backend

Masallıda 62 min manatlıq ərzağı kim yeyib?

Masallıda 62 min manatlıq ərzağı kim yeyib?





















Azərbaycanda tender oyunları fonunda varlanan yerli məmurlar əllərinə düşən bütün imkanlardan səmərəli yararlanmağa çalışırlar. Lakin bir çox hallarda bu yararlanma hallarından doğan «iz» açıq-aydın görünür

Son illər rayon və şəhərlərdə əsas yeyinti mənbələrindən biri də ərzaq məhsullarının satın alınmasıdır. Hələ ötən günlərdə məlumat vermişdik ki, Mingəçevir şəhərində bu məqsədlə ayrılmış 1 milyon manatın aqibəti məlum deyil. Şəhərdə bağçalar və digər qurumlar üçün nəzərdə tutulmuş ərzaq pullarının isə nəinki təyinatı üzrə xərclənmədiyi, onların ümumiyyətlə, mənimsənildiyi vurğulanırdı.

“Qulaqburması”na çatan məlumata görə analoji vəziyyət digər şəhər və rayonlarda da yaşanır. Məsələn, Masallı rayonunda İcra Hakimiyyəti başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə 62 min manat ərzaq məhsulları alınması üçün pul ayrılıb. Bu qədər vəsait təkcə yarım il üçün nəzərdə tutulandır. "MÜB-AL 2012" MMC-yə «uddurulan» tender sayəsində büdcənin 62 min manatının nəyə xərcləndiyi isə olduqca müəmmalıdır.

Qeyd edək ki, ərzaq məhsulları əsasən bağçaların saxlanılması üçün nəzərdə tutulub. Lakin Masallı şəhərində uşaq bağçasının varlığından kimsənin xəbəri yoxdur. Düzdür, sovet dönəmində uşaq bağçaları vardı, hətta kəndlərdə də belə sahələrin fəaliyyət göstərdiyi sənədlərdə göstərilirdi. Ancaq hazırda onların yalnız adı var, fəaliyyətləri isə yoxdur.

Masallı İcra Hakimiyyətinin hər il dövlət büdcəsindən bu məqsədlə yüz minlərlə manat pul alması isə aydın məsələdir ki, yeyinti xarakteri daşıyır. Çünki belə vəziyyət təkcə ərzaq məhsullarının alınması prosesində deyil, yolların çəkilməsi, bəzi təmir-bərpa işlərində də müşahidə olunur.

Ərzaq məhsullarının satın alınmasında rəqəmin belə böyük alınmasının da ayrıca səbəbləri var. Belə ki, Masallı rayonunda alınan çörəyin qiyməti sənədləşdirmədə ən aşağı halda 70 qəpik olaraq göstərilir. Halbuki rayonda yüksək keyfiyyətli təndir çörəyinin qiyməti 50 qəpikdən yuxarı deyil. Hərçənd tender üzrə çörəyin alınması isə Masallının icra başçısı Rafil Hüseynovun şəriki olduğu Çörək Zavoduyla həyata keçirilir. Ki, bu zavodun istehsal etdiyi çörəyin qiyməti açıq satışda 20 qəpikdir.