backend

Kiyevdə Xocalı soyqırımından bəhs edən film təqdim olundu

Ukrayna Azərbaycanlıları Radasının (UAR) təşəbbüsü və təşkilatçılığı ilə Xocalının 29-cu ildonümü ərəfəsində Kiyevin "Jovten" kinoteatrında Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" sənədli filmi təqdim edilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə filmin rejissor və prodüseri Aleksandr Brokas, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, "Ukrpoçt" Aksioner Cəmiyyətinin Müşahidə Şurasının sədr müavini Fərid Səfərov, UAR-ın həmsədrləri Oleq Krapivin, Hikmət Cavadov, UAR-ın baş katibi Cəlal Hüseynov və başqa şəxslər iştirak ediblər.
Ümumilikdə 100 nəfərə yaxın tamaşaçının iştirak etdiyi film təqdimatı Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlanıb. "Sonsuz dəhliz" filmində də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum etməsindən və dinc sakinləri kütləvi şəkildə qətlə yetirməsindən bəhs olunur. Film süjetlərdən və litvalı jurnalist Riçard Lapaitisin Xocalı faciəsinin şahidlərindən aldığı müsahibələrdən ibarətdir.
A.Brokas əlavə edib ki, sənədli ekran əsəri üzərində iş 2009-cu ildə başlayıb. Filmin ərsəyə gəlməsinə 5 il sərf olunub və həmin müddət ərzində təxminən 150 saatlıq hərbi xronika işlənib.