 min kv.metrdir. Binanın tikintisinə 450 milyon funt sterlinq ($ 700 milyon) xərclənib. Tikinti 3 il (mart 2009 – iyul 2012) çəkib. Tikilinin 1 kv.metri təxminən 5469 dollara başa gəlib.
Yəqin ki misalların müqabilində SOCAR-ın binasının olduqca baha olduğu görünür. Əgər daha mürəkkəb və baha tikilinin hər kv metri orta hesabla 4500-5500 dollar xərclənirsə, onda SOCAR-ın yeni inzibati binasının tikinti xərclərinin real həcmi barədə təxmini fikir söyləmək olar".