backend

Azərbaycan təhsili bu gün: Orta təhsil haqqında şəhadətnaməni NECƏYƏ ALMAQ OLAR?

Azərbaycan – bir vaxtlar təhsil səviyyəsinə görə dünyada birinci yeri bölüşən iki ölkədən birinə – SSRİ-yə daxil olan Respublika. Təhsil hər bir xalqın, onun yaratdığı dövlətin inkişafını təmin edən amildir. Məhz mövcud təhsil ixtisaslı kadrların yetişməsini, bu kadrların cəmləşdiyi elmi-təqdiqat institutlarının fəaliyyətini, bu fəaliyyət isə yeni-yeni elmi kəşflərin edilməsini şərtləndirir. Bu şərtlərin təminatı isə uşaq bağçasından, ən əsası isə orta məktəbdən başlayır.

Orta məktəb nədir? Bəlkə də bir çoxları üçün bu sual qəribə görünəcək. Mümkündür. Sözsüz ki, təhsil haqqında lazımi tərzdə düşünənlər – Şəxsiyyəti formalaşdıran ən əsas amillərdən biridir! – deyə cavab verəcəklər. Bəs şəxsiyyətin formalaşmasını təmin edənlər kimlərdir? Sözsüz ki, müəllimlər...

Deyilənlər təhsil, o təhsili verən və hər bir fərdin şəxsiyyət kimi formalaşmasını təmin edən müəllimlər haqqındadır. Bəs müasir Azərbaycanda real vəziyyət necədir? Orta məktəblərdə vəziyyət, burada təhsilin səviyyəsi necədir? Sözsüz ki, - Hər şey göz qabağındadır! – deyənlər də, - Azərbaycan ən yüksək inkişaf səviyyəsinə çatıb! – deyənlər də olacaq. Bu iki fikir söyləyənlərin hansı kateqoriyalara aid etməyi oxucuların ixtiyarına buraxırıq. Bizim məqsədimiz Azərbaycanda orta məktəblərdə hökm sürən hazırki vəziyyətə, bu vəziyyətdə təhsilin real səviyyəsinə nəzər salmaqdır. Güman edirik ki, övladları orta məktəblərdə təhsil alan vətəndaşlar bu məqalədə yazılanlar içində məktəblərlə əlaqədar rastlaşdıqları məqamları görə biləcəklər. Sözsüz ki, biz ancaq mənfi olanı görmürük. Yaxşı olanı da görürük. Lakin mənfi olanlar barədə danışmasaq, onlar aradan qalxmayacaq və öz yerini müsbətə verməyəcəklər.

Bəli, biz bütün reallıqları ilə bəzən çoxlarını özündən çıxaracaq bir mühitin məvcud olduğu Azərbaycanda yaşayırıq. Güman edirik ki, bu fikrimizlə razılaşanlar daha çoxdur. Bəs bu mühiti çoxlarını özündən çıxaracaq səviyyəyə çatdıran nədir? Sözsüz ki, bu, bütün sahələrdə olduğu kimi, təhsildə də addımbaşı rast gəlinən rüşvətdir. Hansı səbədən olduğunu bilməsək də, rüşvət Azərbaycanda vəzifədə olan bütün dövlət məmurlarının, o cümlədən orta məktəb direktorlarının (həmçinin uşaq bağçaları rəhbərlərinin – red.) ən sevimli məşğuliyyətinə çevrilib. Valideyn olan kəs övladı orta məktəbin birinci sinfinə qədəm qoyandan müxtəlif məbləğlərdə “şirinlik” verməyə məcbur olur. Belə “şirinliklərə” məktəbə qəbul üçün 300-500 AZN (bəzi məktəblərdə daha yüksək məbləğdə - red.), şagirdin daha yaxşı müəllimin sinfinə yazılması üçün əlavə daha 200-300 AZN, məktəbin dövlət təminatında olmasına baxmayaraq təsərrüfat və təmizlik təyinatlı vasitələrin alınması üçün “ödənişləri”, ibtidai sinifdən sonra sinif nümayəndəsi seçilməsi üçün, “fənn kabinələrinin tərtibatı üçün ödənişləri” və s. və i.a. Bu kimi ödənişlərin sayı və məbləğlər məktəbin, həmçinin onun direktorunun “nüfuzuna” görə dəyişə bilir.

