backend

Azərbaycanda koronavirusa görə çox sayda məhkum təcili evlərinə buraxıldı - ŞOK XƏBƏR


Azərbaycanın bir sıra penitensiar müəssisələrində məhkumların koronavirusun qarşısının alınması məqsədilə vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsinin icrası üçün genişmiqyaslı işlərə başlanılıb.

Qaynarxett.az xəbər verir ki, bu barədə oxu.az-a İnsan Hüquqlarını Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun nümayəndəsi, İnsan Hüquqları və Qanunun Aliliyi Bürosunun rəhbəri Səidə Qocamanlı məlumat verib.

Onun sözlərinə görə, mart ayının ortalarında monitorinq qrupu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət edərək, məhkumların koronavirusa yoluxmadan qorunması üçün bir sıra tədbirlərin görülməsinin məqsədəuyğunluğunu qeyd ediblər.

“Biz məhkumların işlərinə baxılması və onlara vaxtından əvvəl şərti cəza tətbiq edilməsi üçün dörd meyar təklif etmişik. Əlbəttə, təkliflərimiz təkrar cinayət törədən şəxslər, terrorçular və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə aid deyil. Müraciətimizdən sonra həbsxanaların boşaldılması məsələsi aktuallaşdırılıb, təkliflər nəzərdən keçirilib və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş koronavirusla mübarizə tədbirləri çərçivəsində müvafiq tapşırıqlar verilib. Mövcud məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bayram günlərində bəzi cəzaçəkmə müəssisələrində cəzasının sonuna az vaxt qalan məhkumların işlərinə baxmağa başlayıb. Hesab edirəm ki, bu, vaxtında görülmüş tədbirdir və müəssisələrin nisbətən boşalmasına və məhkumlar arasında vəziyyəti qaydaya salmağa kömək edəcək”, – S.Qocamanlı deyib.

Bununla yanaşı, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mehman Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrində vaxtından əvvəl şərti cəza institutu mütəmadi fəaliyyət göstərir və bu məsələ ilə bağlı yerində fəaliyyət göstərən xüsusi komissiya yaradılıb.

Qeyd edək ki, əvvəllər hüquqşünaslar kütləvi saxlanma yerlərində infeksiyanın yayılmasının qarşısını almaq üçün məhkumların bir hissəsinin sərbəst buraxılmasını, kiçik cinayətlərə görə azadlıqdan məhrumetmə ilə əlaqəli cəzaların sayının azaldılmasını, şərti azadlığa buraxılmış məhkumların sayının artırılmasını, həbs cəzası olmayan daha çox sanksiya tətbiq edilməsini təklif ediblər.

Onların sözlərinə görə, həbsxanalarda xroniki xəstəlikləri, müalicəsi çətin olan və COVID-19-a daha çox yoluxma təhlükəsi olan bir çox insan var. Bu insanları qorumağın ən yaxşı yollarından biri həbsxanaları boşaltmaqdır. Bəzi ölkələr artıq bu tədbirləri həyata keçirməyə başlayıblar.


Son saatlarda Ədliyyə Nazirliyindən verilən məlumata görə, Penitensiar və tibb xidmətləri gücləndirilmiş iş rejiminə keçərək, məhkum və təqsirləndirilən şəxslərin yaxınları ilə görüşləri və sovqatların ötürülməsi məhdudlaşdırılıb, bütün əməkdaşların və məhbusların sağlamlığı daim nəzarətdə saxlanılmaqla gündəlik tibbi müayinəsi, termometriyası aparılır.

"Hazırda onların səhhəti normaldır və heç bir ciddi xəstəlik müəyyən edilməyib.
Bu sahədə vəziyyət nazirliyin aidiyyəti məsul işçilərindən və vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət monitorinq qrupu tərəfindən mütəmadi öyrənilir, habelə məhkum və həbs olunmuş şəxslərin qidalanmasına, ərzaqla təminatına, onların çeşidinə və keyfiyyətinə gündəlik nəzarət olunur. Eyni zamanda, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılaraq bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası bayram günlərində də fəaliyyətini davam etdirib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda məhkumların işləri öyrənilib, özləri ilə söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.
Məhkumların hüquqlarının qorunması məqsədilə növbətçi hakimlər tərəfindən həmin işlərə təxirəsalınmadan baxılaraq 200 məhkum azadlığa buraxılıb. Bayram günlərində öz ailələrinə qovuşan məhkumlar və onların yaxınları tərəfindən bu humanist institutun tətbiqi böyük sevinclə və dövlətə minnətdarlıq hissi ilə qarşılanıb. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.

Qaynarxett.az