backend

VİLAYƏT EYVAZOV DAXİLİ İŞLƏR NAZİRİ TƏYİN OLUNDU! – Prezident sərəncamı (Yenilənib)



Prezident İlham Əliyevin sərəncamı ilə Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin olunub.

“AzPolitika.info”-nun məlumatına görə, Prezidentin sərəncamında deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilsin”.

“AzPolitika. info” xəbər verir ki, Eyvazov Vilayət Süleyman oğlu 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.

Ailəlidir. Üç övladı var.
[code][/code]