backend

“Hansısa sovetdən qalan tör-töküntülər...” - iki deputatdan ilginc açıqlama


Müharibəyə qədər Azərbaycanda “beşinci kolon”un ayrı-ayrı fazalarda “meydan suladığı” iddiaları səslənirdi. Ölkənin siyasi kulislərində - parlamentdə, strukturlarda, mediada, QHT-lərdə Rusiyaya bağlı şəbəkənin sistemli iş apardığı, Moskvanın təsirlərinin burada güclənməsi üçün dəridən-qabıqdan çıxdıqları bildirilirdi.

İqtidar mənsublarının da dilindən tez-tez “5-ci kolon” ifadəsini eşitmək olardı. Amma hakimiyyət nümayəndələri Qərbin buradakı “müdafiə korpusu”nu nəzərdə tuturdular. Əks cinah isə Kremlin bəzi dairələrinin “ beşinci kolon”ndan ibarət istehkam qurduğunu və öz siyasi maraqlarını Azərbaycanda təmin etməyə çalışdığını iddia edirdilər.

“Yeni Müsavat” bildirir ki, son günlərdə həmin şəbəkənin yenidən aktivləşdiyi barədə fikirlər səslənməyə başlayıb. Bu xüsusda deputat Rasim Musabəyovun Türkiyə sülhməramlıları ilə bağlı çıxışı nümunə göstərilir. Onun türk ordusunun Qarabağda yerləşməsinə qarşı çıxması “beşinci kolon”un dirçəlməsi kimi qiymətləndirilir. Bu cür iddialar nə qədər inandırıcıdır - söyləmək çətindir. Çünki müharibədə “beşinci kolon” deyilən qüvvə səsini çıxara bilmədi, həm də o səbəbdən ki, onların bağlı olduğu dairələr Azərbaycanın haqq işinə maneə olmadılar. Müharibədən sonra onların yenidən boy göstərməsinə hansısa “əsaslar”, hansısa “şərait” ola bilərmi?

Əgər Bakı və Moskva münasibətlərini yüksək səviyyədə təşkil edibsə, Kremlin siyasi kluarlarında olan qrupların Azərbaycandakı “qanadı” fəallaşdırmasının əhəmiyyəti nədən ibarət ola bilər? Ümumiyyətlə, bu şəbəkəyə xidmət edənlər hansı məqsədi güdür? Nə üçün Azərbaycanın inkişafını, qələbəsini istəmirlər?

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, ölkədə xarici dövlətlərə bağlı böyük güclərin olduğunu düşünmür. Deputatın fikrincə, heç bir qüvvə bundan istifadə edərək Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz: “Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, təhlükəsizliyini qorumaq üçün xalqımızın dəvəti ilə bura gəlir. Ona görə hansısa ”beşinci kolon", sovetdən qalan tör-töküntülər Azərbaycanda bir güc, bir mərkəz yarada, bu prosesin əleyhinə çıxa bilməz. Çünki bizim Türkiyə ilə qardaşlığımız, dostluğumuz ciddi əsaslara malikdir. Söhbət təkcə bir millət olmağımızdan, dilimizin və dinimizin eyni olmasından getmir, o cümlədən bizi birləşdirən başqa dəyərlər də var. Bu da iki ölkənin, xalqlarımzın münasibəti nəticəsində formalaşıb".

A.Mollazadə hesab edir ki, Azərbaycan və Türkiyə dünya üçün zəruri olan strateji sistem formalaşdırır: “Bura nəqliyyat, enerji sistemləri, sivilizasiyaların, mədəniyyətlərin əməkdaşlığını əhatə edən strategiya daxildir. O nöqteyi-nəzərdən hansısa keçmiş kommunist təfəkkürünə malik bir neçə nəfər xalqın iradəsinə qarşı heç nə edə bilməzlər”.

Deputat Vahid Əhmədov isə həmkarı Rasim Musabayovun Türkiyə hərbçilərinin Azərbaycana gəlməsinə qarşı səsləndirdiyi fikirlərinə sərt cavab verib. V.Əhmədov demokrat.az-a bildirib ki, Rusiyanın Azərbaycandakı “beşinci kolonu” yenidən fəallaşmağa başlayıb.

Onun sözlərinə görə, Vətən müharibəsi dövründə “beşinci kolon” Azərbaycan Ordusunun məğlub olacağını düşünürdü: “Ancaq Vətən müharibəsində Ordumuz düşməni darmadağın etdi, torpaqlarımız işğaldan azad edildi. Şübhəsiz ki, qələbəmiz düşmənlər kimi ”beşinci kolonu" da məyus edib. Onlar bunu gözləmirdilər. İndi “beşinci kolon”un yenidən fəallaşmasının səbəblərindən birid də məhz budur".

Deputat deyib ki, 44 günlük müharibədə qardaş türkiyənin Azərbaycana dəstəyi böyük olub: “Ümumiyyətlə, kimliyindən asılı olmayaraq Türkiyəyə qarşı bu cür yersiz fikirlər səsləndirmək yolverilməzdir. İndi Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. 44 günlük müharibə bir daha onu göstərdi ki, Türkiyədən olan qardaşlarımız sonadək yanımızdadırlar. Qardaş Türkiyə bütün istiqamətlərdə bizə dəstək oldu. Ona görə də qardaş Türkiyənin ünvanına xoşagəlməz fikirlər sələndirmək əsl azərbaycanlıya yaraşmaz. Hər kəs qardaş Türkiyə ilə bağlı danışanda fikirlərinə diqqət etməlidir.

Əksinə, biz çalışırıq ki, Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq daha da genişləndirilsin, Türk əsgərləri Qarabağa gəlsinlər, Şuşada, Laçında, Kəlbəcərdə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə dayansınlar. Hansısa deputat isə durub deyir ki, bu düzgün deyil. Axı niyə düzgün deyil?"

Deputatın sözlərinə görə, “beşinci kolon”un yenə dirçəlməsinə imkan vermək olmaz: “Bu adamları, Azərbaycandakı ”beşinci kolon"un başları ilə bərabər, birdəfəlik əzmək lazımdır! Artıq bunun vaxtı gəlib çatıb. Eyni zamanda Milli Məclisin İntizam Komissiyası da Türkiyə əleyhinə səsləndirilən fikirləri araşdırıb lazımı addım atmalıdır".

Qeyd edək ki, ilk dəfə “5-ci kolon” 1930-cu illərdə İspaniyada yaranıb. Vətəndaş müharibəsi zamanı general Frankonun təxribatçı qrupu belə adlanırdı. O vaxt Frankonun generallarından Emilo Mela paytaxt Madridə doğru yürüş zamanı demişdi ki, “biz 4 kolonla hücuma keçirik, 5-ci kolon isə düşməni içəridən dağıdacaq”.

Bu ifadənin praktik mənası “5-ci kolon”un vəzifəsinin həm agent fəaliyyəti ilə məşğul olmaq, həm təxribatlar yaratmaq deməkdir. Sonradan - ikinci cahan savaşı illərində alman faşistləri də müxtəlif ölkələrdə casusluq və təxribatlarla məşğul olan oxşar qruplar yaratmışdılar. Belə nasist qrupları da məhz “5-ci kolon” adlanırdı.