backend

TƏBİB sözçüsü Rəvanə Əliyeva Facebook postuna görə tənqid olunur




Rəvanə Əliyevanın Facebook-da yazdığı postu qəzəb yaradıb
Azərbaycanda koronavirusa qarşı mübarizədə məsul qurumun təmsilçisinin sosial mediada vətəndaşları "məsuliyyətsiz" və "eqoist" davranışda ittiham etməsi tənqid və qəzəb doğurub.
Yerli medianın çap etdiyi və onlarla şərh və paylaşım gələn postun müəllifi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in sözçüsü Rəvanə Əliyevadır.
Rəvanə Əliyeva koronavirusun varlığına inanmayanlara xitabən "Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə" yazıb.
O BBC News Azərbaycancaya danışarkən statusunun qəzəbli reaksiya doğurmasından təəccübünü ifadə edib.
Bəs dövlət qurumunun təmsilçisi olan Rəvanə Əliyevanın belə bir status yazması təmsil etdiyi qurumun daxili qaydalarını pozmurmu, TƏBİB-in sosial media qaydaları nədir, bu qurumda işçilərin şəxsi postlar yazması necə tənzimlənir ?
Rəvanə Əliyeva deyir ki, TƏBİB ona belə bir qadağa qoymayıb. Onun sözlərinə görə, TƏBİB-də işçilərin sosial mediadan istifadəsi qaydaları sənədi yoxdur.
İşçilərin öz fikirlərini paylaşmasına gəldikdə isə, o bildirib ki, "şəxsi profilində şəxsi fikirlərini" paylaşıb.
Onun Facebook postunda sonra təmsil etdiyi qurum artan koronavirus halları, koronavirus testləri, xəstəxanada yerlərin olmamaması və ümumilikdə, karantin qaydaları barədə verilən qərarlarına görə tənqid edilib.
İki gün öncə atasının itirmiş jurnalist Seymur Kazımov Rəvanə Əliyevaya "insanları qınayan, alçaldan" postu ilə bağlı müraciət edərək ictimai şəkildə TƏBİB İdarə heyətinin sədri Ramin Bayramlıya "TƏBİB-in insanlara olan biganəliyi"nə dair açıq məktub yazıb.
Atasının 10 gün qızdırmadan əziyyət çəkdikdən sonra vəfat etdiyini və atasının "yarıtmaz səhiyyənin və bir qrup məsuliyyətsizin verdiy məntiqsiz qərarların qurbanı" olduğunu deyən jurnalist, Ramin Bayramlıdan səhiyyə sistemi ilə bağlı suallara cavab istəyib.