backend

ABŞ hökumətindən Azərbaycanla bağlı sərt hesabat – “Cəzasızlıq problem olaraq qalır”

ABŞ hökumətindən Azərbaycanla bağlı sərt hesabat – “Cəzasızlıq problem olaraq qalır”

“Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır – cəzasızlıq problem olaraq qalır.”

Bu haqda ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində qeyd edilir.

“Amerikanın səsi” radiosu xəbər verir ki, çərşənbə günü ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb. Hesabatı təqdim edən Dövlət Katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb.

Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində bu Cənubi Qafqaz ölkəsində baş verən hüquq pozuntuları ətraflı şəkildə təsvir edilir. Azərbaycanda arbitrar qətllərin və işgəncə hallarının geniş hal aldığını vurğulayan hesabatda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyini qeyd olunur. Bu işgəncələrin bəzən ölümlə nəticələndiyi iddia olunaraq, konkret adlar çəkilir.

Bu işgəncə növləri sırasında dəyənəklə ayaqların altına vurulması və bədənə elektrik şoklarının verilməsi göstərilir.

“İşgəncələr tutulanların öz təqsirlərini boyunlarına almaları, yaxud da əlavə cinayət maddələri tətbiq edilməsi məqsədi daşıyıb” – deyə hesabatda deyilir.

Hesabatda Azərbaycanda həbsxanalarda vəziyyətin həyati təhlükəli olduğu iddia edilir: “Belə ki, kameralar həddindən artıq dolu, istilik və ventilyasi sistemi yararsız və lazimı tibbi qayğı mövcud deyil” .

Bundan əlavə hesabatda ölkədə siyasi məhbusların olduğu, onlara müxətlif növ məhdudiyyətlərin tətbiq edildiyi vurğulanır.

Hesabatda media azadlığının da məhdudlaşdırıldığı iddia edilir: “Qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökümət bu qanunları pozur. Hökümət ifadə azadlığı və mətbuatın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunub. Hökümət media orqanlarını və ölkədə və xaricdə olan jurnalistlər və onların qohumlarına təzyiq göstərməkdə davam edib.

İl boyu hökümətə məxsus və hökümətpərəst mətbuat orqanları mediada dominant mövqeyə malikdir. Çox məhdud sayda müstəqil onlayn media orqanları hökümətin siyasəti ilə bağlı müxtəlif fikirlər irəli sürüb, lakin hökümət də buna görə onları müxtəlif yollarla cəzalandırıb. 2018-ci il IREX Medianın Davamlılığı İndeksində “əsas xəbər media orqanlarının hakim elitanın nəzarəti altında olduğu və yalnız onların məqsədlərinə uyğun xəbərləri işıqlandırdığı” qeyd olunub. Yerli müşahidəçilər bildirib ki, müstəqlil media orqanlarının jurnalistləri il boyu fiziki və kiber hücumlara məruz qalıb”.

Qeyd edək ki, hesabatın belə sərt tonda olması Vaşinqtonla Bakı arasında münasibətlərdə soyuqluq yarandığından xəbər verir. Hələlik hakimiyyətin bu hesabata münasibəti açıqlanmayıb.

AzPolitika.info