backend

Sabunçu xəstəxanasının“ “şirinlik“ xəstəliyi

Sabunçu xəstəxanasının“ “şirinlik“ xəstəliyi



















Burada adi iynə vurmağa görə, xəstələrdən rüşvət alınır

El arasında “Sabunçu xəstəxanası” adı ilə məşhur olan, 3 saylı Klinik Xəstəxanada xəstələrin soyulması, onlardan rüşvət alınması ilə bağlı məsələ dəfələrdə gündəmə gəlsə də, bu problem nəinki aradan qalxmır, əksinə, günü-gündən daha geniş vüsət alır.
Uzun müddət şəraitsizlik və baxımsızlıqdan əziyyət çəkən xəstəxana son dövrlər təmir olunsa da, “şirinlik” azarından qurtula bilmir.
Belə ki, xəstəxanaya təşrif buyuran pasiyentlərə “yer yoxdur” bəhanəsi ilə xidmət göstərilməkdən imtina olunur.
Müalicə məqsədilə 3 saylı Klinik Xəstəxanaya üz tutan xəstələrdən birinin qohumu tərəfindən “Qulaqburması”na açıqlanan faktlar da bu mənada diqqətdən yayına bilməz.
Şikayətçi bildirir ki, o, yaxın qohumunu müalicə olunmaq məqsədilə xəstəxanaya aparıb: “Fikirləşirdim ki, yəqin mənə xəstənin şikayətləri, nədən əziyyət çəkməsi ilə bağlı suallar verəcəklər. Lakin xəstəxanaya daxil olar-olmaz, yanıldığımın fərqinə vardım. Qeydiyyat şöbəsindən bizə bildirdilər ki, xəstəxanada yer yoxdur, ona görə xəstəni qəbul edə bilməyəcəklər. Buna etiraz etdikdə, “Afrikada yaşamırsan, xəstə gətirmək istəyirsən, pulunu ver, çox danışma” şəklində cavab verdilər. Məcbur qalıb xəstəni onlar deyən şərtlə xəstəxanaya yerləşdirdim. İlkin olaraq məndən 100 manat pul aldılar. Palatada isə həkimlər, tibb bacıları, sanitarlar hərəsi gündə 3-10 manat olmaqla, pul almaqda davam edirdilər. Ən adi iynəni belə pulla vururlar. Ürəyini yoxlatdırmaq istəyən xəstələrə isə “bizdə kardioqramma yoxdur, kağız verək, gedin özəl xəstəxanaya” deyib, əlavə pul qazanmağa çalışırlar. Çünki onlar bunun qarşılığında həmin özəl xəstəxanadan faiz alırlar. Xəstəyə lazım olan bütün dərmanları bizə aldırırlar. Yemək də vermirlər. Bir sözlə burada tibbi qanunlar yox, bazar qanunları hökm sürür və adam xəstə olmasına görə, fiziki yox, daha çox mənəvi əzab çəkir”.