backend

Zığda etiraz aksiyası, sakinlər torpaqlarının zəbt olunmasına qarşı

Zığda etiraz aksiyası, sakinlər torpaqlarının zəbt olunmasına qarşı

















Bakının Zığ qəsəbəsində etiraz aksiyası keçirilib

Sakinlər onlara məxsus torpaqlarda tikinti işlərinin aparılmasına etiraz ediblər. Aksiyada 100-ə yaxın adam iştirak edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi sakinlərə tikinti işlərindən xəbərsiz olduqlarını bildirib.
O həmçinin qeyd edib ki, tikintiyə cavabdeh olan məsul şəxs dekabrın 1-də sakinlərlə görüşəcək və məsələyə aydınlıq gətiriləcək. Aksiya keçirilən zaman polis əməkdaşları ərazidə olmayıb.
Sakinlərdən Cavad Ağabalayev "Azadlıq" radiosuna bildirib ki, 2002-ci ildə prezident sərəncamı ilə 20 hektar torpaq sahəsi sakinlərin ixtiyarına verilib: “Bir neçə il əvvəl 4 hektarı əlimizdən alınıb. Qalan 16 hektarı qəsəbə sakinləri öz dirənişləri ilə əldən verməyiblər. İndi həmin ərazilərdə tikinti işləri gedir. Bizdəki məlumata görə, Suraxanı Rayon İcra Hakimiyyəti ərazini tenderlə kimlərəsə satıb. Deyilənə görə, 14 ədəd 16 mərtəbəli bina, 2 məktəb tikiləcək”.

Qəsəbənin digər sakini Ramin Atabalayevsə bildirir ki, indiyədək həmin ərazilər örüş sahəsi kimi istifadə olunurdu. Qəsəbə sakinlərinin əsas məşğuliyyətinin əkinçilik, maldarlıq olduğunu deyən sakinlər bundan sonra nə edəcəklərini bilmirlər: “Bu qədər ehtiyacı olan insan varkən kimlərinsə şəxsi maraqları güdülür. Toraqlarımız əlimizdən alınıb, tikinti aparılır. Kənd camaatının donanışığı heyvandarlıqdandır. Məmurlar mənimsəyə-mənimsəyə gəlib çıxıblar indi bizim torpaqlarımıza. Burdakı insanların aqibəti bəs necə olacaq? Mal-qaramızı harda otarıb, harda saxlayacağıq? Pulsuzluqdan oğurluq, cinayət artacaq.”
Zığ sakinləri Suraxanı Rayon İcra Hakimiyyətinə məsələ ilə bağlı dəfələrlə müraciət etdiklərini deyirlər. Lakin onlara hələ ki, bir cavab verən olmayıb.
İcra hakimiyyətindənsə bildirdilər ki, sözügedən torpaqlar dövlət mülkiyyətindədir. Heç bir şəxsə və ya kənd sakininə məxsus deyil. Dövlət mülkiyyəti olduğundan orada gedən tikinti ilə bağlı məlumatı ancaq Bakı Şəhər İcra Hakimiyyəti verə bilər. BŞİH-in qaynar xəttində telefon zənglərinə cavab verilmədi.
Tikinti aparan şirkərin ərazidəki rəsmiləri isə hansısa açıqlama vermək istəmirlər.