backend

Laçının icra başçısına AĞIR İTTİHAM - "Aqil Nəzərli bizə külli miqdarda pul verəcəyini deyir"

“06.12.2019-cu ildə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təhdidlərindən bezərək, məktub yazaraq intihar edən qardaşım Müqabil Baxışovun ölümü ilə bağlı açılmış cinayət işi, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Ağır cinayətlərə dair işlər idarəsinə göndərilmişdir. Artıq bir il səkkiz aydır ki, bu cinayət işi üzrə araşdırmalar davam edir. Çox acınacaqlı haldır ki, bu cinayət əməlinin Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən törədilməsini təsdiq edən kifayət qədər dəlil-sübutlar, səsyazmalar, video görüntülər və s. olmasına baxmayaraq cinayət işi yekunlaşmamış və ümumiyyətlə cinayət işi barədə Baş Prokurorluq bizə heç bir məlumat verməmişdir”.

Bu haqda mərhum Müqabil Baxışovun qardaşı İntiqam Baxışov tərəfindən “Hürriyyət”in redaksiyasına göndərilən məktubda bildirilir.

Şikayətçi qeyd edir ki, bu məsələ ilə bağlı ölkə rəhbərliyinə müraciəti də cavabsız qalıb: “Açılmış cinayət işi ilə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Ağır cinayətlərə dair işlər idarəsinə ünvanladığımız yüzlərlə teleqram və ərizələrimiz cavabsız qalır. Heç bir orqandan cavab ala bilmirik. Bildirmək istəyirəm ki, bir neçə ay bundan əvvəl sizin kanal (Hurriyyet TV – red.) vasitəsi ilə Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin qaynatası, vaxtilə vətənə xəyanətdə ittiham olunan Vaqif Cavadovun mənimlə telefon danışığını açıqlamışdım. Hansı ki, o, bu cinayət əməlinin Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən törədilməsini təsdiq edən bəzi rəsmi faktları açıqlamadığım və hətta şikayətçi olmadığımız halda tərəfindən istədiyimiz qədər bizə pul veriləcəyini bildirib. Belə olduğu halda, sual olunur: əgər Aqil Nəzərli günahkar deyildirsə, onda nə üçün istənilən qədər pul verməyi təklif edirlər.

Hörmətli redaksiya!

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Laçın rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli qardaşımın ölümündə birbaşa günahkardırlar. Digər tərəfdən, hal-hazırda ailəmiz Zakir Fərəcov, Vaqif Cabbarov və Aqil Nəzərli tərəfindən təhdid olunmaqdadır. Qardaşımızın ölümündən yan keçməyimiz üçün bütün imkanlarından istifadə etməklə, bizi təzyiq altında saxlayırlar. Laçın rayonunda hüquq mühafizə orqanları Aqil Nəzərlinin sifariş ilə işləyirlər.

Heç şübhə etmirəm ki, yuxarı orqanlara yazdığımız ərizələrin cavabsız qalması və ünvanına çatmaması Zakir Fərəcovun göstərişi ilə Məktublar şöbəsindən götürülərək gizlədilir.

Odur ki, düşdüyümüz bu ağır vəziyyəti nəzərə alaraq, haqq səsimizin ölkə başçısı, cənab İlham Əliyevə çatdırılmasında bizə köməkdarlıq etməyinizi xahiş edirəm”.

Redaksiyadan: Mövzu ilə bağlı rəsmi qurumların və yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə çalışacağıq. //“Hürriyyət” qəzeti//