2021-ci il məktəblərdə alınan “şirinliklər” siyahısına daha birinin əlavə edilməsi ilə əlamətdar xarakter daşıyır. Bu, buraxılış siniflərində natamam və tam orta təhsil haqqında şəhadətnamələrə görə alınan “ödənişdir”. Bu “ödəniş” məbləği 600 AZN-dən başlayır. Yəni, övladı savadına görə minimumlara cavab verməyən valideynlər bu məbləği ödəmək məcburiyyətindədirlər. Sözsüz ki, orta təhsil haqqında şəhadətnamə olmadan məzunun hansısa ali təhsil müəssisəsində tələbə adı alması mümkün deyil. Bu səbədən də valideyn qeyd olunan məbləği ödəməli olur. Ancaq məntiqlə yanaşsaq, valideyn orta təhsil haqqında şəhadətnamə üçün həmin məbləği ödəməyə də bilər. Bunu etməzsə, o, növbəti mərhələdə övladının ali məktəbə (əsasən xarici ölkələrdə - red.) qəbul edilməsi, onun hər yarımillik tədris dövrü üçün imtahanlara, sonda isə alınacaq diplomun Azərbaycanda “tanıdılmasına” görə “ödənişlərdən” azad ola bilər. Lakin azərbaycanlı olan valideyn – Övladıma təhsil verməliyəm! – deyə fikirləşir və qeyd edilən bütün bu ödənişləri edir. Bütün bunlar məlum və aydındır. Aydın olmayan orta ümütəhsil məktəbləri ilə pararlel elə orta ümümtəhsil məktəblərində tədris edilən fənnləri öyrətməklə məşğul olan hazırlıq kurslarının çox sayda mövcudluğudur. Kurslarla yanaşı, elə həmin məktəblərin müəllimləri tərəfindən həyata keçirilən reprtitor xidmətləri də mövcuddur. Təsəvvür edin – şagird günortayadək məktəbə dərsə gedir, məktəbdən sonra isə elə eyni fənnlər üzrə məktəb müəllimlərinin yanına hazırlığa gedir. Valideyn əvvəldə qeyd edilən “ödənişlərlə” yanaşı hazırlıq üçün də pul xərcləməli olur. Belə demək olarsa, şagird orta məktəbi paralel şəkildə iki dəfə oxuyur.

Qeyd olunanların oxucular tərəfindən təkzib ediləcəyini düşünmək sadəlövhlük olardı. Açıq-aşkar olanı təkzib edəcək şəxslərə isə öz hərəkətlərinə özlərinin qiymət verməyi yaxşı olmazmı? Ona görə də, bu missiyanı onların öz öhdəsinə buraxmaq məsləhətdir. Son iki gündə baş verən bir maraqlı hal isə çox diqqətçəkən oldu. 36 №-li tam orta məktəbdə orta təhsil haqqında əhadətnamə alınması üçün bəzi valideynlərdən 600 AZN məbləğində “ödəniş” tələb olunması haqqında saytımızda dərc edilən məqalədən sonra, əldə etdiyimiz məlumatlara görə, valideynlərin verdiyi məbləğ geri – özlərinə qaytarılıb. Bu yaxşı haldır. Eyni zamanda, məktəbin direktoru Emilya Səfərəliyeva tədris kollektivi və valideynlərin iştirakı ilə iclas keçirərək pul vəsaitini valideynlərə qaytarılmasını təmin etmiş və valideynlərə - Mən sizin uşağınızın attestat almağına kömək edirəm, siz də pul alındığını hansısa saytlara xəbər verirsiniz. İndi uşağınız öz biliyinə attestat alsın! – deyə müraciət etmişdir. Məqalədə qeyd olunan halların təkcə 36 №-li məktəbdə baş vermədiyi də bildirilirdi. Söz açdığımız məktəbin attestat alınması üçün pul yığılması məsələsində tək olmadığı fikrini saytların birində dərc olunan məqalədə də təsdiqlədi. Belə ki, eyni halın tüğyan etdiyi haqda fikirləri 258 №-li tam orta məktəbə də aid etməyin mümkün olduğu üzə çıxdı. Çox da böyük vaxt aparmayacaq araşdırma aparılsa, yəqin ki, belə məktəblərin siyahısını artırmaq çətin olmaz.

Rüşvət – bu gün hər addımda və hər bir Azərbaycan vətəndaşının rastlaşdığı reallıq. Bəs rüşvəti alan kimdir? Azərbaycan vətəndaşları və azərbaycanlılar. Söhbət açdığımız təhsil sahəsində rüşvətin vüsət almasına səbəb nədir? Tarixini bilməyən, kökünü tanımayan, savadsız, öz hüquqlarını bilməyən kütlənin yetişdirilməsimi? Orta məktəbdə öz işini lazımınca görməyib, - Qoy gəlib evimdə hazırlaşsın, mən daha çox pul qazanım! – deyə fikirləşən müəllimlər kimlərdir? Yəqin ki, onlar da azərbaycanlılardır. Ancaq daha çox qazanmaq, öz övladlarını, ailəsini yaxşı təmin etmək üçün vicdanını və əqidəsini pula satan azərbaycanlılar... Bəs onları öz vicdanını və əqidəsini qazanc naminə satmağa məcbur edən nədir? Sözsüz ki, yüksək iqtisadi və sosial inkişaf səviyyəsinə çatdığı deyilən Azərbaycan. Reallıq budur.


Rəşad MƏMMƏDOV, 
Qaynarxett.az